“Aşıq Ədəbiyyatı Antologiyası” toplusu təqdim olundu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bankın “Aşıq
Ədəbiyyatı Antologiyası” toplusu nəşr edilib.

Publika.az xəbər verir ki, toplunun
təqdimatında mədəniyyət və incəsənət xadimləri, yazıçılar,
ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən akademik Nizami Cəfərov, Azərbaycan Aşıqlar
Birliyinin sədri Məhərrəm Qasımlı, professor Qəzənfər Paşayev və
başqaları “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun əhəmiyyətindən
danışıblar.

Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqının mədəni irsinin
sütunlarından biri olan aşıq yaradıcılığı incilərinin toplandığı
üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını
əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri – “Aşıq
Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun
uzunmüddətli tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən
(“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”)
ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib
olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik
və əcnəbi sözlər lüğəti öz əksini tapıb.

Nəşrin tərtibçilərindən biri filologiya elmləri doktoru,
professor Mahmud Allahmanlının sözlərinə görə, ilk dəfə olaraq
xalqımızın əsrlər boyu nəsillərdən-nəsillərə ötürərək qoruduğu aşıq
ədəbiyyatı nümunələri, eləcə də böyük ustad-sənətkarlarımız Dədə
Qorquddan üzü bəri bir toplu halında cəmlənir: “Bu toplunun
yaranması xalqımızın milli-mənəvi mədəniyyətinə dərin hörmət və
sevginin ifadəsidir. Son dövrlərdə Azərbaycan folklorşünaslığı
milli ədəbiyyatımızın ən qədim nümunələrinin tədqiqi, toplanıb
ortaya çıxarılması və nəşri istiqamətində mühüm nailiyyətlərə imza
atmaqdadır. Antologiyaya daxil edilən nümunələr müxtəlif
mənbələrdən zərrə-zərrə toplanaraq, dərindən tədqiq edilərək
xalqımızın əmanəti şəklində yenidən xalqa qaytarılır. Nəşrlə bağlı
maraqlı məqamı vurğulamaq istərdim, 2015-ci ilin əvvəllərində
layihə üzərində işlərkən, biz, o zaman Azərbaycan Aşıqlar
Birliyinin sədri olan, aşıq sənətinin görkəmli bilicisi Xalq şairi
Zəlimxan Yaquba müraciət etdik və ondan antologiya üçün məqalə
yazmasını xahiş etdik. Daim “Xalq Əmanəti” layihəsinin poetik
toplularının təqdimatlarında iştirak edən şairimiz gördüyümüz işə
çox sevindi, xeyir-duasını verdi və nəşr üçün mütləq məqalə
yazacağına söz verdi. Yazdı da… Amansız xəstəlik onu taqətdən
salsa da, o öz sözünə sadiq qaldı. Əfsuslar olsun ki, antologiyanı
görmək Zəlimxan Yaquba qismət olmadı, “Aşıq poeziyası” cildinə
daxil olan “Dahilik, müdriklik və sadəlik” məqaləsi isə böyük
şairimizin ömrünü həsr etdiyi poeziya sənətinə son töhfələrindən
biri oldu.

“Xalq Əmanəti” layihəsi Xalq Bankı tərəfindən 2010-cu ildən
etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub
gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya
tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan
kitablar üç dildə – azərbaycan, ingilis, rus dillərində çap olunur.
Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və
kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici
ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən
səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə,
kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman
ərzində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,
Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də
Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza
Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun,
şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər
təşkil olunmuş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd
Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin
seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin
“Azərbaycan sikkələri” kitabı işıq üzü görüb. Layihənin rəhbəri
Rafiq Həşimov, redaktoru Səlim Babullaoğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp