FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının
və nazirliyin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə fevralın
22-23-də nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə
çempionat keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, Respublika
Olimpiya Mərkəzində təşkil edilən yarışın açılışında Xocalı
soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.

Həmkarlar ittifaqının sədri Mehman İsmayılov tədbirdə çıxış
edərək Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən söhbət açıb, 26 il
əvvəl erməni vandallarının xalqımıza qarşı törətdikləri bu dəhşətli
faciənin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirib.

Sonra yarışlara start verilib. Ümumilikdə çempionatda 15
komandadan 60-a yaxın idmançı iştirak edib. Yüz və min metr
məsafəyə qaçış, hündürlüyə, uzununa tullanma və kürə itələmə
növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında
mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında
birinci yeri FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri
Gəncə Regional Mərkəzi, üçüncü yeri isə FHN-in Akademiyasının
komandası tutub.

Şəxsi göstəricilərə görə Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə
Xidməti) birinci, Rəvan Muradov (Bakı Regional Mərkəzi) ikinci,
Mirzə Hüseynzadə (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda
Xilasetmə Dövlət Xidməti) isə üçüncü olub.

FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev
tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə daha
yüksək nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.

Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının
sədri Mehman İsmayılov qalib gələn idmançılara uğurlar
arzulayıb.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar
diplom, kubok, medal və qiymətli hədiyyələrlə
mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp