Avropa Parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat verib



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Avropa Parlamentində (AP) yeni yaradılmış “Azərbaycanın
Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı
ildönümü ilə bağlı bəyanat qəbul edilib.

Milli Məclisdən Publika.az-a verilən məlumata
görə, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa
Parlamentinin Latviyadan olan deputatı, AP Xarici əlaqələr
komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri
Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı
qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk
sənəddir.

Bəyanatda Azərbaycan xalqının 1992-ci il 25 fevraldan 26 fevrala
keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi,
nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70
yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması
və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapıb. Sənəddə AP
üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin
yaxınlarına baş sağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik
olduqlarını bildirir və Xocalı faciəsi kimi insanlıq əleyhinə
yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı
qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.

Bəyanatı şərh edən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq
Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul edilən bəyanatın 26 il
əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımına
beynəlxalq təşkilatlar tərəfindən gərəkli qiymətin verilməsi üçün
atılan mühüm addım olduğunu bildirib: “Avropa Parlamenti mütəmadi
olaraq həm Avropa qitəsində, həm də bütövlükdə dünyada baş verən
hadisələrə öz rəyini bildirir və belə bir qurumun 22 üzvü
tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş
cinayətlərə siyasi qiymət verilməsi, bu cinayət nəticəsində
həyatını itirənlərin və onların ailələrinin yad edilməsi, əlbəttə
ki, vacib hadisədir. Hazırda Avropa Parlamentində 28 ölkə 8 siyasi
qrupla təmsil olunur. Bəyanatı imzalayan üzvlərin 28 ölkədən 13-nü
və 8 siyasi qrupdan 6-sını təmsil etməsi də bu mənada mühüm
göstəricidir”.

Millət vəkili daha sonra deyib: “Xocalıda həyatını itirmiş əziz
soydaşlarımızın ruhu və onların sağ qalan ailə üzvləri qarşısında
bizim ən böyük borcumuz həqiqətləri dünyaya çatdırmaq, dünya
birliyinin o gecə Xocalıda baş verən qətliamı adı ilə çağırmasına
nail olmaqdır. AP üzvlərinə həqiqətlərimizin çatdırılmasını
sistemli şəkildə elə təmin etməliyik ki, erməni lobbisinin və bu
lobbinin təsiri altında fəaliyyət göstərən bir qrup AP üzvünün
ölkəmiz əleyhinə apardığı qərəzli anti-Azərbaycan fəaliyyətinin
qarşısı alınsın. Bu mənada, Avropa Parlamentinin üzvləri tərəfindən
qəbul edilən bəyanat çox mühüm bir addımdır. AP üzvlərinin
Azərbaycanı daha yaxından tanıması və ölkəmizlə bağlı həqiqətləri
öyrənərək müvafiq addımlar atması üçün komitəmizin üzvləri bundan
sonra da fəal şəkildə iş aparacaqlar”.

Avropa Parlamenti üzvləri tərəfindən qəbul edilən bəyanatı
yüksək qiymətləndirən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq
Komitəsinin üzvü, millət vəkili Azər Kərimli isə bildirib ki, bu
bəyanat münasibətlərin bərpasından sonra keçən son bir ildə Avropa
Parlamentinin üzvləri ilə aparılan intensiv və məqsədyönlü işin
nəticəsidir və Azərbaycan Parlament diplomatiyasının növbəti
uğurudur.

Millət vəkili bəyanatın Avropa Parlamentində yenicə yaradılmış
“Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən irəli
sürülməsini və dəstəklənməsini vurğulayaraq deyib ki, bu həmçinin
AP nəzdində dostluq qrupunun yaradılmasının nə qədər doğru və vacib
addım olduğunu bir daha göstərir. Deputatımız onu da qeyd edir ki,
bu sənəd gələcəkdə qəbul ediləcək daha mühüm sənədlər üçün bir əsas
olacaqdır və bunun üçün daha çox çalışmaq, beynəlxalq parlament
qurumları ilə daha sıx əlaqələr qurmaq vacibdir: “… Hazırda
dünyada parlament diplomatiyasının rolu və əhəmiyyəti artır. Bunu
nəzərə alaraq Milli Məclisin müvafiq təşkilatlarla işləyən
nümayəndə heyətləri, o cümlədən Avropa Parlamenti ilə münasibətdə
olan bizim nümayəndə heyətimiz mümkün bütün vasitələrlə əlaqələrin
daha intensiv xarakter almasına, əməkdaşlığın genişləndirilməsinə
çalışır. Düşünürəm ki, bu məqsədyönlü iş tezliklə daha çox və daha
ciddi nəticələr verəcəkdir”.

Xocalı faciəsi ilə bağlı bəyanat ümumilikdə Avropa Parlamentinin
13 ölkəni (28 ölkədən) və 6 siyasi qrupu (8 qrupdan) təmsil edən 22
üzvü tərəfindən, o cümlədən qurumun vitse-prezidenti – Andrey
Mamikins (Latviya), Norika Nikolai (Rumıniya), İveta
Grigule-Peterse (Latviya), Ramona Manesku (Rumıniya), Xavier Nart
(İspaniya), Tomaş Zdeçovski (Çexiya), Hannu Takkula (Finlandiya),
İvo Vayql (Sloveniya), Angelo Çiokka (İtaliya), Lorenzo Fontana
(İtaliya), Mark Tarabella (Belçika), Kristian Buşoi (Rumıniya),
Alberto Çirio (İtaliya), Boris Zala (Slovakiya), Aldo Patriçiello
(İtaliya), Yana Toon (Estoniya), İlhan Küçük (Bolqarıstan), Franz
Obermayr (Avstriya), Valentinas Mazuronis (Litva), Heydi Hautala
(Finlandiya), Angel Cambazski (Bolqarıstan) və Salvo Poglieze
(İtaliya) tərəfindən imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp