“Bu gün “Zirə” ilə oyunda 2 xal itirdik”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bu gün komandanın oyunundan razı qaldım. Xüsusən də,
ikinci hissədə yaxşı oynadıq. Hücum futbolu oynadıq və qolu əks
hücumlardan buraxdıq. Qələbə üçün meydana çıxsaq da, heç-heçə
etdik. Deyərdim ki, bu gün 2 xal itirdik”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Tərlan
Əhmədov evdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan
Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında
deyib.

Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb…

Nəticə ürəyinizcə oldu?

– Xeyir. Açığı, qələbə gözləyirdim. Amma bununla da
razılaşmalıyıq.

“Neftçi” uzun müddətdi “Zirə”yə qalib gələ bilmir. Bunun
səbəbi nədir?

– Hər-halda, futbolda qələbə daha önəmlidi. Məni sevindirən
komandanın oyunu idi. Bu gün daha istəkli idik, futbolçular
istədiyim oyunu oynadılar. Qələbə olsaydı, daha yaxşı olardı. Bir
xal qazandığımıza görə sevinmirəm, qələbə qazanmalı idik.

Yeni transferlər özlərini doğrultmurlar. Onları yayda
göndərmək barədə düşünmürsünüz?

– Nə yatıb, nə yuxu gördülər ki? Onların komandaya uyğunlaşması
üçün vaxta ehtiyac var. Zidan da “Real”a keçəndə azarkeşlər
tərəfindən seçilmirdi. İndi isə həmin komandanın baş məşqçisidi. Bu
gün rəqib bizim qapımıza yaxınlaşmaqda çətinlik çəkirdi. Əgər belə
oynamışıqsa, deməli, onlar komandaya uyğunlaşıblar.

“Zirə”nin əsas oyunçuları oynamırdı, amma yenə qalib
gələ bilmədiniz. Üstəlik rəqib də azlıqda qaldı…

– Bəli, hər iki komandanın heyətində itkilər var idi.. Ömər
Buludov U-21-in düşərgəsində zədə almışdı. Son 3 gündə
məcburiyyətdən onu məşqlərə cəlb etdik. Limitə görə məcburən onu
meydana buraxmalı olduq. Petrov zədədən sonra istənilən formada
deyil. Bu gün risk etdik. Komandanın oyunu göstərdi ki, gələcəyə
ümid var.

Lukas Qomes komandadan ayrılan Daniel Seqoviya və Huqo
Barqasdan hansı cəhətlərinə görə fərqlənir ki, onu transfer
etmisiniz?

– “Neftçi” Barqas və Seqoviya ilə neçənci pilləni tutmuşdu? Səhv
etmirəmsə, yeddinci pillə. Deməli, dəyişikliyə ehtiyac var.

Növbəti oyununuzu “Qəbələ”yə qarşı keçirəcəksiniz. Bu
gün “Səbail”ə məğlub olan komanda ilə oyun üçün futbolçuları
hazırlamaq çətin olmayacaq?

– Biz öz oyunumuza köklənirik. Hər oyunun, hər rəqibin özünə
görə hazırlıq planı var. Bütün oyunlara hazırlaşdığımız kimi,
“Qəbələ” ilə matça da hazırlaşacağıq. Hələ kubok uğrunda
oyunlarımız da var. Çoxları mənə deyir ki, bir cəbhədə mübarizə
aparın. Amma o fikirlərlə razı deyiləm. Həm kubok, həm 4-cü yer
uğrunda mübarizə aparacağıq. Buna görə də “Qəbələ” ilə oyunumuz
maraqlı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp