Xocalı faciəsinə həsr edilmiş tamaşa nümayiş olundu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı
faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir
keçirilib.

Teatrdan Publika.az-a verilən məlumata görə,
tədbir Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi
və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə
reallaşıb.

Anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı
qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlayıb. Daha sonra teatrın pedaqoq-təşkilatçısı, Əməkdar artist
Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən
davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz
qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi
köçkünə çevrilməsindən danışaraq Xocalı soyqırımının heç zaman
unudulmayacağını vurğulayıb. Natiq 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu
nəticəsində 613 nəfərin öldürüldüyünü, bu soyqırımı faktının
dünyada tanısılmasını, cinayətkarların cəza alacağına inamı qeyd
edib.

Tədbir iştirakçıları teatrın repertuarında yer alan S.Elsevərin
Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşasına baxıblar.
Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri
teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram
Osmanovdur.

Tamaşaya baxışdan sonra Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evinin təbliğat və
hərbi kütləvi iş bölməsinin rəisi, kapitan Ramil Qasımov çıxış
edərək bildirdi ki, Xocalı soyqırımı tarixə qanla yazılan faciədir.
Bu faciə illər, əsrlər ötsə də xalqımızın yaddaşından silinməyəcək
və soyqırımı qurbanlarının xatirəsi daim yaddaşlarda yaşayaraq,
ruhları əziz tutulacaq. Bu gün bizim güclü ordumuz var. O güclü
ordunun rəşadətli oğulları soqırım qurbanlarının erməni
daşnaklarından qisasını alacaq , ata-baba torpağını düşmən
torpaqlarından azad edəcək , üçrəngli bayrağımızı Qarabağ
torpaqlarında dalğalandıracaq.

Tədbirin sonunda MZE-nin nümayəndəsi kapitan R.Qasımov Müdafiə
Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr
idarəsinin rəisi general-mayor Rasim Əliyevin adından teatrın
rəhbərliyi və kollektivinə təşəkkürünü bildirib və tamaşanın
yaradıcı heyəti gənc nəslin hərbi vətənpərvərlik ruhunda
tərbiyəsində göstərdikləri təşəbbüsə görə Fəxri fərmanlar təltif
edilib.

Qeyd edək ki, səhnə əsərində əsas obrazları Əməkdar artist Gülər
Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə
Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm
Hadızadə, Elşən Şıxəliyev və İlham Əsədov ifa edib. Tamaşanı
Müdafiə Nazirliyinin zabit, əsgər və kursant heyəti, Səbail rayon
50 saylı orta məktəbin müəllim və şagird kollektivi, Xocalı
dəhşətlərinin şahidi olan sakinlər böyük maraq və həyəcanla
izləyibilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp