Bakıda su borusu partladı, 10 evi su basdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda gecə saatlarında su borusu partlayıb, bir neçə
evi su basıb.

Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1 A massivində qeydə
alınıb. Nəticədə təxminən 10 evin həyətyanı sahəsini su basıb.

Sakinlər bildirib ki, 14 ildir burada yerləşən su borusu
mütəmadi olaraq qırılır. Nəticədə yollar keçilməz olur, evləri isə
su basır.

Gecə saatlarında ev sahibləri həyətyanı sahələrinin suyunu
təmizləyib. Borudan gələn suyun qarşısını isə Azərsu ASC-nin
əməkdaşları alıb. Sakinlər bildirib ki, ASC əməkdaşları üç massivə
verilən ana borudakı suyun verilməsini dayandırıb. İndi evlərə
içməli su gəlmir. Bununla bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə və
Azərsu ASC-yə dəfələrlə müraciət edilib.

Ərazidə yaşayan sakin Əfqan Məmmədov neçə ildir bu problemi
yaşadığını deyib:

“AzərsuASC-nin əməkdaşları gəlib partlayan hissəyə taxta ilə
yamaq vurdular. Buna baxmayaraq, hələdə su axır küçələrə. Bizə 14
ildir ki deyirlər ki, borunu təmir etdirəcəyik. Burda öz hesabımıza
küçənin asfalt qatını düzəltdirmişdik. Lakin su borusuna görə
küçələr keçilməz olub. Səhər uşaqları məktəbə aparanda palçığa
bataraq gedirik. Su gələndə bir tərəfdən sevinirik, digər tərəfdən
qorxu hissi keçiririk. Çünki su veriləndə boru partlayır, su
evlərimizə daxil olur”.

Massiv sakinlərinin dediyinə görə, partlayış ana boruda baş
verir. Bunun əsas səbəbi kimi isə borunun istismara yararsız olması
göstərilir.

Sakinlərdən Gülnarə Ağayeva da bu problemdən bir neçə ildir
əziyyət çəkdiklərini söyləyib: “Küçəyə “Təcili tibbi
yardım”maşınları da girmir. Çünki borudan axan içməli su yolu
keçilməz hala salır”.

Çəkiliş zamanı bir neçə evin həyətinə baxan zaman orada kiçik
gölməçələrin olduğunu gördük. Ancaq ev sahibləri suyun daş hasarın
üzərinə qoyduğu izlə sübut edir ki, həyətyanı sahə çəkiliş
aparılmamışdan öncə təxminən bir-iki metr hündürlüyünə çatıb. Onlar
bel vasitəsilə borudan hələ də sızan suyun qarşısını almaq üçün
qazıntı işi aparıb. Sızan suyun istiqaməti dəyişdirilib.

(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp