Əli Həsənov: Qarabağda erməni muxtariyyətinin yaradılması…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Xocalı soyqırımı – erməni təcavüzkarları tərəfindən XX
əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır
cinayətdir. Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə
məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən
ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı
Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş
hadisələrdən heç nə ilə fərqlənmir”. Bu barədə Azərbaycan
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix
elmləri doktoru, professor Əli Həsənov Moskvada çıxan
“İrs-Naslediye” jurnalının növbəti nömrəsində dərc olunmuş
məqaləsinin birinci hissəsində yazır.

Axar.az xəbər verir ki, Əli Həsənov məqaləsində hələ XIX əsrin
əvvəllərində, Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra
ermənilərin İran və Türkiyədən Azərbaycanın əzəli torpağına –
Qarabağın strateji əhəmiyyətli dağlıq hissəsinə kütləvi
köçürülməsini sübut edən tarixi faktları misal göstərir. “Bu
regionda ermənilərin sayının süni artırılması XX yüzilliyin
əvvəlində erməni ifrat millətçiləri tərəfindən azərbaycanlıların
talanlarına çevrildi. Bu dövrdə erməni şovinistləri “Daşnaksütyun”
partiyasının proqramında irəli sürülmüş “böyük Ermənistan”
ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından
qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata
keçirməyə başladılar. 1905-1906-cı illər Bakı, Gəncə, Qarabağ,
İrəvan, Naxçıvan, Ordubad, Şərur-Daralagöz, Tiflis, Zəngəzur, Qazax
və bir çox şəhərlərdə dinc azərbaycanlı əhalinin kütləvi qanlı
talanları ilə xatırlanır, bir çox şəhərlər və kəndlər xarabalığa
çevrildi”, – deyə müəllif yazır.

Dağlıq Qarabağda muxtar vilayətin yaranması tarixini xatırladan
Ə.Həsənov yazır ki, 1923-cü il iyunun 7-də Qarabağın dağlıq
hissəsində Xankəndi mərkəz olmaqla erməni muxtar vilayəti
yaradıldı. “Muxtariyyət statusu vilayətin yerli sakinləri olan
azərbaycanlıların rəyi nəzərə alınmadan verildi”, – deyə müəllif
qeyd edir. Ə.Həsənovun fikrincə, Qarabağda erməni muxtariyyətinin
yaradılması nəinki Azərbaycanın inzibati-ərazi bütövlüyünü pozurdu,
həmçinin bundan sonrakı erməni ərazi iddiaları üçün başlanğıc
nöqtəsi oldu. Eyni zamanda, XX əsrin ortalarında Ermənistandan 150
minə yaxın azərbaycanlı məcburi olaraq köçürüldü.

Məqalədə qeyd olunur ki, 1988-ci ilin fevralında Dağlıq
Qarabağda erməni siyasətçilərinin və onların havadarlarının uzun
illər ərzində hazırladıqları və vilayətdə vəziyyətin
gərginləşdirilməsinə yönəldilən planın reallaşdırılmasına
başlanıldı. Sovet rəhbərliyinin açıq-aşkar ermənipərəst mövqeyinə
söykənən natamam siyasəti vəziyyətin sonrakı gərginləşməsinə
gətirib çıxardı. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsində
30-dan çox yaşayış məntəqəsi talan edildi və yandırıldı, 1992-ci
ilin əvvəlində erməni qüvvələri DQMV-nin azərbaycanlılar yaşayan
sonuncu məntəqəsini işğal etdilər. Daha sonra məqalədə Xocalı
soyqırımına gətirib çıxaran hadisələr təfsilatı ilə şərh
edilir.

Qeyd edək ki, məqalənin davamı jurnalın növbəti nömrəsində dərc
olunacaq.

“Redaktorun sütunu” rubrikasında nəşrin baş redaktoru Musa
Mərcanlı oxuculara “İrs-Azərbaycan inciləri” seriyasından ingilis
və fransız dillərində səkkizinci kitabının və jurnalın qazax
dilində birinci nömrəsinin nəşrindən söz açır. O yazır ki, mayın
28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Ötən
ildən jurnalda bu mövzuya həsr olunmuş rubrika fəaliyyət göstərir.
Bundan bir qədər əvvəl isə erməni ifrat millətçiləri tərəfindən
dinc azərbaycanlı əhalinin qanlı talanlarının 100 illiyi tamam
olur. Bu məşum hadisə hər il Azərbaycanlıların Soyqırımı Günü kimi
qeyd edilir. Baş redaktor Xocalıda baş verən faciəli hadisələri
Cənubi Qafqazda müasir etnik təmizləmə mərhələsinin ən dəhşətli
epizodu adlandırır. O qeyd edir ki, “İrs-Naslediye” jurnalının yeni
nömrəsində həm Xocalı soyqırımına, həm də bu geniş mövzunun digər
aspektlərinə həsr olunmuş materiallar verilib.

Bu nömrədə “1918-ci ilin mart soyqırımı belaruslu fotoqrafın
gözü ilə”, böyük şair Hüseyn Caviddən bəhs edən “Dahi romantikin
taleyi”, habelə “Müsəlman korpusu”, “Azərbaycanın baş örtükləri
barədə”, “Erməni folklorunda Azərbaycan mənbələri” və digər
məqalələr də yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp