Qurban Qurbanov: “Qarabağ”da güvəndiyim futbolçular qalıb”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə “Kəpəz”i
məğlub edən (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını
cavablandırıb.

“Report” xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı
fikirlərini bildirib:

– Komadamı təbrik edirəm. Çətin oyun olacağını bilirdik. “Kəpəz”
bu gün müdafiədən oynadı. Rəqibə uğurlar arzulayıram Yunis Hüseynov
yaxşı komanda formalaşdırıb. Bu oyunda xal itirə də bilərdik. Ancaq
şükür ki, hər şey yaxşı nəticələndi. Oyundan öncə də uşaqlara
demişdim ki, müdafiə olunan komandalarla oyun çətin olur. Komandam
tapşırıqlarımı tam yerinə yetirdi.

– Komanda qış fasiləsindən sonra 3 oyuna 2 qol
vurub…

– Artıq bütün komandalar müdafiə oluna bilir. İkinci hissədə
demək olar, 20 oyunçu rəqibin cərimə meydançasının yanında idi. Az
qol vurulması normaldır. Bütün komandalar bizə qarşı bugünkündən də
ciddi hazırlaşacaq. Biz öz işimizi daha da inkişaf etdirməliyik.
Futbolçuların bütün fikri oyunda olmalıdır. Xal itirməyə də hazır
olmalıyıq. Belə nəticələr futbolçuları daha da diqqətli edir.

– Bir gün öncə əsas rəqibiniz “Qəbələ” məğlub oldu. Bu,
komandanın bugünkü oyununa nə dərəcədə təsir etdi?

– Rəqibin nəticəsi bizim oyunumuza təsir etmir. Biz öz oyunumuza
köklənməliyik.

– Komandanın az qol vurmasında Ndlovunun yoxluğunun nə
dərəcədə rolu var?

– Ndlovu ilə bağlı çox sual verilir. Narahatlığın səbəbi nədir
bilmirəm. Bu gün “Qarabağ”da mənim güvəndiyim futbolçular qalıb.
Kim qalmaq istəyibsə, komandadadır. Ən yaxşı vaxtımızda belə ən
zəif rəqibə uduzduğumuz olub.

Komandadakı oyunçulardan narazı deyiləm. Bu gün qolu Mahir
Mədətov vurdu. Keçən oyunda da o fərqlənmişdi. Burdan kim gedibsə,
narazı yola salmamışıq. Hamısına uğurlar arzulamışam. Sonrakı
oyunlarını izləyir, uğurlarına sevinirəm. Nə qədər yaxşı oynasalar,
bizim adımız hallanacaq. Narahat deyiləm. Bizim oyun üslubumuz
belədir. Gəlin, bu komandada qalan futbolçuların əziyyətini yerə
vurmayaq. Sabah ən gözləmədiyiniz futbolçu belə komandanı tərk edə
bilər. Ancaq bu, heç nəyi dəyişməyəcək.

– Qolu Mahirin vurduğunu dediniz. Ancaq PFL-də
Almeydanın adı qeyd edilib. Mahir bombardirlik uğrunda mübarizəni
davam etdirir. Bu qolu kimin vurmasının sizin üçün əhəmiyyəti
var?

– Mənim üçün heç bir fərqi yoxdur. Məncə, ikisi eyni anda qapıya
daxil odlu.

– Mahir Mədətov əvəzlənəndə onu alqışladınız. Azarkeşlər
də onun adını çağırırdılar. Özü isə bir qədər kefsiz
görünürdü.

– Mən onda belə bir şey hiss etməmişəm. Bəlkə, daha yaxşı çıxış
etmək istəyir. Son vaxtlar məşqlərdə daha çox çalışır. Hələ tam
ideal formada deyil. Bu yaşda futbolçunun fikri tez-tez dəyişə
bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp