Xocalının “Böyüməyən uşaqlar”ı Sarayevoda təqdim olundu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində
Azərbaycan Respublikasının Serbiya, Bosniya və Herseqovina və
Monteneqrodakı Səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Sarayevo
Beynəlxalq Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə
bağlı konfrans keçirilib. Konfransa həm də 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Xocalıda hər iki valideyni qətlə yetirilmiş
uşaqların acı xatirələrindən bəhs edən Parlament Jurnalistləri
Birliyinin sədri, Modern.az xəbər portalının rəhbəri Elşad
Eyvazlının müəllifi, Milli Məclisin deputatı Cavanşir Feyziyevin
məsləhətçisi olduğu və boşnak dilinə tərcümə edilmiş “Böyüməyən
uşaqlar” kitabının təqdimatı keçirilib.

Publika.az-ın məlumatına görə, konfransda
Azərbaycan və Bosniya və Herseqovinadan millət vəkilləri,
beynəlxalq hüquq üzrə nüfuzlu hüquqşünaslar, elm adamları, tanınmış
ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları, diplomatik
korpus və KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Xocalı
soyqırımı qurbanlarının xatirəsini anıblar.

Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı
səfiri Eldar Həsənov, Beynəlxalq Sarayevo
Universitetinin rektoru professor Tahsin Erkan
Türe
, kitabın müəllifi Elşad Eyvazlı,
millət vəkili, Azərbaycan – Bosniya və Herseqovina
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
Çingiz Qənizadə, Bosniya və Herseqovina, Serbiya
və Monteneqronun Yazıçılar Assosiasiyasının, Bosniya və
Herseqovinanın Jurnalistlər Assosiasiyasının və bu ölkənin elm
ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug
99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, Travnik
Beynəlxalq Universitetinin professoru Sabahudin
Hadjialiç
, Sarayevo Universitetinin professoru, hüquq
elmləri doktoru Edin Halapiç, Xocalıda hər iki
valideynini itirmiş Səbinə Məhərrəmova
Murad Hüseynov tədbirdə çıxış ediblər.

Çıxış edənlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən
Xocalı şəhərinə 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə
Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki
insanların xüsusi qəddarlıq və amansızlıqla öldürüldüyünü, bir
qisminin ağır yaralandığını, girov götürülüb işgəncələrə məruz
qoyulduğunu və itkin düşdüyünü xatırladıblar. O da vurğulanıb ki,
Xocalıda törədilən həmin cinayətlər Ermənistanın sistematik
xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsidir. Eyni zamanda
bunun arxasında azərbaycanlılara qarşı nifrəti aşılayan njdeizm
ideologiyasının dayandığını, Xocalıdakı hadisələrin soyqırımı
cinayəti olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun
siyasi-hərbi rəhbərliyinin törətdiyi cinayətlərə görə məsuliyyət
daşıdığını birmənalı qeyd ediblər.

Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı
səfiri Eldar Həsənov çıxışında “Xocalıya Ədalət” kampaniyasının
10-cü ildönümü çərçivəsində təşkil edilmiş konfrans iştirakçılarına
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın ərazilərində etnik
təmizləmə siyasətinin həyata keçirilməsi, mülki əhaliyə qarşı ağır
cinayətlərin törədilməsi və çoxəsrlik tarixi, mədəniyyət və dini
abidələrinin məhv edilməsi barədə məlumat verib. O, Bosniya və
Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü ilin
26 fevral tarixində, məhz Xocalı soyqırımı törədilən gün
“Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün
tanınması və hörmət olunması” adlanan qətnamənin qəbulunu
minnətdarlıqla xatırlayıb.

O, qətnamədə Xocalıdakı hadisələrə siyasi qiymətin verildiyini qeyd
edərək, bu kimi sənədlərin, çağırış və bəyanatların beynəlxalq
ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olduğunu bildirib.

Çıxışı zamanı, səfir, Xocalıda hər iki valideynini itirmiş
uşaqların acı xatirələrindən bəhs edən “Böyüməyən uşaqlar” kitabı
haqqında da danışıb. Eldar Həsənov kitabın müəllifinin həmin
uşaqların yaşadıqları açı taleləri peşəkarlıqla qələmə almasını,
erməni vandalizminin, eləcə də ermənilərin körpə uşaqlara
yaşatdıqları dəhşətlərin soyqırımı qurbanlarının öz dili ilə
oxuculara çatdırmaq bacarığını xüsusilə qeyd edib.

Diplomat “Xocalıya Ədalət” kampaniyası çərçivəsində soyqırımının
tanıdılması üçün dünya səviyyəsində böyük işlər görüldüyünü
vurğulayıb.

Azərbaycan Milli Məclisinin deputatı Çingiz Qənizadə çıxışı
zamanı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri
kimi daxil olmuş Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq,
Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın digər
işğal olunmuş ərazilərində törətdiyi cinayətlərə beynəlxalq
qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və
cinayətkarların hələ də cəzalandırılmadığını bildirib.
Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası münasibətlərə
diqqət yetirən millət vəkili Ç.Qənizadə Bosniya və Herseqovina
Parlament Assambleyasının Xalqlar Palatası tərəfindən Xocalı
soyqırımına ədalətli hüquqi, siyasi qiymət verilməsi barədə
qətnamənin qəbul olunmasını Xocalıda törədilən kütləvi qırğının
beynəlxalq arenada tanınmasına əhəmiyyətli bir töhfə və bu faciənin
dünya birliyi tərəfindən tanınması istiqamətində atılan mühüm addım
kimi qiymətləndirib.

Professor Tahsin Erkan Türe Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazilərinin işğalı zamanı dinc əhaliyə qarşı törətdiyi
cinayətləri pisləyərək, bu etnik təmizləmə aktından 25 ildən artıq
vaxt keçməsinə baxmayaraq, cinayətkarların indiyədək Ermənistanda
diplomatik immunitet arxasında gizləndiyini bildirib. Xocalı
soyqırımının bir sıra ölkələrin qanunverici orqanı, habelə ABŞ-ın
çoxlu sayda ştatı tərəfindən tanındığını deyən professor T.E.Türe,
Azərbaycan xalqına və hökumətinə dəstək göstərilməsinə çağırış
edib.

Elşad Eyvazlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində
tədbir iştirakçılarının əlində olan “Böyüməyən uşaqlar” kitabının
bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn
dilinə tərcümə olunduğunu və dünyanın bir çox ölkəsində
təqdimatının keçirildiyini, indi isə soyqırımının nə olduğunu bizim
kimi bilən, bizim kimi dadan bosniyalılara öz boşnak dilində təqdim
olunduğunu bildirib. Sonra E.Eyvazlı “Böyüməyən uşaqlar” kitabının
necə yarandığı barədə danışıb. Çıxışının sonunda E.Eyvazlı 1995-ci
ilin iyulunda Srebrenitsa şəhərində bosniyalıların qətlə
yetirilməsi ilə həyata keçirilən soyqırımı aktı zamanı hər iki
valideyni öldürülən insanlarla bağlı da bir kitab yazmaq istəyində
olduğunu bildirib.

S.Hadjialiç çıxışında Azərbaycan xalqının yaşadığı acı
hadisələrə diqqəti çəkərək, Xocalıda yüzlərlə insanın qətlə
yetirildiyi vaxtda sivil dünyanın harada olduğunu sual edib.
“Böyüməyən uşaqlar” kitabını oxuyarkən, hər iki valideynini itirmiş
uşaqların etirafları ilə tanış olduğunu deyən professor
S.Hadjialiç, həmin uşaqların sanki böyümək şansı olmadığını, hər
bir acı xatirənin can ağrısı verdiyini bildirib.
Sonra S.Hadjialiç kitabdan sitat gətirərək, bir çıxarışa qulaq
asmağı təklif edib: “Ata yox, ana yox. Biz uşaq ola bilmədik…
Uşaq o kəsə deyirlər ki, valideyn nəvazişi görsün. Nə isə…
Doğrusunu söyləyəcəyəm, atalı, analı uşaqlara elə həsəd aparırdıq
ki… Ədalətlə dərdləşirdik. Deyirik, kaş atamız, anamız sağ
olaydı, biz dilənib onları saxlayaydıq”.

Öz fikirlərini bölüşən Edin Halapiç,Xocalıda hər iki valideynini
itirmiş uşaqların etirafları ilə tanış olarkən, onların acı
xatirələrinin ona çox təsir etdiyini, sitatlar gətirərək,
şahidlərin ifadələrindəki mesajların kitabın qeyr-adi olduğunu
göstərdiyini bildirib. Erməni hərbi birləşmələri tərəfindən
Xocalıda dinc əhalinin qətlə yetirilməsi barədə şahid-sübutlar əks
olunmuş bu kitabın faciənin soyqırımı kimi qəbul olunması üçün
dəlil olduğunu hesab edən E.Halapiç, müəllifin bu istiqamətdəki
səylərini yüksək qiymətləndirib və “Böyüməyən uşaqlar” kitabını
böyük auditoriyaya və soyqırımını öyrənən tədqiqatçılara tövsiyə
edib.

Azərbaycandan gəlmiş Səbinə Məhərrəmova və Murad Hüseynov
1992-ci il fevralın 25-dən 26-na keçən həmin dəhşətli gecə Xocalıda
yaşadıqları acı xatirələri bölüşüblər.

Tədbirin sonunda Srebrenitsa və Xocalı soyqırımları zamanı hər
iki valideyni qətlə yetirilmiş uşaqların dünya xalqlarına müraciəti
oxunub.

Konfrans iştirakçıları həmin gün Sarayevo şəhərində Heydər
Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin maliyyə dəstəyi
ilə əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda Xocalı
soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini
ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə
qurbanlarının xatirəsini yad ediblər.

Həmçinin, Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Beynəlxalq
Sarayevo Universitetinin sərgi zalında bu faciəyə həsr olunmuş foto
və rəsm sərgisi təşkil edilib, “J-Connect” təşkilatı tərəfindən
çəkilmiş “Zülmətdən qaçarkən” və Elşad Eyvazlının “Böyüməyən
uşaqlar” adlı sənədli filmləri nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp