İlham Əliyevdən aqrar sahə ilə bağlı mühüm sərəncam



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev aqrar sahənin texniki təminatının
gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam
imzalayıb.

Son dövrlərdə ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən
olan aqrar sektorda dövlət dəstəyinin gücləndirilməsi istiqamətində
bir sıra mühüm işlər görülmüşdür. Həyata keçirilən tədbirlər
çərçivəsində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti on mindən çox
müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən müasir
tipli pambıqyığan və taxılbiçən kombaynlar, traktorlar, yedəklər və
digər kənd təsərrüfatı texnikası alaraq respublikaya gətirmişdir.
Ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilmiş, dövlət
büdcəsinin vəsaiti hesabına ilkin dəyərinə 40 faiz güzəşt tətbiq
edilməklə həmin maşın və mexanizmlər fermerlərə satılmışdır.
Görülən məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatının
ənənəvi sahələri sayılan pambıqçılığın, taxılçılığın,
çəltikçiliyin, çayçılığın, bağçılığın və digər sahələrin dayanıqlı
inkişafı təmin olunmuşdur, yeni yaradılan pambıq qəbulu məntəqələri
və pambıq emalı zavodları isə hazırda avadanlıqla təchiz
edilir.

Bununla belə, uzun müddət istismarda olmuş kənd təsərrüfatı
texnikasının bir hissəsinin texniki parametrlərinin və keyfiyyət
göstəricilərinin müasir standartlara uyğun gəlməməsi səbəbindən,
innovativ və yeni mütərəqqi becərmə texnologiyalarının tətbiqi ilə
əlaqədar texnika parkının yenilənməsi, məhsul istehsalçılarının
müasir kənd təsərrüfatı texnikasına tələbatının fasiləsiz və
davamlı ödənilməsi sahəsində əlavə tədbirlər görülməsi
zəruridir.

Sərəncamda qeyd olunur ki, bu istiqamətdə işlərin davam
etdirilməsinin vacibliyini nəzərə alaraq, taxılçılıq, pambıqçılıq,
çəltikçilik, çayçılıq və bağçılıq kimi ənənəvi kənd təsərrüfatı
sahələrinin davamlı inkişafı, kənd təsərrüfatı məhsulları
istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və
avadanlığa ehtiyacını ödəmək məqsədilə Azərbaycan Prezidentinin
2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1.6.1-ci yarımbəndində göstərilmiş
məbləğin 160 milyon manatı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə
ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll
etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə
maliyyələşməni təmin etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp