Xəritəni dəyişdirəcək BÖYÜK MÜHARİBƏ, qeyri-mümkün SXEM… – GÜNÜN SİYASİ XÜLASƏSİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun
beynəlxalq axtarışa verilməsi təklif edilib. Türkiyə ilə Cənubi
Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizində uzun müddətdir
yaşanan gərginlik son günlər daha da artıb. ABŞ Suriya ordusunu
hərbi güc tətbiq etməklə hədələyib. Vaşinqton Suriyanın şərqindəki
bəzi güclərin Afrinə getdiyini etiraf edib. ABŞ prezidenti Donald
Trampın Yaxın Şərq probleminin nizama salınması üzrə planı demək
olar ki, hazırdır. KXDR-ə qarşı yeni genişmiqyaslı sanksiyalar
tətbiq edilə bilər.

Ermənistanın “Adi soyqırım” təşkilatının rəhbəri
Marina Qriqoryan Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov və
Milli Qəhrəman Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsini
təklif edib.
Qriqoryanı belə təkliflə çıxış etməsinə
səbəb Azərbaycan Baş Prokurorluğunun Ədalət və Demokratiya Naminə
Avropa Erməni Federasiyasının rəhbəri Kaspar Karampetyanın
Ermənistan-Azərbaycan sərhədini qanunsuz keçdiyinə görə cinayət
məsuliyyətinə cəlb edilməsi barədə qərarı səbəb olub.

“Mən sadəcə təəccüblənirəm ki, niyə bu 30 il ərzində biz Xüsusi
Təyinatlı Milis Dəstəsinin komandiri Şahin Tağıyevi beynəlxalq
axtarışa verməmişik. O, Azərbaycanın birinci Milli Qəhrəmanı oldu.
Bu gün o, İsveçdə rahat yaşayır. Mən dəfələrlə söyləmişəm ki, o,
həbsxanada olmalıdır”.

Onun sözlərinə görə, 1990-cı ildə Bakıda qarışıqlıqlar zamanı
Azərbaycanın baş naziri olan Ayaz Mütəllibovu da beynəlxalq
axtarışa vermək lazımdır.

“Bu yaz həm terror təşkilatları, həm də onları
dəstəkləyənlər üçün çox isti keçəcək. Əvvəl Münbiçi təmizləyəcəyik,
sonra da “Fərat Qalxanı” bölgəsini təhlükəsiz vəziyyətə gətirənə
kimi yolumuza davam edəcəyik. Biz bu yola baş qoyduq, bu yolda
başını qurban verməyə hazır olanlar varsa, “meydana gəlin”
deyirik”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət liderləri ilə
görüşündə deyib.

Bu səhər etibarilə Suriyanın Afrin bölgəsində 1873 terrorçunun
məhv edildiyini və 415 kvadrat kilometrə yaxın ərazinin PYD terror
təşkilatından təmizləndiyini deyən prezident Türkiyə Silahlı
Qüvvələri və Azad Suriya Ordusunun addım-addım Afrinə doğru
irəlilədiyini bildirib.

“Bölgədəki əsas strateji təpələr böyük ölçüdə terrorçulardan
təmizlənib. Əməliyyatın bundan sonrakı hissəsinin daha sürətlə
davam edəcəyini gözləyirik. Afrinin şəhər mərkəzi tezliklə
mühasirəyə alındıqdan və terrorçuların ətrafla təması kəsildikdən
sonra yeni bir strategiya ilə hərəkat edəcəyik”, – Ərdoğan
söyləyib.

Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi
Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik son günlər daha
da artıb.
Qaz axtarışları üçün Cənubi Kipr
sahillərinə göndərilən İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000”
gəmi-platformanın Türkiyənin döyüş gəmilərindən biri ilə
toqquşmadan son anda yayına bildiyi ortaya çıxıb.

Suriya ordusuna qarşı hərbi güc tətbiq edə
bilərik.
Bunu Çikaqo Universitetində çıxışı zamanı
ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli
söyləyib.

“Biz böhranın hərbi yolla həllini istisna etmirik. Biz Suriya
konfliktinin mərkəzində olmaq istəmirik, amma bütün mümkün olanları
etmək niyyətindəyik ki, insanların kimyəvi hücum təhdidindən qoruya
bilək. ABŞ Moskvanın Prezident Bəşər Əsədi müdafiə etməkdən
imtinası üçün Rusiyaya təzyiqlərini davam etdirir”, – deyə o
bildirib.

“Suriyanın şərqində bizimlə çalışan bəzi güclərin
(söhbət PKK/YPG terror təşkilatından gedir –red.) Afrinə getdiyini
görürük”.
Bunu ABŞ Dövlət Departamentinin rəsmi
nümayəndəsi Hizer Noyert mətbuat konfransında söyləyib.

“Suriyanın şərq hissəsində İŞİD terror təşkilatına qarşı döyüşən
güclər Afrinə doğru hərəkət edirlər. Afrində baş verənlər diqqəti
İŞİD-ə qarşı mübarizədən yayındırır”, – o deyib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu
Suriyanın Afrin bölgəsində yanvarın 20-dən “Zeytun budağı”
əməliyyatı həyata keçirir. YPG Afrindəki itkiləri Suriyanın digər
bölgələrindəki döyüşçülərin hesabına kompensasiya etmək istəyir.
Artıq YPG-nin Afrinə keçən bir neçə qrupu qeydə alınıb. Onların bir
hissəsi isə Türkiyə Silahlı Qüvvələri tərəfindən aşkarlanaraq məhv
edilib.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq probleminin
nizama salınması üzrə planı demək olar ki, başa
çatdırılıb.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi
Hikki Heyli Çikaqo Universitetinin Siyasət İnstitutunda çıxışında
bildirib.

O əlavə edib ki, israillilər və fələstinlilər “planı
sevməyəcəklər, həm də ona nifrət etməyəcəklər”.

“Administrasiya planı bitirir. Onu tezliklə təqdim edəcəklər.
Planı münaqişə tərəflərindən heç biri sevməyəcək, həm də ona nifrət
etməyəcək”, – diplomat deyib.

Heylinin sözlərinə görə, Trampın məsləhətçisi Cared Kuşner və
beynəlxalq danışıqlar üzrə ABŞ-ın xüsusi nümayəndəsi Ceyson
Qrinblatt hələ bir neçə variant arasında tərəddüd edir.

“Dövlət administrasiyası faktiki olaraq Moskvanı
razılaşmağa çağırır ki, BMT-nin sülhməramlıları Donbasda işğal
ordusu rolunu oynasınlar və onu nəlbəkidə Kiyev rejiminə versinlər.
Nəticədə, Kiyev Donbasda çoxdan nəzərdə tutulmuş təmizləməni həyata
keçirəcək”.
Bunu ABŞ-ın Dövlət Departamentinin
bəyanatını şərh edən Rusiyanın Federasiya Şurasının üzvü Aleksey
Puşkov bildirib. O qeyd edib ki, belə sxem qeyri-mümkündür və
Dövlət Departamenti bunu vaxtında anlamalıdır.

Rusiya xüsusi xidmət orqanları yaxın zamanlarda
Ukrayna Provaslav Kilsəsinin dini təşkilatlarından provokasiya,
dini məbədlərin ələ keçirilməsi üçün istifadə edəcək.

Bunu jurnalistlərə açıqlamasında Ukrayna Təhlükəsizlik Xidmətinin
rəhbərinin müavini Viktor Kononenko söyləyib.

“Onlar Ukraynadakı dini məbədləri ələ keçirməyi planlaşdırırlar.
Bununla onlar Ukrayna Provaslav Kilsəsinə inananlar arasında
konflikt yaratmaq istəyirlər”, – deyə o bildirib.

Bir neçə il sonra böyük müharibə
başlayacaq.
Bunu ZİK televiziyasına müsahibəsində
ukraynalı deputat Nadejda Savçenko söyləyib. Onun sözlərinə görə,
bu müharibə Ukrayna, Rusiya və Avropaya təsir edəcək:

“Sülhməramlı missiya Donbas problemini həll etmək gücündə deyil.
4-5 il sonra bizi böyük müharibə gözləyir. Burada təkcə Ukraynanın
yox, Rusiya və Avropanın da sərhədləri bölünəcək. Təəssüf ki,
Ukrayna poliqon olacaq”.

ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR)
qarşı yeni genişmiqyaslı sanksiyaları tətbiq etməyə qərar
verib.
Bu haqda Ağ Evdəki şəxsi mənbələrə istinadən
“Röyters” agentliyi yazıb.

Söhbət Şimali Koreyaya qarşı sanksiyaların ən böyük paketindən
gedir. Hədəf KXDR-i nüvə proqramından imtina etməyə və
denuklerizasiya prosesinə başlamağa məcbur etməkdir.

Gözlənilir ki, ABŞ prezidenti Donald Tramp mühafizəkar siyasi
güclərin nümayəndələrinin konfransında çıxış zamanı yeni
sanksiyalar haqqında danışacaq. Konfrans bu gün keçiriləcək.
Maliyyə Nazirliyi daha sonra detalları dərc edəcək.

Yanvarın əvvəlində Donald Tramp bildirib ki, Şimali Koreyaya
qarşı tətbiq edilən sanksiyalar artıq öz təsirini göstərməyə
başlayıb, xüsusi halda, Pxenyan Seulla dialoqa başlamağa məcbur
olub.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp