Rusiya türk dövlətidir, Turanın mərkəzində olacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Publika.az Türkiyədəki A9 kanalının sahibi, dini
kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı
verilişlərin aparıcısı olan Adnan Oktarın Musavat.com-a müsahibəsini təqdim edir:

– Radio və televiziya şurası (Radio ve televizyon Üst
kurulu) tərəfindən “gizli reklam” və başqa səbəblərlə A9 kanalına
külli miqdarda pul cəzası kəsildi. “Adnan Oktarla söhbətlər”
verilişi isə Yutub və sosial şəbəkələr üzərindən yayım etdiyi üçün
şura bura müdaxilə edə bilmir. Nə vaxtsa belə təhlükə ilə üz-üzə
qalacağınızı bildiyiniz üçün yayımı sosial şəbəkələrdə etmək
qərarına gəldiniz?

– Şuranın nələrdən narahat olduğunu, nələri riskli gördüyünü,
nələri qadağan etdiyini bilmək texniki olaraq o qədər imkan
daxilində deyil. Ancaq baş verəndə anlaya bilirik. Məsələn, qadağan
edilən sözlər, davranışlar olur, amma biz bunları sonra öyrənirik.
Bunun hazır bir kitabı olsa, onu oxuyar, qaydalarına görə bunu
edərik. Amma nəyin nə olacağını bilmədiyimiz və riskli olduğu üçün
məcburiyyət qarşısında qalıb internetdən davam edirik ki, bir
problem çıxmasın. Sistemi – nəyin nə olduğunu tam öyrənə bilsək,
ona əməl etmək asan olar. Amma bilmədiyin bir yolda gəzirsən,
birdən ayağını qoyduğun yerə baxırsan ki, çuxurun içinə düşmüsən
(red – gülür).

– Yenə fevral ayında dini işlər komitəsi (Diyanet İşleri
Başkanlığı) tərəfindən A9 kanalının bağlanması gündəmə gəldi.
Dövlət səviyyəsində tanınan və qəbul edilən bir qurumun sizə qarşı
bu tutumunu necə dəyərləndirməliyik?

– Biz və dostlarımız Türkiyədə “İngilis Dərin Dövləti”nə qarşı
böyük fəaliyyətə başladıq. Mövzu ilə bağlı minlərlə rəsmi sənədin
əsasında asan başa düşülən iki cildlik kitab da hazırladıq.
“İngilis Dərin Dövləti” türk millətini məhv etmək istədiyini 150 il
əvvəl demişdi. Əlimizdə minlərlə rəsmi sənəd var. Məqsəd türk
millətini parçalamaq və məhv etmək idi. Sevr müqaviləsi bağlanan
zaman bunun bir modelini görmüşdük. Müqaviləni yeniləmək istəyən
ingilislər güclü fəaliyyətə başlayıb. Biz də “İngilis Dərin
Dövləti”ni biyabır edən, nüfuzunu aşağı salan əsərlər
hazırladığımız üçün bu, onları əsəbiləşdirdi və bizə qarşı kin
tutmalarına səbəb oldu. Ona görə də Türkiyəyə çoxlu sayda heyət
göndərməyə başladılar və gələnlərin böyük hissəsi, daha doğrusu,
hamısı İngilis Dərin dövləti gizli xidmət orqanlarının
əməkdaşlarıdır. Dövlətin əsas qurum və müəssisələri ilə görüşmək
istəyirlər və onlara mənim tutulmağım, A9-un bağlanılması,
fəaliyyətimizə son verilməsi üçün bəzən xahiş, bəzən də əmr
formasında müraciət edirlər. Lakin bunu edərkən gizliliyə böyük
əhəmiyyət verirlər, fəaliyyətlərini birbaşa yox, dolaysıyla etməyi
üstün tuturlar. Məsələn, gizli xidmət agenti ona yaxın adama, o da
öz tanışına deyir və bu, zəncir şəklində davam edir. Nəticədə eyni
anda düyməyə basılmış kimi bir çox qurum ard-arda əleyhimizə
danışmağa başladı. Təbii ki, hər şey bununla bitmədi, ardınca
hədələr və hücumlar gəldi, bizə qarşı təşkilatlandıqlarına şahid
olduq. Dini işlər üzrə komitə sədrinin məramı aydın idi, kiminsə
təsirinə düşmüşdü. Onun sözlərinə görə Atatürkü təhqir etmişəm. Heç
bir əsası olmayan yalan məlumatdır, əgər doğru olsaydı, əlində
rəsmi sənədlə gedib məhkəməyə müraciət edərdi və həbs olunardım.
Amma belə bir ehtimal yoxdur, bunu da lazımsız yerə media
nümayəndələrinə açıqladı. Yalan dediyini, bununla böyük günaha
batdığını özünə dedim. Daha sonra musəvilərin əleyhinə fəaliyyət
göstərdiyim üçün həbs olunduğumu dedi. Belə bir şey də yoxdur, bu
qənaətə haradan gəldiklərini, əllərində hər hansı rəsmi sənədin
olub-olmadığını soruşduq, amma yenə cavab verə bilmədilər. Gördü
ki, bununla nəsə əldə edə bilməyəcək, xanımların səhnədə rəqs
etməyini gündəmə gətirdi. Dedim ki, sən dövlətin ən əhəmiyyətli
qurumlarından birisən, 10-15 qız haqqında düşünəcəyinə, bütün
dünyaya yayılan, kommunist bir təhlükə olan PKK var, buna qarşı
kitab çıxart, yazılar yaz ki, insanlar həqiqi təhlükəni görsün və
tanısın. Haqqında danışdığım təbliğat üçün əllərində kifayət qədər
imkanları var və 70 min məscid onlardan sadəcə biridir. Sonra
sözlərimə əlavə etdim, “bizim fahişəxanalarda işləyən 200 min
müsəlman bacımız var, hamısı türk millətinin, bizim
övladlarımızdır”. Hər gün üç milyon gənc 200 min xanımın yanına
gedib onlarla cinsi əlaqəyə girirlər. Yəni bir xanım gündə 70-150
kişi ilə münasibətdə olur. Gənclərimiz həm mənəvi, həm də maddi
baxımdan zərər görürlər. Elə düşünürəm ki, komitənin işi bu
olmalıdır, məsələn, xanımların verilişdə rəqs etməyini
istəmədiklərini deyirdilər, biz nə etdik? Razılaşdıq, xanım
dostlarımız daha televiziyaya çıxmırlar, çıxmayacaqlar da… Problem
kökündən həll olundu, bu qədər sadə. Yəni 15 qızın geyimi, rəqsi
dərd idisə, biz onu da həll etdik. Amma fahişəxanalar haqqında
dediklərim faciə formasında hələ də davam edir. Həm də vergi
idarələri həmin xanımların “qazanclarından” 8/100 nisbətində vergi
alır, bu gəlirin haram olduğunu sözlərimə əlavə etdim. Sizin
vəzifəniz nədir? Dini işlər üzrə komitə olaraq bunun haram olduğunu
ifadə edin. Həmçinin lotereya, at yarışları kimi dövlətin
dəstəklədiyi bir çox rəsmi qumar formaları var. Qumar haramdır,
dövlət ondan da vergi alır, siz əsl bunları danışın. Bundan başqa
bir milyard litr həcmində spirtli içkilər istehsal olunur, Allah
onları da haram buyurub. Dövlət isə həmin müəssisələrdən vergi
alır, o vergi halal deyil. Dini işlər üzrə komitə bunu açıqlasın,
haram olduğunu bəyan etsin, məncə işləri də elə budur. Bunları
dediyim üçün təhqir etdiyim iddiası ilə bizi məhkəməyə verdilər.
Mən komitəni müqəddəs bilirəm, hörmət edirəm, daha təsirli olması
üçün bunları tövsiyə edirəm, müqabilində isə bizi məhkəməyə
verirlər.
Mövzu ilə bağlı qadın dərnəklərinə yazdım, həyati məsələ olduğunu
ifadə etdim, amma nə qədər addım atsam da, sakitləşmirlər və bu,
mənə qəribə görünür. Çünki “İngilis Dərin Dövləti” təziq göstərir,
susdurulmağım üçün əllərindən gələni etməyə çalışırlar. Amma yenə
də hər işdə bir xeyir olduğuna inanıram.

– Verilişləriniz qadağan edildiyi halda fəaliyyətinizi
hansı istiqamətdə davam etdirməyi düşünürsünüz?

– Mənim onsuz da kitablarım var, məsələn, 18 ay ərzində 30
milyon kitabım satılıb. Daha böyük konfranslar təşkil edərəm, lazım
gələrsə, bütün ölkəni şəhərbəşəhər gəzərəm. Onsuz da internetdə
yazılarım çıxır, hər halda bunun da qarşısını almayacaqlar.
Danışmaqla yazmaq arasında elə də böyük fərq yoxdur. Hətta deyərdim
yazının daha böyük təsir gücü var. Çünki yazını insan daha diqqətli
oxuyur, fikirlərin qarşısını almaq olmur, ona görə də bütün
cəhdlərinin boşa gedəcəyini təxmin edirəm. Təbii ki, “İngilis Dərin
Dövləti”nin təsirinə düşən insanlar olur, amma Türkiyə müstəqil
dövlətdir və ona qarşıdır. Nələr baş verdiyini, bunda kimin əli
olduğunu dövlətimiz yaxşı bilir. 300-dən çox maarifçimiz “İngilis
Dərin Dövləti”nin bizə qarşı fəaliyyətinə diqqət çəkdi. İstər
Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan olsun, istərsə
baş nazir, hamısı öz nitqlərində bu təhlükə haqqında çox
danışıblar. Ona görə də mən uğur qazanacaqlarını düşünmürəm.

– Adnan Oktar ədalət və bərabərliyi müdafiə edən
kommunizmi niyə qəbul etmir?

– Karl Marks kommunizmi Qurandan, Tövratdan və İncildən aldı,
amma onu tərsinə çevirdi. Quranda sosial ədalət Allah səviyyəsi
ilə, dostluqla və qardaşlıqla əlaqəli olsa da, kommunizm onun qan
tökməklə əldə oluna biləcəyini dedi. Rusiya başda olmaqla hər yerdə
dəhşətin şahidi olduq, 40 milyondan çox insan ya öldü, ya da böyük
itkilər verdi. Amma İslam dini sevgini, sülhü təbliğ edir və sosial
ədaləti də bu cür gətirir. “Velayet sistemi” ilə biri digərinin
bacısı, qardaşı hökmündə olur və hər kəs bir-birini qoruyur. Çünki
küçədə yaşayan uşaq hər kəsin uşağı olur və hamı onu qorumaqla
mükəlləf sayılır. Ona görə də sosial ədalətin özü və əsası
Qurandadır, İncildədir, Tövratdadır. Karl Marks oradan bunları alıb
dəyişmiş, dialektik fəlsəfə ilə yoğurmuş, darvinizmlə kirlətmiş,
Allahsız, dinsiz, şiddətə dayanan bir sosial ədalət anlayışı
gətirmiş, sonra da sosial ədalət olmamış, sadəcə elit sinfin rahat
etdiyi, kasıbların əzildiyi və çox kiçik otaqlarda süründükləri bir
sistemə çevirmişdir. Ona görə də biz kommunizmə qarşıyıq, səbəb?
Çünki kommunizm ailəyə qarşıdır, ailəni, dini, dövləti qəbul etmir.
Belə bir sistem insanlara yalnız acı gətirər. Ona görə də
kommunizmə qarşıyam.

– Bir dəfə Allahın gözəlliyi sevdiyini, ona görə də
verilişlərinizdə gözəl qızlara və yaraşıqlı oğlanlara yer
verdiyinizi demişdiniz. Bəs Allah üzü deyil də, qəlbi gözəl olan
insanları sevməzmi? Yəni verilişinizdə belə insanlara niyə rast
gəlmirik?

– Əxlaqlı insanın onsuz üzü də gözəl olur. Gözəl əxlaqı olduğu
halda üzü gözəl olmayan insan görmədim. Yəni qəlbi, vicdanı və
əxlaqı gözəl olan insanın üzü mütləq ki, gözəl olur. Üzü gözəl
olduğu halda əxlaqı gözəl olmayan birini mənə göstərsinlər, mən o
insanın cavabını verəcəyəm, amma belə biri yoxdur.

– Verilişin 10 saat davam etdiyini nəzərə alsaq, yəqin
ki, buraya gələn qadın və kişilərin işləməyə, pul qazanmağa
vaxtları olmur. Bilmək istəyirdim ki, verilişdə iştirak etdiyi üçün
həmin insanlara pul verirsiniz, yoxsa hamısı sizə dinləmək üçün
gəlirlər?

– Hamısı Allah rızası üçün gəlir, mən də səhər qalxanda yeməyimi
yeyirəm, duş alıram, üstümü geyinib gəlirəm, axşama qədər Allahı,
dini izah edirəm və gedirəm. Mən necə 5 qəpik pul almıramsa,
dostlarımız da 5 qəpik pul almırlar. Burada hər kəs Allah rızası
üçün islam haqqında danışır.

– Quranın Əhzab surəsində Allah peyğəmbərinə həyat
yoldaşı və qızı çölə çıxarkən qapalı geyinməsini əmr edir ki,
tanınmasınlar və zərər görməkdən qorunsunlar. Verilişinizi isə
milyonlarla insan izləyir, belə olanda burada rəqs edən xanımları
hər kəs görür və tanıyır. Bu, onları zərər görməkdən necə qoruya
bilər ki?

– Peyğəmbərimizə deyir ki, evinizdən çölə çıxdığınızda, yəni
dekoltəykən (boyun, çiyin, sinə və kürəyin bir hissəsini açıq qoyan
qadın paltarı-red) sizə zərər vuran kimsə olursa, bundan qorunmaq
üçün paltarınızı geniş şəkildə üstünüzə örtün. Quranda Allahu təala
müsəlmanların dekoltə geyindiyini onsuz da qəbul edir. Ona görə də
mənim xanım dostlarım çöldə tamamilə örtülü gəzirlər, heç kim
onları dekoltə görə bilməz, hamısı qapalıdır. Amma verilişə
gəldiklərində, burada təhlükəsiz şəraitdə olduqları üçün
istədikləri kimi dekoltə geyinə bilirlər. Və Quranın hökmünə görə,
onların burada örtülməsi üçün heç bir səbəb yoxdur. Kimsə qadının
şəklinə və görüntüsünə bir şey deyə bilər, amma Quran onun haqqında
bir hökm verməyib. Əgər qadının şəxsinə birbaşa təzyiq və təcavüz
olursa, yalnız bu halda qapanması Quran tərəfindən deyilir. Əhzab
surəsinin yazılması dekoltə qadınların olduğunu sübut edir.

– Bildiyimiz kimi Dəccalın önə çıxan özəlliklərindən
biri, bəlkə də birincisi tək gözünün olmasıdır. Və bəzilərinə görə
A9 kanalının logosu da tək göz simvoluna oxşayır. Bunun haqqında nə
deyəcəksiniz?

– Bu ikisini bir-birinə oxşatmaq bir az çətindir. Yəni,
Anadolunun hər yerində insanlar nəzərdən qorunmaq üçün yaxalarına
göz muncuğu taxırlar. Hətta inəklərin, qoyunların, quzuların, yeni
gəlinlərin, gənclərin boynunda tək göz görmək olar. Əslində bütün
türk dövlətlərində tək gözə rast gəlmək olur. Bu isə nəzərə qarşı
məqbul görünən, onun qarşısını alan bir gözəllik olaraq qəbul edilə
bilər və Anadoluda bunu gözəl görməyən tək bir nəfər də yoxdur. O
göz Dəccalın nəzərini yox edən bir güc olaraq bütün Anadoluya hakim
olmuşdur. Burada da varsa, nə gözəl, demək ki, Dəccalın pis
nəzərlərini parçalayan bir gücümüz var.

– Azərbaycan və Türkiyə əlaqələri barədə danışan zaman
bir millət, iki dövlət olduğunu qeyd edirsiniz. Bildiyimiz kimi
Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına səbəb isə
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsidir.
Amma başqa çıxışlarınızın birində türklərin ermənilərlə qardaş
olduğunu və sərhədlərin qeyri-şərtsiz açılmalı olduğunu
bildirmisiniz. İlk baxışda bu iki fikir bir-biri ilə ziddiyyət
təşkil edir. Bunu necə başa düşməliyik?

– Biz Ermənistanla sərhədlərimizi açacağıq, onlarla qardaş
olacağıq, viza sistemini aradan qaldıracağıq. Mən əminəm ki,
Ermənistan da bu dostluğa, qardaşlığa bir jestlə qarşılıq verəcək.
Bunu bildiyim üçün deyirəm, bilmədiyim bir şey haqda danışmaram,
Ermənistan Azərbaycandan aldığı torpaqları geri qaytaracaq və
deyəcək ki, Azərbaycanla da sərhədlərimiz açılsın, cinayətkarlar da
mühakimə ediləcək. Beləliklə, biz həm Azərbaycan və Ermənistanı,
həm də Türkiyə və Ermənistanı dostlaşdıracağıq. Bununla da,
türk-islam birliyinin ilk nüvəsi atılmış olacaq. Azərbaycan,
Ermənistan, Gürcüstan, Rusiya və digər türk dövlətləri ilə birləşib
Turanı yaradacağıq. Turanın formalaşması üçün Ermənistanın da Turan
sərhədləri daxilində olması şərtdir. Turan hər kəsə qollarını açan
bir gözəllikdir. “Türkiyə Turan olsun, düşmənin ölkəsi dağılsın,
viran olsun” sözü də buradan gəlir. Düşmən deyəndə Deccaliyyət
sistemi viran olsun. “Tanrı türkü qorusun və ucaltsın” sözü də
buradan gəlir və gözəl bir duadır. Türk birliyinin yaradılmasında
Ermənistansız birlik düşünmürük. Ermənistanla sərhədləri açacağıq,
onlar da bütün işğal etdikləri torpaqları Azərbaycana geri
qaytaracaq, qatilləri təhvil verəcək, qatillər həbs ediləcək və
ədalət bərpa olunacaq. Ermənistanla qucaqlaşıb, qardaş olacağıq.
Ermənistanda yanan intiqam atəşi sönəcək, daha əvvəlki
ziyarətimizdə söndüyü kimi… Beləliklə, yüz illərdir davam edən bu
əzab sona yetəcək. Hər yerdə müsəlmanlar azad və sülh şəraitində
yaşayacaq.

– Təbii ki, Turan fikri maraqlıdır, amma Rusiya
mərkəzində türklərin olduğu bir dövlətin tərkibində yer almaq
istəyərmi?

– Turanın tərkibindəki əsas dövlətlərdən biri onsuz da Rusiya
olacaq. Çünki Rusiyada 30 milyona yaxın türk var, ona görə də biz
Rusiyanı müsəlman türk dövləti olaraq qəbul edirik. Və Turanın ən
güclü ordularından biridir. Putin də türk-islam birliyi içində bir
qəhrəman olaraq yerini alacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp