Azərbaycanın fenomeni – Bu gün Banişevskinin doğum günüdür



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Hər millətin öz dəyərləri var. Sahəsindən asılı
olmayaraq, bu dəyərlər heç vaxt unudulmamalı, yaddan çıxmamalıdır.
İllər keçsə də, əsrlər ötsə də, gələcək nəsillər bu dəyərlərdən
mütləq xəbər tutmalıdır.

Bu gün Azərbaycan futbolunun ən böyük simalarından biri olan
Anatoli Banişevskinin doğum günüdür. Maradona, Messi Argentina,
Pele Braziliya, üçün kimdirsə, “Tolik” də bizim üçün eyni dəyərdə
əfsanədir. Təəssüf ki, indi yalnız xatırlamaqla kifayətlənirik.
Ondan bizə qalan çox az xatirələr var.

Anatoli Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda
dünyaya gəlib. O, 1964-cü ildən “Neftçi”nin uğurları üçün çalışmağa
başlayıb. “Ağ-qaralar”ın heyətində olduğu zaman Rusiya klublarından
dəfələrlə təklif almasına baxmayaraq, o, Bakını heç bir şəhərə
dəyişməyib. Banişevski “Neftçi”nin 9 nömrəli futbolkasını 1978-ci
ilə kimi daşıyıb. Bu müddətdə “Ağ-qaralar”ın heyətində SSRİ
çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15
qol vurub.

Əfsanəvi hücumçu 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının,
SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə
Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında
keçirdiyi 50 oyunda rəqib qapılarından 19 top keçirib.

Banişevski məşqçilik fəaliyyətinə 1981-ci ildə doğma klubu
“Neftçi”də başlayıb. Bir il “Ağ-qaralar”da çalışdıqdan sonra
Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun
gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi olub.
O, SSRİ-nin əməkdar idman ustası idi. Müstəqillik dövründə
Banişevski “Şöhrət ordeni”ylə də təltif edilmişdi.

Xatırladaq ki, Banişevski mədəaltı vəzi xəstəliyindən əziyyət
çəkib. Sonra şəkər xəstəliyinə də mübtəla olub. Təəssüf ki, özü
idmançı olsa da, səhhətində ciddi problemləri olub. Xəstəliyi
1979-cu ildə başlamışdı, 1988-ci ildə daha da kəskinləşdi. İynədən
dəhşətli dərəcədə qorxurmuş. 51 yaşında o, 70-i haqlamış taqətsiz
qocaya bənzəyirdi. Şəkər dişlərini tökmüşdü.

Əfsanəvi futbolçu uzun sürən xəstəlikdən sonra 1997-ci ilin
dekabrında vəfat etdi. Banişevskinin ordenini qızına təqdim
etdilər. Orden hazır olanda artıq onun sahibi həyatda yox idi. Ona
münasibət birmənalıdır: “O, fenomen olub. O, Azərbaycanı heç nəyə –
pula, şöhrətə dəyişməyib. Onun kimisi 100 ildə bir dəfə
doğulur”.

Həmişə olduğu kimi, yenə dostları, sabiq oyundaşları, ailə
üzvləri Banişevskini yad edəcək, onunla bağlı xatirələri
bölüşəcəklər. Onun kimi dahini ildə cəmi iki dəfə – doğum və ölüm
günündə xatırlamaq çox azdır. Azərbaycan futbolunun vur-tut bir
fenomeni var. Onun adına hər hansı futbol turniri təşkil etmək
bəlkə də “Tolik”in gələcək nəsillərin yaddaşında qalması üçün yaxşı
vasitə olardı.

Ruhun şad olsun, dahi futbolçu!

Pərviz Hikmət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp