“Böyük Dəbilqə” turnirinə start verildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük
Dəbilqə” turnirinə start verilib

Publika.az xəbər verir ki, üç gün davam edəcək
yarışın ilk günündə qadınlar 3, kişilər 2 çəki dərəcəsində çıxış
ediblər.

Qadınların yarışında Azərbaycanı yalnız Aişə Qurbanlı təmsil
edib. 1/16 final mərhələsindən mübarizəyə başlayan 48 kq çəkili
cüdoçu ilk görüşündə ispaniyalı Culiya Figeroaya uduzaraq
mübarizəni dayandırıb. 52 kq və 57 kq çəkilərdə azərbaycanlı xanım
cüdoçu olmayıb.

Kişilərdən isə 60 kq çəkidə Vüqar Şirinli yarışıb. Mübarizəyə
1/16 finaldan qoşulacaq Şirinli ilk iki görüşündə almaniyalı Morits
Plafki ilə özbəkistanlı Diyorbek Urozboyevi məğlub edib. Lakin 1/4
finalda yaponiyalı Ryuyu Naqayamaya məğlub olan azərbaycanlı cüdoçu
təsəlliverici görüşdə braziliyalı Erik Takabatake ilə qarşılaşmadan
da məğlub ayrılıb. Nəticədə o, 7-ci yerlə kifayətlənib.

Yeni – 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərovun ilk
qarşılaşması 1/32 finala təsadüf edib. O, ardıcıl olaraq,
filippinli Şugen Nakano və italiyalı Mateo Medvesi məğlub etsə də,
1/8 finalda ukraynalı Georgi Zantarayaya məğlub olub və mübarizəni
dayandırıb.

Azərbaycanın bu çəkidəki digər təmsilçisi Nicat Şıxəlizadə isə
1/16 final mərhələsindən mübarizəyə qoşulub. O, elə ilk görüşdəcə
ukraynalı Boqdan Yadova uduzaraq yarışla vidalaşıb.

Fevralın 24-də qadınlar 63 kq və 70 kq, kişilər 73 kq və 81 kq
çəki dərəcələrində mübarizə aparacaqlar. Ertəsi gün isə qadınlar 78
kq və +78 kq, kişilər isə 90 kq, 100 kq və + 100 kq çəki
dərəcələrində yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan yarışda 12 cüdoçu ilə təmsil olunur.
Kişilərdən Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə və Orxan
Səfərovdan (hər ikisi 66 kq) əlavə, Rüstəm Orucov, Hidayət Heydərov
(hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Tural Səfquliyev,
Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov
(hər ikisi 100 kq), qadınlardan isə Aişə Qurbanlı (48) ilə yanaşı,
İrina Kindzerska (+78 kq) mübarizə aparacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp