Bir “çıkkkk”lık xoşbəxtlik



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ulucay Akif

Bir neçə ay əvvəl uzaq bir qohumun toyunda idim.
Ümumiyyətlə, toyda iştirak etməyi sevməsəm də, bu dəfə məcbur
qalmışdım. Nə yalan deyim, bəylə gəlin elə xoşbəxt görünürdü ki,
həsəd aparmamaq əldə deyildi. Elə bil dünyadakı bütün
xoşbəxtlikləri onlara vermişdilər. Sonra onları görməsəm də, bu
təəssüratım bir neçə il davam elədi. Ta ki, dünən digər bir toyda o
cütlüyü görənədək…

Həmin bəyin qardaşının toyu idi. Bir neçə ay əvvəl xoşbəxtliyini
qısqandığım bəy həyat yoldaşının yanında əyləşsə də, o yoxmuş kimi
davranırdı. Elə bil toya tək gəlmişdi. Hamıyla gülərək, xanımı ilə
isə qaşqabaqlı, hətta bir az əsəbi danışırdı. Toyun axırına kimi
hamıyla rəqs etsə də, xanımı ilə rəqs etmədi. Masabəyi qardaşını
təbrik etmək üçün ona söz verəndə isə mikrofonu əlinə alıb belə
dedi:

– Bu dünyada sevib evlənmək hamıya qismət olmur. Qardaşım
bəxtəvər adamdır ki, sevib evlənir. Xoşbəxt olsunlar!

Hər şey aydın oldu. Artıq onlara yazığım gəlirdi. Ancaq xanım bu
sözləri deyən həyat yoldaşı ilə gülümsəyərək şəkillər çəkirdi.
Təbəssümü elə sadəcə şəkli çəkdiyi müddətdə davam edirdi. Bircə onu
görürdüm ki, xanımın təbəssümü telefon “çıkkkkk” edən kimi
sönürdü…

Bu gün böyük sevgi, karyera, uğurlu iş gələcəyi, qadın və
kişilərin hüquq bərabərliyindən danışan bir qız da universiteti
bitirən kimi evləndi. Evlənmədi, ərə getdi. Ərə də getmədi, ərə
verdilər. Özü də sübut etdi ki, onun üçün nə sevgi, nə iş, nə də
karyera önəm kəsb etmir.

Yox, yox, ailəsi zorla ərə vermədi o qızı. Əlbəttə ki, istəsə,
evlənməyə də bilərdi. Sevmədən evlənə bilməyəcəyini deyə bilərdi və
bunu etsə, heç kim onu zorla ərə verməyəcəkdi, amma demədi. Çünki
bəzi rəfiqələri artıq evlənmişdi və o da tezliklə evlənib ər çörəyi
yemək istəyirdi. Deyəsən, qızların arasında ən böyük rəqabət də elə
bu olur: “Kim daha tez evlənəcək və daha tez ər çörəyi
yeyəcək”.

Hə, bizim qızlar evlənəcəyi oğlanı cəmi 1 aya da seçə bilirlər.
Nə olsun? Nə olsun ki, evləndiyi oğlanı hələ bir aydır tanıyır? Nə
olsun ki, evləndiyi oğlanla danışanda ona “siz”, ya “sən” deyə
müraciət etməli olduğunu hələ bilmir? Nə olsun ki, evləndiyi
oğlanın nə musiqi zövqünə, nə də digər maraqlarına bələddir?
Oğlanın xarici görünüşünün də onun ürəyincə olmamasının heç bir
əhəmiyyəti yoxdur. Əlbəttə, bunların hamısı boşdur. Əsas odur ki,
rəfiqəsinə oğlanın sürdüyü maşının, işlədiyi yerin adını və maaşını
deyəndə rəfiqəsinin gözləri bərələ qalmışdı. Elə ona da bu
lazımdır.

Əsas odur ki, indi nişan, toy günündən şəkillər paylaşıb xoşbəxt
olduğunu göstərir. Kiməsə nəsə sübut edir.

Sonra isə belə olur…Həyat yoldaşı vaxt tapanda onu gəzməyə
aparır, o da telefon əlində ancaq şəkillər çəkir və sosial
şəbəkələrdə paylaşır, rəfiqələrinə göndərir. Getdiyi məkanları
işarələyir. Heç həyat yoldaşı ilə iki kəlmə söz də danışmır
düz-əməlli, amma…

Əsas odur ki, həyat yoldaşı ilə çəkdiyi şəkillərdə gülür və
“Həyatımın mənası”, “Aşkım”, “Nə yaxşı ki, varımsan” tipli
başlıqlar yazıb paylaşır və onun bu bədbəxt hala gəlməsinə səbəb
olan rəfiqələri də şəklə “Əsl xoşbəxtlik”, “Canım, həmişə belə
xoşbəxt ol”, “Xoşbəxt olmağa layiqsən” kimi şərhlər yazırlar.

Görəsən bu aqibəti yaşayan, ya da yaşayacaq rəfiqələr doğrudanmı
onun xoşbəxt olduğunu düşünürlər? Onun üçün bu addımdan sonra qadın
olmağın bitdiyinin fərqində deyillərmi? Belə evlilikdən sonra bəlkə
də o, yaxşı həyat yoldaşı, yaxşı ana ola biləcək, amma heç vaxt
xoşbəxt qadın olmayacaq

Və əminəm ki, bir gün o da övladına “Sevib evlənmək nədir?
Düz-əməlli biri ilə evlən. Sevgi zamanla da yaranar. Gedib aclıqdan
ölmə!” – deyərək həyatdan intiqam alacaq.

Beləcə… dünya bədbəxt körpələrlə dolub-daşacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp