XİN və Prokurorluq Sumqayıt hadisələri ilə bağlı BƏYANAT verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu
1988-ci ildə Sumqayıt şəhərindən ermənilər tərəfindən törədilən
ixtişaşlarla əlaqədar birgə bəyanat yayıb.

Publika.az bəyanatın tam mətnini təqdim
edir:

“1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana
qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirməyə
cəhd göstərərək zorakılıq əməllərinə, terrora, etnik zəmində
təxribatlara və hərbi gücdən istifadəyə əl atdı. Bu zorakılıq
əməlləri Azərbaycanın Dağlıq Qarabağ regionu və Ermənistan
ərazisində yaşayan köklü Azərbaycan əhalisinə qarşı hücumlarla
başlayaraq, 1991-ci ildən Ermənistanın Azərbaycana qarşı açıq hərbi
təcavüzü ilə davam etdi, minlərlə azərbaycanlı mülki əhalinin
öldürülməsi, bir milyondan artıq azərbaycanlının Ermənistan
ərazisində və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik
təmizləməyə məruz qalması, işğal olunmuş ərazilərin talan edilməsi
ilə nəticələndi.

Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi
qovulmasını, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını,
Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni işğalçılıq və anneksiya
siyasətini və bu məqsədə nail olmaq üçün zorakı metodlarını
“əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniya həyata keçirən
Ermənistan rəhbərliyi, erməni şovinist ideoloqları və ekstremist
təşkilatları 80-ci illərin sonlarında Azərbaycanın müxtəlif
regionlarında etnik zəmində qarşıdırma planlaşdırır və həyata
keçirirdilər.

1988-ci ilin fevralında Sumqayıtda etnik zəmində törədilən
iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların
kulminasiyası idi.

Bakının 30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif
millətin yaşadığı Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.000
nəfər təşkil edirdi və bunun təqribən 18.000-ni etnik ermənilər
idi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər
hansı qarşıdurma olmamış və bu gün də Sumqayıt digər Azərbaycan
şəhərləri kimi çoxmillətli və çox konfessiyalı xüsusiyyətini
saxlamaqdadır.

1988-ci ilin 26 fevralında Sumqayıtın mərkəzi meydanı
Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki
gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu.
Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz
aksiyası iğtişaşa doğru təhrik edildi.

İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən
cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir
Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb
edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan
ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş
Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş
zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü
müəyyən edildi, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs
cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olundi.

Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmiş istintaqla
iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin
qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ
Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq
məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri
müəyyən edilmədi.

Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun
üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın
qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası Baş
prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi
iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən
istintaqı aparilaraq sonradan dayandırılmış 5 cinayət işinin
icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın
aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə
prokurorluq, daxili işlər nazirliyi və dövlət təhlükəsizlik
xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış
istintaq-əməliyyat qrupuna həvalə edildi.

Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların
qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş
Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət
Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub.
SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan
ayrılmasının qeyri-qanuniliyi dərk edən erməni ideoloqları və SSRİ
rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və
azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü
əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan
ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq
üçün bu təxribata əl atmışlar.

Həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi SSRİ-nin
əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma
meyllərini dayandırmaq, sərt repressiya metodlara əl atmağa bəraət
qazandırmaq və güclü mərkəzi Sovet hakimiyyəti olmadan Sovet
respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək
olmuşdur. Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK
tərəfindən Oş (Qırğızıstan), Fərqanə (Özbəkistan), Tbilisi
(Gürcüstan), Vilnüs (Litva) və digər ərazilərdə təşkil
olunmuşdu.

Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt
şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili
Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və
texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına
alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməyib.

Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən
hazırlanmış siyahı və xüsusi plan əsasında əslən erməni olan
Sumqayıt şəhər sakini, dəfələrlə məhkum olunmuş Eduard Qriqoryanın
bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilmiş,
hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan
ayrılması məqsədini güdən gizli “Krunk” və “Karabakh” komitələrinə
ianə verməkdən imtina edən şəxslər olmuşlar.

İğtişaşlarda E.Qriqoryan ermənilərə qarşı xüsusi qəddarlığı ilə
seçilmiş, zorlamaya məruz qoyduğu erməni Məjlumyan bacıları
tərəfindən istintaq zamanı qəti olaraq tanınmışdır. Məhkəmənin
hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan
sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal
müəmmalı şəkildə azadlığa buraxılıb. Hazırda istintaqı aparılan
cinayət işi üzrə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qrup
halında zorlama və digər ağır cinayətləri törətməkdə
təqsirləndirilən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan
tədbiri seçilərək beynəlxalq axtarış elan edilmiş E.Qriqoryanın
faktiki yaşadığı ünvanın operativ kanallarla müəyyən olunmasına və
ictimaiyyətə bu barədə məlumat verilməsinə baxmayaraq, o,
Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü
ölkənin ərazisində azadlıqda yaşamaqda davam edir.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın
azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı,
hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq, daha geniş
miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən
göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr
tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilmişdir.

SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura
tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış
vasitələrlə foto-video çəkilişi aparılmış və dərhal SSRİ
ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə
anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılmışdır.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt
hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya
məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata
keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən
istintaq materialları ilə həmin iğtişaşların məhz erməni
millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə
nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və
təkzibedilməz faktlarla sübuta yetirilib.

Hazırda qeyd olunan iğtişaşların bütün sifarişçisi və
iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması,
eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində
kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp