Supermarketlər bizi necə tələyə salırlarlar? – BU BİLGİ SİZƏ PUL QAZANDIRACAQ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Supermarketdən alış-veriş bəzən bizə sters atmaq kimi
gəlir. Çünki stresi əvvəlcə pul qablarımız “yaşayır”, ayın sonuna
doğru özümüz. Maraqlıdır, ehtiyacımız olmayan məhsulları almaq
beynimizin yoxsa, süpermarketlerin oyunudur? Kifayət qədər cavabı
çətin sualdır. Lakin gəlinən nəticə odur ki, biznes dünyasının
satışları artırmaq üçün istifadə etdiyi merçendayzinqin ağır
nəticələrini hər birimiz cibimizdə hiss edirik. Hər dəfə
supermarketdən qayıdanda sanki ciblərimiz ağlayır. Bazarlıq
səbətinə nəzər yetirib “bunların hamısı zəruri idimi” deyə özümüzə
az sual verməmişik. Bəs bundan çıxış yolu nədir? Problemi
araşdırmağa çalışdıq.

Çörək almaq adi ilə marketə girib, cibi boş
çıxmaq

Süpermarketlerin çoxu sizin marketin içində dövrə vurmanızı
təmin edəcək şəkildə dizayn edilir. Bu ideyanın müəllifi IKEA-dir.
Marketlər “qızıl üçbucaq”dan da istifadə edirlər. Bu gündəlik
tələbat mallarının (çörək, süd və s.) yerləşdiyi rəflərlə,
supermarketin giriş və çıxışı arasındakı xəyali üçbucaq deməkdir.
Fikir vermisinizsə, çörək rəfləri adətən supermarketlərdə ən arxa
sıralarda yerləşdirilir. Nəzərə alsaq ki, çörək gündəlik qida
rasionumuzun əsasını təşkil edir, marketdə çörək rəfinə çatana
qədər səbətimizə çox şey ata bilərik.

Başqa tərəfdən, supermarketlər xəyali olaraq dörd bərabər bölümə
ayrılır. Müştərilər ən çox girişdən daxil olduqdan sonra birinci və
ikinci bölümlərdə alış-veriş edirlər. Çıxışa doğru getdikcə
alıcılıq qabiliyyəti azalır. Bunun səbəbi psixolojidir. Belə ki,
müştərilər supermarketə daxil olarkən cibləri dolu olur, özlərinə
əminliklə alış-veriş edirlər. Lakin alış-veriş etdikcə pullarının
azaldığını bilirlər və ona görə də getdikcə daha çox qənaət etməyə
çalışırlar. Nəticədə, çıxışa yaxın bölümlərdə satışlar azalır. Buna
görə də, şirkətlər satışlarını artırmaq üçün məhsullarını girişə
yaxın bölümlərdəki rəflərdə, ilk 5 metrlik məsafəni keçdikdən sonra
yerləşdirməyə çalışmalıdırlar.

Hər rəfin öz qazancı var

Son zamanlar dəbə minən merçendayzinq termini marketlərin əsas
devizidir. Bu satış nöqtələrində alıcıların diqqətini məhsula cəlb
etmək üçün həyata keçirilən birbaşa tədbirlər toplusudur. Bu da
məhsulun marketlərdə strateji nöqtələrdə yerləşdirilməsini,
rəflərdə düzülüşünü, POS materiallardan istifadə edilməsini və
digər tədbirləri özündə cəmləyir. Merçendayzinqin ən çox əhəmiyyət
daşıyan hissələrindən biri də visual merçendayzinqdir. Araşdırmalar
göstərir ki, müştərilərin 70%-i hansı məhsulu alacaqlarına market
daxilində qərar verirlər. Bunun bir çox səbəbləri vardır. Ən
başlıca səbəb də marketlərdə məhsulların çeşidlərinin bol
olmasıdır. Məsələn, bəzən insan qiymətlərin münasib olmamasından
deyil, qərar verə bilmədiyi səbəbdən marketdən əliboş çıxır.

Daha bir misal, supermarketlərdə minlərlə çeşiddə məhsul olur.
Buna görə də, müştərilərin diqqətini çəkmək məhsulun satışı üçün
həyati əhəmiyyət daşıyır. Bəs məhsullar hansı rəflərdə
yerləşdirilsə, müştərilərin diqqətini daha çox cəlb edər? Rəflər
əsasən, papaq, göz, əl və ayaq səviyyəsinə bölünür.

Papaq səviyyəsi – 1,70 m-dən yuxarı

Göz səviyyəsi – 1,20 -1,70 m

Əl səviyyəsi – 0,60 -1,20 m

Ayaq səviyyəsi – 0 – 0,60 m

Marketinq mütəxəssisləri deyir ki, məhsulu 0,60 m-lə 1.70 metr
arasında yerləşdirməklə məhsulun satışının artımına rəvac vermək
olar:

“Məhsulu ayaq səviyyəsindən əl səviyyəsinə qaldırmaq satışları
34%, əl səviyyəsindən göz səviyyəsinə qaldırmaq 64%, ayaq
səviyyəsindən göz səviyyəsinə qaldırmaq isə 78% həcmində
artırır”.

Nələrə baxıb almaya bilərik?

Yaxşı supermarketlərin merçendayzinq “oyununa” gəlməmək üçün
nələri edə bilərik? Aşağıdakı qaydalar qismən kömək edə bilər:

Bazarlığa gedərkən, həmişə alacağınız məhsulların siyahısını
hazırlayın. Bundan əvvəl isə soyuducuya və mətbəx mebelinin
dolablarına baxın.

2.Qiymətləri müqayisə edin. Hər şeyi eyni supermarketdən almağa
çalışın. Bu gün bir məhsulu alıb, digərini sabaha saxlamayın. Bu
yanaşma planlaşdırılmamış xərclərə aparıb çıxarır.

3. Kənd təsərrüfatı yarmarkalarına gedin. Adətən onlar payız və
yazda keçirilir. Lakin bu yarmarkalar kənd təsərrüfatı məhsullarını
almaq üçün ən sərfəli bazardır.

4. İmpulsiv alış-verişdən çəkinin. Məsələn, sizin siyahınıza
daxil olmayan, sadəcə endirimdə olduğu üçün diqqətinizi çəkən
məhsulları almayın.

5. Uşaqları özünüzlə supermarketə aparmayın.

6. Endirim kartlarında istifadə edin.

7. Un, şəkər, duz, makaron və ədviyyata həmişə ehtiyac var.
Üstəlik bu məhsullar gec xarab olurlar. O baxımdan pulunuz varsa,
bu məhsullardan ehtiyat üçün də ala bilərsiniz.

8. Supermarketdə olarkən rəfin aşağısına baxın. Kommersiya
qaydalarına əsasən adətən bahalı mallar rəfin yuxarısına,
müştərinin gözü önünə düzülür. Ucuz mallar isə rəfin aşağısına
qoyulur.

9. Cib telefonunuzu “avtopilot” rejiminə keçirin. Adətən biz
alış-verişdə telefonla danışarkən, qarşımıza çıxan lazımlı-lazımsız
məhsulları səbətə atırıq. Bəzən diqqətsizliyimiz səbəbindən
istifadəsi yararsız məhsullar da səbətimizə düşür.

10. Hər hansı məhsulu alarkən istehsal markasına üstünlük
verməyin. Adətən məşhur brendlərin qiyməti baha olur. Digər
tərəfdən, tanınmış brend olmaq hələ yaxşı keyfiyyət və dad demək
deyil.

11. Qablaşdırmaya elə də əhəmiyyət verməyin. Gözəl qablaşdırmada
keyfiyyətsiz məhsul da olur.

12. Yarım fabrikat qidaları almayın. Onlar özünüz hazırladığınız
qidalardan baha başa gəlir. Tənbəl olmayın.

13. Düşbərə, kotlet, küftə hazırlayıb dondurucu da saxlayın.

14. Doğranmış çörək və kolbasa məhsulları həmişə baha olur.
Özünüz doğraya bilirsinizsə, bu məhsulları bütöv alın.

15. Şüşədə su almaqdansa, birdəfəlik təmizləyici filter
alın.

16. Nəhayət hesab fakturaları saxlayın. Onlar sizə büdcənizi
hesablamağa və proqnozlaşdırmağa imkan verəcək.

Sonda qeyd edək ki, 2016-cı ildə 2015-ci ilə nisbətən real
ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılıb. Hesabat
ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi
vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün
məmulatlarının payına düşüb. Əhalinin bir nəfərinə düşən orta aylıq
pərakəndə ticarət dövriyyəsi 261,0 manat və ya 2015-ci ilin müvafiq
göstəricisindən nominal ifadədə 36,1 manat çox olub. Ticarət
şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq
ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq
qeyri-ərzaq məhsulları alıb.

Göründüyü kimi rəqəmlər ildən ilə artır. Bu da əsasən ölkədə iri
supermarketlərin sayının artması ilə birbaşa bağlıdır.

İqtisadiyyat şöbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp