“Allah içi mən qarışıq baiskarın evini yıxsın”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

1997-ci il fevralın 21-də böyük alim akademik Ziya
Bünyadov qətlə yetirilib. “Yeni Müsavat”ın müxbiri akademikin
qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş
Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb
müsahibə alıb.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki,
həbsxanadadır. O, 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə
tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə
saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov
da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu
gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl
törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

(Əvvəli burada )

***

Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan
oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda
yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı
yoxdur. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz…

Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış
çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir.
Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli
qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın
əynindəki nimdaş gödəkçənin qolları arasından qandal
parıldayır…

Bu, odur – ömürlük məhbus Nizami Adil oğlu Nağıyev. Yaşadığı
binanın blokunda akademik Ziya Bünyadova bıçaqla xəsarət yetirən
Bakı sakini, Azərbaycan vətəndaşı. Onunla həbsxanada görüşən “Yeni
Müsavat”ın müxbirinə hər şeyi anladır…

“Onu vurub öldürdük, ailəsini başsız
qoyduq”

ziya 1.jpg (321 KB)

Nizami Nağıyev atası Adil Nağıyevlə

– Atam məhkəməyə gələndə baxdım ki, özündə deyil. Düşündüm ki,
hər şeyi olduğu kimi danışsam, infarkt keçirəcək, ya da insult
olacaq. Onsuz da bir insanın ailəsini bədbəxt eləmişik, bu da belə
olsun istəmədim.

“Əclaflar bizi oyuna salıb bizim də, Ziya Bünyadovun da
həyatını məhv etdilər”

– Kimi bədbəxt etdiyinizi nəzərdə tutursuz?

– Ziya Bünyadovun ailəsini. Onu vurub öldürdük, ailəsini başsız
qoyduq. Atam mənə yaxınlaşanda, dedi ki, bu işi eləmisənsə, düzünü
de. Üzünə baxdım, özündə deyildi, düzünü demədim. Dedim xəbərim
yoxdur, kriminalist Rövşən Əliyev bu işi boynuma qoyub, bu iş
mənlik deyil. Bir az da ailəm üçün qorxdum. Düşündüm ki, o tərəf
ailəmə xətər yetirə bilər.

– Kimi nəzərdə tutursuz?

– Kimlərlə birgə idim onları.

“Atam da günahsız olduğumu düşünüb qəzetlərə şikayətə
gedirdi”

-Onlar sizə nə edə bilərdilər ki?

– Gəldilər, Bakının ortasında belə bir iş gördülər, sakitcə
çıxıb getdilər. Bundan da real güc olar? Mən nə bilim ki, onlarla
kimlər var? Bunu bilə bilməzdim axı.

– Yəni sizə bir işarə verən olurdu ki, sizin dəstədən də
başqa adamlar var?

– Bunu ancaq Tariyel bilə bilərdi. O da bizə bir söz demirdi.
Biz “pexota” idik, deyirdilər get qabağa, biz də gedirdik.

– Həbs ediləndən sonra istifadə etdiyiniz bıçağı, silahı
götürdülər?

-Yox, Cavanşirgil paltarları yandırmışdılar, bıçağı, silahı yoxa
çıxarmışdılar. Maşınların təkərlərini də söküb yandırmışdılar ki,
izinə düşüb maşınları tapan olmasın.

– Məhkəmədə də olanları danırdız, etiraf
etmirdiz?

– Hə, atam məhkəmədə də üstümə düşdü, ona həqiqəti deyə
bilməzdim. Necə deyim ki, sənin oğlun belə bir işin altına girib?
Atam icra başçısı idi. Mənə görə onu, qardaşlarımı işdən
çıxarmışdılar. Bu gün də işsizdirlər. Atam da günahsız olduğumu
düşünüb qəzetlərə şikayətlərə gedirdi.

ziya 2.jpg (212 KB)

Nizami Nağıyev

– Necə oldu ki, həqiqəti atanıza dediz?

– Gördüm ki, ora-bura şikayətə çox gedir. O vaxtlar yanıma
gəlmirdi. Çağırdım, nə var hamısını ona dedim. 2009-cu ilin sonu
idi. Dedim ki, onu-bunu günahlandırmayın, haqq-hesab belə olub.
Hamı bunu hökumətin üstünə atırdı. Qəzetlərə də bu məlumatlar
çıxırdı.

“Nəsrullah, İran gəlib deyər ki, bunu biz
etmişik?

– Ötən 18 ildə düşünüb-daşınmağa kifayət qədər varxtınız
olub. Sizcə, Ziya Bünyadovun qətli ilə Moisey Kalankatuklunun
“Albaniya tarixi” kitabını dilimizə tərcümə etməsi arasında bir
əlaqə olub?

– Mən bunu bilə bilməzdim. Biz icraçılar idik. Aldadılmış
icraçılar. İnanmıram ki, dəstədə kimsə də bunu bilirdi.

-Yeni tutulanda üzvü olduğunuz təşkilatın sizi həbsdən
qurtara biləcəyinə ümidiniz vardı?

– Tariyelə inanırdım. Amma kim gəlib deyərdi ki, bunu biz
etmişik? Nəsrullah, İran gəlib deyər ki, bunu biz etmişik?
Tutuldun, deməli məhv olub getdin.

– Namaz qılırsız?

– Namaz qılıram, oruc tuturam.

– Uşaqlarınız necə, ibadət əhlidirlər?

– Uşaqlarım namaz qılırlar. Amma onlara məscidə getməyi qadağan
etmişəm.

– Niyə?

– Mənim başıma bu müsibətlər məsciddən gəldi də. Mən ora gedib
girməsəydim, bu işlərə də qoşulmazdım. Böyük oğlum namaz qılır,
kiçiyi idmançıdır.

“Özümə sual verirəm – kimə görə, nəyə görə sən
burdasan?”

– Təsərrüfatınız qalır?

– Atam bir inək alıb-verib. Ötən 18 ildə yanıma gəlib getmək
üçün parnikimin bütün turbalarını söküb satıblar. Həyət-bacada
toyuq-cücə var, birtəhər dolanırlar. Mən də burda. Bir əlimdir, bir
də başım. Gözümü açıram, pəncərədən çölə baxıram. Özümə sual
verirəm – kimə görə, nəyə görə sən burdasan? İçim yanır. Özümü,
Tariyeli, Nəsrullahı söyməkdən başqa əlimdən heç nə gəlmir. Nə
qədər özümü söyüm, nə edim. Nə edim? Baxırsan ki, generallar da
səhv edir. Burada kimlər olmayıb ki? 1992-ci ildə kor-koranə gedib
bunların əlinə düşdük. Hərdən baxıram, cavan-cavan uşaqlar gedib
İŞİD-ə qoşulur. Bədbəxtdirlər. Dünyanın ən bədbəxt adamlarıdırlar.
Ailələrini də yığıb özləri ilə aparırlar. O vaxt bizlərin interneti
yox idi. Sosial şəbəkələr yox idi. Dünyadan bixəbər idik. İndi isə
belə deyil axı. Bağdadi ilə bağlı məlumatları eşidirik. Bu adam
Amerika həbsxanasında olub. Necə olub azad edilib? Necə olub gedib
Afrikaya çıxıb? Bu haradan mömin oldu? Hamısı xüsusi xidmət
orqanlarının işidir. Bağdadi bir gün onlara lazım olmayacaq və
aradan götürəcəklər.

“Əclaflar bizi oyuna salıb bizim də, Ziya Bünyadovun da
həyatını məhv etdilər”

– Yəni indi gedişatı saf-çürük eləmək üçün imkanlar
var?

-Əlbəttə var. Hər şey göz qabağındadır. O dövr belə deyildi. Mən
haradan hara gəlib çıxdım? Ailəmi, atamı, qardaşlarımı haradan hara
gətirib çıxardım? Qoşulmasaydım, ailəm harada idi, indi haradadır?
İmkansızlıqdan bu gün görüşlərin çoxuna çıxa bilmirəm. Uşaqlara da
deyirəm ki, məni düşünməyin, mənim də qismətim belə oldu. Mən nəyi
qaytara bilərəm ki? Nəyi dəyişə bilərəm? Gərək elə iş görəsən ki,
sonra kaş ki, belə etməzdim deməyəsən. Mahir də 2 uşaqla elə
bədbəxt oldu. Narxozu qırmızı diplomla qurtarmışdı. Yaşlı anası
var. Əclaflar bizi oyuna salıb bizim də, Ziya Bünyadovun da
həyatını məhv etdilər.

– Tariyellə Cavanşiri nəzərdə tutursuz?

-Bəs kimi deyirəm? 18 ildir ki, yoxdurlar. Ailələrini də götürüb
gediblər o tərəfə. Atam da deyir ki, onları da tutun. Deyirlər ki,
İran tərəfi deyir ki, bizim ərazidə yoxdurlar.

-İrana keçmələri təsdiqlənib?

– O vaxt qəzetlər yazmışdılar ki, qeyri-qanuni İrana
keçiblər.

“Ziya Bünyadovun ailəsindən, yaxınlarından üzr
istəyirəm”

– İmkanınız olsaydı, nələri dəyişərdiz?

“Böyüyünün 31 yaşı var artıq. Mən tutulanda 12 yaşı
vardı. Balaca 6 yaşında idi. İndi 24 yaşı var. Deyirəm evlən, deyir
ki, sən çıxmasan evlənən deyiləm”

İlgili resim

– Ziya Bünyadovun ailəsindən, yaxınlarından üzr istəyirəm. Allah
içi mən qarışıq baiskarın evini yıxsın. Allah Tahirə xanıma rəhmət
eləsin. O, ölümündə əvvəl mənim günahlarımı bağışlamışdı,
prezidentə də məktub yazmışdı. Ziya Bünyadovun yaxınlarından xahiş
edirəm, imkanları varsa, Tahirə xanımın yolu ilə getsinlər, bizi
bağışlasınlar. Bilirəm ki, böyük bir günah etmişəm. Bizi
aldatdılar. Onu Aydın kimi təqdim etdilər, barəsində bizə çox
yalanlar dedilər. Biz cavan, təcrübəsiz olduq. Siyasi, dini, hüququ
savadımız da olmadı ki, vəziyyətdən çıxa bilək. Sovet hökuməti yeni
dağılmışdı. Çox adam vəziyyətdən baş çıxara bilmirdi. Heydər Əliyev
Azərbaycana qayıdanda bir çox ziyalılar belə ona yuxarıdan aşağı
baxırdılar, anlamırdılar ki, nə baş verir. 1990-cı ildə o rəhbər
olsaydı, Azərbaycanın vəziyyəti bir başqa olardı. OMON-çular,
əlikramçılar, sadvalçılar, avarlar, Hizbullahçılar, Ceyşullahçılar,
İŞİD-çilər, bozqurdlar… Daha kimlər yoxdur burada? Kim ala
biləcəkdi bunların qabağını? Ətrafımızda salamat müsəlman ölkəsi
var? Yoxdur. Hamısı darmadağındır. Hamısında aləm bir-birinə
qarışıb. Azərbaycanda isə sabitlikdir.

“Uşaqdır, bilmir, ağlı kəsmir ki,
dustağam”

-Azadlıq haqda fikirləşirsiz?

– Ümid edirəm, fikirləşmirəm. 3 nəvəm var. 25 illik hədd
qoyublar. Ümid edirəm. Ürəyim xəstədir, bəlkə sağ qaldım. Bəlkə
ömürlük üstümdən götürülər. Bir istəyim var – azadlıq. Balalarımın
əllərindən öpmək istəyirəm azadlıqda. 3 nəvəm var. Böyük nəvəmin
adı Əlidir, kiçiyinin adı Cəfərdir. Birinin da adı Məryəmdir. Böyük
nəvəm gəlir, deyir ki, baba, əsgərlərlə işləyirsən burda? Uşaqdır,
bilmir, ağlı kəsmir ki, dustağam. Bilmir.

-Uşaqlarınıza nəyə görə həbs edildiyinizi
deyiblər?

-Bilirlər. Böyüyünün 31 yaşı var artıq. Mən tutulanda 12 yaşı
vardı. Balaca 6 yaşında idi. İndi 24 yaşı var. Deyirəm evlən, deyir
ki, sən çıxmasan evlənən deyiləm. Nə cür evlənim deyir.

– Azad edilsəz, nə işlə məşğul olacaqsız?

– 54 yaşım var, ürək xəstəsiyəm. Nə işlə məşğul ola bilərəm?
Yəqin gedib yenə də torpaqda işləyib, mal-qara saxlayacağam. Başqa
nə edə bilərəm?

-Cəzanızın müddətli cəza ilə əvəzlənməsi üçün müraciət
edirsiz?

-Mən də yazıram, atam da yazır. 3 dəfə ərizə yazmışam. Alıb
aparıblar. Ümid edirəm. Vəssalam.

“Mahir də mənim kimi gəlib məscidə namaz qılmağa, düşüb böyük
bir zibilin içinə, ömrü çürüyür gedir”

-Mahirlə münasibətiniz var?

-Bir kamerada qalırıq.

-O nə fikirləşir, nə deyir?

– Ağlayır. O tutulanda uşağının 3 yaşı vardı. Anası qocalıb.
Qabağında ata yox, qardaşı xəstə. Bir qaynatası var, o gəlib-gedir
dalınca. “Narxoz”u qırmızı diplomla qurtarıb, gəlib oturub burada.
Onun atası “Narxoz”un müəllimi olub, 90-cı ildə rəhmətə gedib.
Mahir də mənim kimi gəlib məscidə namaz qılmağa, düşüb böyük bir
zibilin içinə, ömrü çürüyür gedir. 22 yaşında düşüb bu oyunun
içinə. 18 ildir ki, o söyür, mən söyürəm. O başına vurur, mən
vururam, başqa nə edək?

Həbsxana ile ilgili görsel sonucu

“Özümə bəraət qazandırmıram. İstəyirəm 90-cı illər
nəzərə alınsın”

– Mahir tutulanda nə işlə məşğul olurdu?

-Taksi sürürdü. Tariyel hamilə yoldaşını bunların ümidinə qoyub
aradan çıxıb. O da baxırmış. Mahiri də evində tutmuşdular. Mahir
biz birinci dəfə ora gedəndə yox idi. İkinci dəfə gedəndə elə bil
ki, əcəl onu dartıb gətirmişdi. Yəni onu özümüzlə aparmaq planı yox
idi. Özü durub gəlmişdi. Soruşduq, dedi ki, gəldim görüm nə
edirsiz. Tariyel də dedi ki, gəlmisən, get sən də, maşında
oturarsan, motoru söndürməzsən. Hava soyuq idi, dedilər ki, motoru
söndürərsiz, birdən sonra işə düşməz. Həmin gün qar yağmışdı. Onun
da ailəsi belə bədbəxt oldu. 2 uşağı var, hər ikisi universitetdə
oxuyurlar. Çətindir. 18 il yollarda qalmaq asan deyil. Ailələrimiz
gəlib-gedə bilmirlər. Yoldaşım ürəyindən əməliyyat olunub. Ona görə
gələ bilmir. Oğlanlarım gəlir. 54 yaşında belə bir durumdayam. Tək
ümidim göydə Allaha, yerdə prezidentimizədir. Onun ədalətinə
sığınıram. Bilirəm ki, bu işi etməməli idik. Özümə bəraət
qazandırmıram. İstəyirəm 90-cı illər nəzərə alınsın. O boyda
ziyalılar səhv edirdilər. Milli təhlükəsizlik naziri Nəriman
İmranov mənimlə qonşu kamerada yatıb. Surət Hüseynov burada idi.
Müzamil Abdullayev, Natiq Əfəndiyev, Zakir Nəsirov, Kamil
Sədrəddinov, KQB-nin bir zabiti var, bir müstəntiq var… Buradan
xeyli adam keçib. Biz bədbəxtlər birdən-birə düşdük din adından
alver edənlərin təsiri altına, başımızı yedilər. Bir daha təkrar
edirəm, tək ümidim göydə Allaha, yerdə prezidentimizədir. Onun
ədalətinə inanıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp