Stokholmda Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Stokholmda, İsveç Azərbaycan Mədəniyyət Cəmiyyətinin
təşkilatçılığı və ölkəmizin İsveçdəki səfirliyinin dəstəyi ilə
Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı tədbir
keçirilib.

Tədbirdə, Azərbaycan və Türkiyənin İsveçdəki səfirliklərinin
əməkdaşları, habelə Azərbaycan və Türk diaspor fəalları, KİV
nümayəndələri də iştirak ediblər.

Azərbaycanın Respublikasının İsveçdəki səfiri Adış Məmmədov
erməni millətçilərinin hələ keçən əsrin əvvəllərindən başlayaraq
“Böyük Ermənistan” yaratmaq ideyalarından, erməni silahlı
birləşmələrinin 1918-ci ildə Anadoluda, İranın şimalında və
Azərbaycanda törətdikləri qətliamlar, xüsusilə də Bakıda on mindən
artıq insan ölümü ilə nəticələnən Bakı qırğınından danışıb, XX
əsrin sonunda ermənilərin təcavüz və zorakılıq siyasətinin “Böyük
Ermənistan” ideyalarının məntiqi davamı olduğunu bildirib. Səfir
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələrinin Xocalı şəhərini darmadağın edərək dinc insanlara qarşı
həyata keçirdikləri soyqırımı insanlıq tarixinin ən qanlı
səhifələrindən biri adlandırıb.

Hərbi münaqişələr zamanı dinc insanların toxunulmazlığı ilə
bağlı beynəlxalq hüquq normaları barəsində söz açan diplomat erməni
hərbiçilərinin bu normalara məhəl qoymadığını, müstəqil Azərbaycan
ərazisinə hərbi təcavüz etməklə bir tərəfdən beynəlxalq hüququ
kobud şəkildə pozduğunu, digər tərəfdən isə dinc insanları
inanılmaz amansızlıqla qətlə yetirməklə daha ağır cinayətə imza
atdıqlarını vurğulayıb.

Adış Məmmədov deyib: “Etiraf edək ki, biz beynəlxalq hüququn
tapdalandığı və ikili standartların mövcud olduğu bir zamanda
yaşayırıq. Dünya birliyi və xüsusən dünyanın siyasi institutları
tərəfindən dünyanın müxtəlif yerlərində baş verən münaqişələrə
yanaşma da müxtəlifdir. Bu isə bütövlükdə beynəlxalq təhlükəsizlik
sisteminin pozulmasına gətirib çıxarır, bütün dünyada, xüsusilə də
Avropa cəmiyyətlərində hüququn aliliyi prinsipi getdikcə aşılanır.
Təsəvvür edin XX əsrin əvvəllərində dünyada beynəlxalq hüququn
təsbit edilmədiyi, dünya nizamını təmin edən beynəlxalq və regional
təşkilatların yaranmadığı, üstəlik birinci Dünya müharibəsinin
davam etdiyi bir dövrdə Osmanlı imperiyası ərazisində baş verən
ölüm hallarını “erməni soyqırımı” kimi tanımaq istəyən və müdafiə
edən Avropa cəmiyyətləri XX əsrin sonunda dünyanın gözü qarşısında
ermənilərin törətdiyi vəhşiliklərə, xüsusilə Xocalı qətliamına göz
yumurlar. Təbii sual yaranır: hanı Avropanın ümumbəşəri dəyərləri?!
Hanı beynəlxalq hüququn prinsipləri?! Hanı haqq və ədalət?!. Biz
tez-tez Avropa siyasətçilərini insan hüquqlarının carçısı və
müdafiəçisi rolunda görürük. Ortaya təbii sual çıxır: məgər
ermənilər tərəfindən günahsız yerə öldürülən insanların və öz
torpaqlarından qaçqın düşmüş bir milyona yaxın azərbaycanlının
hüquqları yoxdurmu?! Yoxsa Avropa siyasətçiləri üçün onlar “insan”
kateqoriyasına daxil deyillər?”.

Bütün çətinliklərə baxmayaraq, Xocalı soyqırımı haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində
Azərbaycan hökuməti tərəfindən böyük iş aparıldığını bildirən səfir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏIiyevanın rəhbərliyi
ilə həyata keçirilən “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində
görülən işlərdən danışıb, dünyanın onlarla ölkəsinin
parlamentlərində, bir sıra beynəlxalq və regional təşkilatlarında
Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunduğunu bildirib.
(Azərtac)

Tədbirin sonunda Ermənistanın Azərbaycana qarşı yürütdüyü
təcavüzkar siyasətin, xüsusilə Xocalı soyqırımının İsveçdə
tanıdılması, bu ölkənin siyasi partiyaları və qeyri-hökumət
təşkilatları arasında təbliğat işinin genişləndirilməsi ilə bağlı
ətraflı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp