Magistraturaya qəbul imtahanı başa çatdı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və
Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul
imtahanının birinci mərhələsini keçirib.
Publika.az bildirir ki, magistratura səviyyəsinə qəbul
imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində – Bakı,
Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38
imtahan binasında aparılıb.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 2 saat 30 dəqiqə
davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah
fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla
əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün
binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların
öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait
yaradılıb.
Fevralın 26-dan etibarən DİM-də imtahan protokollarının və cavab
kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün
ərzində elan edilməsi nəzərdə tutulur.