Ziya Bünyadovun qətlinin üstü baş prokurorun kabinetində açılıb



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

1997-ci il fevralın 21-də böyük alim, akademik Ziya
Bünyadov qətlə yetirilib. Akademikin qətlində günahlandırılaraq
ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı
Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə
almışıq.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki,
həbsxanadadır. O, 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə
tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə
saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov
da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu
gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl
törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

Əvvəli burda

***

Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan
oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda
yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı
yoxdur. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz…

Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış
çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir.
Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli
qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın
əynindəki nimdaş gödəkçənin qolları arasından qandal
parıldayır…

Bu odur – ömürlük məhbus Nizami Adil oğlu Nağıyev. Yaşadığı
binanın blokunda akademik Ziya Bünyadova bıçaqla xəsarət yetirən
Bakı sakini, Azərbaycan vətəndaşı. Onunla həbsxanada görüşən “Yeni
Müsavat”ın müxbirinə hər şeyi anladır…

“Hadisədən sonra dəstə dağılmışdı”

– O vaxtlar mətbuatda qarışıq yazırdılar. Hər qəzet bir cür
yazırdı. Kimsə çıxıb bir söz deyəndə yazırdılar. Hər dəfə yazılar
eyni olmurdu. Kim nə istəyirdi, onu da yazırdı. İstintaqla bağlı da
ciddi bir məlumat olmurdu. Dediyim kimi bizi axtaran da yox idi.
Tariyelə də bunu dedim. Dedim sakitçilikdir. Artıq Xətaidəki anbarı
təhvil vermişdik. Mən gömrükdə işləyirdim. Tariyel Moskvada, Mahir,
Cavanşir nə işlə məşğul olurdular bilmirdim. Qalibi də sərhəddə
öldürmüşdülər. Hadisədən sonra dəstə dağılmışdı.

– Qalib Babayev sərhəddə öldürüləndən sonra onun yas
məclisinə getmişdiz?

– Yox, getmədik. Düşündük ki, qardaşı birdən bizdən şübhələnər.
Ona görə getmədim.

“Gömrükdə işə düzəlmişdim”

– Heç qəbrinin üstünə də getmədiz?

– Tariyel Azərbaycana o hadisədən 2 ildən sonra qayıdıb gəldi.
Bundan sonra yığışıb Xaçmaza, Çiçi kəndində onun qəbrinin üstünə
getdik. 1999-cu ilin yayının sonları idi. Tariyel Moskvadan
qayıdandan sonra daha Montində yaşamadı. Pirşağıdakı bağına köçüb
orada yaşamağa başladı. Atasından qalma bağ idi. O qayıdıb gələndən
sonra heç görüşməyə vaxt olmurdu. Hadisədən sonra gömrükdə işə
düzəlmişdim, bir gün səhər növbəsində olurdum, bir gün də axşam.
Görüşə bilmirdik.

ziya 1.jpg (321 KB)

Nizami Nağıyev atası Adil Nağıyevlə

– Gömrükdə işə hadisədən dərhal sonra
düzəlmişdiz?

– Fevralda hadisə olmuşdu, dekabrda artıq gömrükdə
işləyirdim.

– İşə düzəlməyinizə kim kömək etdi?

– Atam işə düzəltmişdi. Demişdi ki, qardaşların kimi sən də get
bir işin qulpundan yapış, gələcəyin olsun. Əkin biçindən, alverdən
bir şey olmaz.

– Gömrükdə vəzifəniz nə idi?

– İnspektor idim. Sərnişinləri yoxlayırdım, əsasən yük şöbəsində
olurdum, yüklərə nəzarət edirdim. Günüm işdə keçirdi.

“O bizi aparıb elə bir işin içinə salmışdı
ki…”

– Düşünürdüz ki, bu işin üstü açılmayacaq?

– 3 ildə bizi faktiki axtaran olmadı. Ağlımıza nə gələrdi ki,
bizi müəyyən edib həbs edə bilərlər.

– Tariyellə bu haqda söhbətləriniz olurdu?

– Tariyel də gələndən sonra adi həyatımızı yaşayırdıq. Bu haqda
demək olar ki, danışmırdıq.

– Nəsrullah ilə əlaqə qalırdı?

– O, 2000-ci ilin əvvəlində gəlib çıxdı. Tariyel gedib onunla
görüşmüşdü. Mənə də demişdi ki, birdən Nəsrullah sənə yaxınlaşsa,
yaxınlıq vermə, de ki, nə sözün var, Tariyelə de, mənə yaxın gəlmə.
Mən də dedim ki, bizi Nəsrullah ilə sən tanış etdin, biz Nəsrullah
tanımırdıq. Həmin vaxt Tariyel özü də baş verənlərə görə peşman
olmuşdu. O bizi aparıb elə bir işin içinə salmışdı ki… Artıq
həmin vaxt onun 2 uşağı vardı, yoldaşı 3-cü uşağa hamilə idi.
Bilirdi ki, bunun sonu yoxdur. Arada söhbət olanda da deyirdi ki,
bizim uşaqların aqibəti necə olacaq? Ona deyirdim ki, bu işin üstü
açılsa, hamımız əlli-ayaqlı gedəcəyik, məhv olacağıq. İt kimi
peşman idi.

– Deyirsiniz ki, Ziya Bünyadovu sizə ilkin olaraq Aydın
adı ilə tanıtmışdılar. Dəstə daxilində sizlərin də gizli adınız
vardı?

– Yox, bizim gizli adlarımız yox idi. Bilirdik ki, o tərəfdən
gələn Nəsrullahın, Məhəmmədin adları qondarmadır. Onlar öz adlarını
demirdilər.

Ziya Bünyadovu qətlə yetirən dəstəni telefonları ələ
verib

– Bəs sizin ən qorxduğunuz məsələ – bu işin üstü necə
açıldı?

– 2000-ci ildə prokurorluğun rəhbərliyi dəyişildi. Heydər Əliyev
göstəriş vermişdi ki, bu işin üstü hökmən açılmalıdır. Təxminən may
ayı idi. Tariyeldə bir telefon nömrəsi vardı, onu hadisədən çox
sonra ləğv eləmişdi. O telefon nömrəsi kimin adına idi, həmin adamı
istintaqa çağırmışdılar. Həmin adam da Tariyelin telefon nömrəsini
bilirdi. Tariyel gəlib dedi ki, nömrə kimin adınadır, onu istintaqa
çağırıblar. O adam da nömrənin məndə olduğunu bilir. Ona dedim ki,
evimiz yıxıldı. Sonradan Cavanşirin oğurladığı telefonların
sahiblərini də istintaqa çağırmağa başladılar.

– Hansı telefonlardan söhbət gedirdi?

– Hadisədən əvvəl istifadə edilən telefonlar vardı.

– Qətldən əvvəl Ziya Bünyadovu izlədiyi zaman Tariyelin
istifadə etdiyi telefonları müəyyən etmişdilər?

– Hə, həmin telefonlar oğurluq sənədlərlə alınmışdı. Sənədlərin
sahibi Tariyelin həmin nömrəni işlətdiyini bilirdi. İstintaqçılar
da həmin nömrədən qətldən əvvəl və sonra 2 zəng olduğunu
aydınlaşdırmışdılar. Təxmin etmişdilər ki, cinayətdə istifadə
edilən nömrədir. Sahibini axtarmışlar, onu da tapmışdılar.

– Sizdə o adamların istintaqa çağırılması haqda məlumat
haradan idi?

– Xanların maşınından əmisi oğlunun pasportunu oğurlayıb işdə
istifadə edilən telefon nömrələrini almışdlar. Xanlar da Cavanşirə
demişdi ki, əmisi oğlunu istintaqa çağırıblar, sıxırlar. Beləcə
bilirdik ki, adamları çağırırlar. Ətrafda salam-əleykimiz olan
adamları da çağırırdılar. Peycerlərlə də maraqlanmağa
başlamışdılar.

Dəstənin ölkədən qaçmaq planı olub

– Başa düşmüşdüz ki, istintaqçılar sizləri müəyyən edə
biliblər?

– Bilirdik ki, geci-tezi var. Həmin günlərin birində Tariyel
dedi ki, gəl Mərdəkana dəniz kənarında görüşək. 2000-ci ilin iyul
ayı idi. Getdim, Tariyel çox həyəcanlı idi. Dedi ki, Cavanşirin
qardaşı Aslanı çağırıblar istintaqa, gözləyək, görək nə xəbərlə
gələcək. Axşamüstü Aslan gəldi, Cavanşirə dedi ki, istintaqda səni
istəyirlər, sən mütləq istintaqa getməlisən. İstifadə olunan 2
telefonun hər ikisini o almışdı. Tariyel Cavanşirlə bir kənara
çəkilib söhbətə başladılar. Nə dedilər, nə söhbət elədilər
bilmədim. Qayıdıb gəldilər, Tariyel dedi ki, gələn cümə, bir də o
biri cümə saat 10-da Günəşlidə poçtun qabağına gələrsən. Buradan o
tərəfə gedəcəyik.

ziya 2.jpg (212 KB)

Nizami Nağıyev

– Yəni ölkədən çıxacaqdız?

– Hə, getməli idik. 2 cümə günü Günəşlidə poçtun qabağına
getdim. Evdə də demişdim ki, Rusiyaya gedirəm. Tariyellə Cavanşir
görüşə gəlmədilər. O gündən Tariyellə Cavanşir haqda xəbərim
olmadı. Belə başa düşdüm ki, qaçıb ölkədən çıxıblar. Bizi də qoyub
qaçıblar. Sentyabrın 28-də məni istintaqa çağırdılar. Çünki mən
Tariyelə bir xarici pasport almışdım. O, Moskvadan qayıdandan sonra
iyun ayında pasportu alanda öz poliklinikamızdan ona sağlamlıq
kağızı almışdım. Bunu istintaqçılar araşdırıb bilmişdilər. Bizimlə
anbarda kim işləmişdi, hamını çağırmışdılar. Fəhlələr, qarovulçular
dindirilmişdi, barəmizdə kifayət qədər məlumat toplamışdılar. Mən
də istintaqa gəldim. Tariyellə Cavanşir artıq yox idi, Qalib
ölmüşdü, Mahirin də harada olması haqda məlumatsız idim. 2 gün
sorğu-sual etdilər. Dindirdilər, deyirdim ki, xəbərim yoxdur. Sonda
baş prokurorun kabinetinə apardılar.

– Kimlər vardı orada?

– Ramil Usubov, müavini Zahid Dünyamalıyev, Zakir Qaralov,
Rüstəm Usubov, Ramiz Rzayev və 2-3 nəfər başqa adamlar vardı. Ramiz
Rzayev başladı suallar verməyə. Baxırdım ki, haradasa
məlumatlıdırlar.

– Nə deyirdilər ki, belə qənaətə
gəlirdiniz?

– Telefonların alınmasından danışırdılar, elə məqamları
deyirdilər ki, bilirdim ki, xəbərləri var. Amma boynumdan atırdım,
deyirdim mən eləməmişəm. İranlılar söhbəti də ortaya çıxmışdı.

– O məsələ necə olmuşdu?

– Bilmirəm axı. Sadəcə suallarından başa düşürdüm ki, artıq iş
gedib, mənə deyirdilər ki, siz onlarla işləmisiz. Haqqımda kifayət
qədər məlumatlı idilər. Görürdüm ki, çıxış yolu qalmayıb.
Tariyelgil görüşə gəlsəydilər, mən də onlarla qaçıb ölkədən
gedəcəkdim. İstintaqçıların əlində idim. Qaçan yerim yox idi.

– Baş verənləri etiraf eləməyə başladız?

– Sual-cavabın ən qızğın vaxtında baş prokuror Zakir Qaralov
yerindən qalxıb iti addımlarla mənə yaxınlaşdı, sağ qolumdan
bərk-bərk tutub silkələdi, yuxarı qaldırdı, dedi ki, bax bu əlinlə
vurmusan. Bu əlində tutduğun bıçaqla vurmusan.

Həbsxana ile ilgili görsel sonucu

“Hə, bundan sonra başladım danışmağa”

– Və başladız danışmağa?

– Hə, bundan sonra başladım danışmağa. Nə baş vermişdisə,
hamısını dedim. Sonradan Tariyelin o biri dəstəsində olan
lənkəranlı uşaqları da tutdular. Orada 3 nəfəri tutdular, Xanlar,
Maarif və bir başqası. 1 nəfər də qaçıb o tərəfə (İrana)
keçmişdi.

– İş materillarını oxuyanda, sizin məhkəmədə ittihamları
rədd etməyiniz diqqətimi çəkdi. İndi dediklərinizi o dövrdə niyə
dilə gətirmirdiz?

(ardı var)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp