Toğrul Nərimanbəyovun qızı atası ilə bağlı İNANILMAZ FAKTLAR AÇIQLADI: Onun məzarının…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Publika.az-ın müsahibi Azərbaycan rəssamlıq məktəbinin
əvəzsiz siması Toğrul Nərimanbəyovun qızı, əməkdar rəssam Əsmər
Nərimanbəyovadır.

– Əsmər xanım, böyük rəssamımız Toğrul Nərimanbəyovun
övladısınız. Yəqin ki, bu fakt peşə seçiminizə təsirsiz
ötüşməyib.

– Bilirsiniz, hər şeydən öncə atam mənim ən yaxın dostum idi.
Bundan əlavə, bizi sənətə sevgi birləşdirirdi. Rəsmlərimə böyük
diqqətlə yanaşırdı. Yəqin ki, mən çox şanslı insanam, iki
sənətkarın ailəsində dünyaya gəlmişəm. Anam Elmira Hüseynova da
heykəltəraş idi. Təbii ki, belə bir ailədə doğulmaq rəssam kimi
formalaşmağımda böyük rol oynayıb.

– Toğrul Nərimanbəyovun həm də güclü tenor səsi vardı.
Bildiyimə görə, atanız sizinlə birgə gözəl əsərlər ifa etmək
arzusunda da olub.

– Atam məni musiqiyə yönəltmək istəyirdi. Hətta onunla birgə ifa
etməyimi də arzulayırdı. Eyni anda piano dərsləri də alırdım.
Bilirsiniz, incəsənətin iki növü ilə eyni anda məşğul olmaq hər
kəsə nəsib olmur. Buna görə mən öz taleyimdən çox razıyam. Çünki bu
iki sahə bir-birini tamamlayır. Musiqini rənglərdə, xətlərdə təsvir
etmək böyük xoşbəxtlikdir. Mən rəssamlığı seçdim və Tbilisi
Rəssamlıq Akademiyasına qəbul olundum. O ki qaldı musiqi
fəaliyyətimə, atamın repertuarındakı əsərləri onun qədər peşəkar
ifa edə bilməsəm də, hamısını əzbərləməyə çalışmışam. Hətta vokal
dərsləri almağa qərar vermişəm. Yəqin bilirsiniz ki, zamanında
atamın dəfələrlə Avropada, xüsusən də İtaliyada konsertləri təşkil
olunub.

– Toğrul Nərimanbəyovla Səttar Bəhlulzadə yaxın dost
olublar. Bu parlaq dostluq xatirələrini bölüşə
bilərsinizmi?

– Bəli, bu dostluğun çox gözəl tarixçəsi var. Atam Səttar bəyin
çox yaxın dostu, həmçinin onun yaradıcılığının böyük pərəstişkarı
idi. Emalatxanası mənzilimizin altında idi. Biz onunla sözün əsl
mənasında qonşu idik. Tez-tez qonağımız olurdu. Hətta bəzən
həftələrlə bizdə qalırdı. Buna nəinki ailəmiz, valideynlərimin
sənətkar dostları da çox sevinirdilər. Axşamlar hamı bizə gəlib,
qonağımızın ətrafında toplaşardı. Adətən məclis səhərə yaxın
bitərdi. Yazıçı Anar, Maqsud və Rüstəm İbrahimbəyovlar, Xəyyam
Mirzəzadə, Vaqif və Yusif Səmədoğlular, Fikrət Qoca və adlarını
sadalamadığım mədəniyyətimizin digər işıqlı simaları ailəmizin
doğma insanları idi. Sizə altmışıncı illərin sonu, yetmişinci
illərin ortalarından danışıram. Atamla anam Səttar Bəhlulzadənin
çox gözəl portretlərini yaratmışdılar. Hətta anamın əsəri hazırda
Muzey Dəyərləri arxivində saxlanılır. Mənim ən böyük arzum o
heykəli restavrasiya etdirib, yenidən sərgilərə qaytarmaqdır.
Mədəniyyət və Turizm Nazırliyinin rəhbərliyi bu arzumu
gerçəkləşdirməkdə yardım edəcəyinə söz veriblər. Səttar bəy mənə də
olduqca dəyərli, gözəl xatirələr qoyub gedib. O, əsasən qara
flamasterlə işləməyi sevirdi. Mənə çoxlu qrafik rəsmlər çəkirdi.
Şaxta babadan tutmuş, ərəb əlifbası ilə yazdığı şeirlərədək
hamısını əzizləyib saxlamışam.

– Rəssamın əsərlərini satmağına necə
yanaşırsınız?

– Məncə incəsənət iki hissəyə bölünür: Zərurətdən doğan və
ilhamın məhsulu. Bu iki anlayış bir-biri ilə sıx əlaqədədir. Rəssam
yalnız ilhamına güvənib yaşasa, gərək günlərlə, aylarla holsta
yaxınlaşmasın. Eyni zamanda, hər gün sifarişlə çalışmaq da yaradıcı
ruhu öldürür. Əsl peşəkar daim öz üzərində çalışmalıdır. Məsələn,
bir pianoçu ancaq ilhamı gələndə ifa etsə, çətin əsərlərin
öhdəsindən gələ bilməyəcək. Rəssamlıq da belədir. Bütün dahi
sənətkarlar uşaqlıqdan fasiləsiz incəsənətlə ciddi məşğul
olanlardır. Peşəkar olmaq üçün bu vacibdir. Rəssamın ilham pərisi
bir anda gələn qığılcımdır. Oturub, aylarla onu gözləməyə gərək
yoxdur. Bu sənətə can atanlara həmişə deyirəm ki, hər gün heç
olmasa, on, ya iyirmi xətt çəkin, amma mütləq işləyin. Əlinizi,
beyninizi bu işə alışdırın ki, çəkdikləriniz ruhunuza hopsun.
Rəssamın əsərləri onun daxili aləminin təzahürüdür. Onları yalnız
satmaq üçün çəkmək məncə, doğru deyil. Məsələn, Yan Vermeer
ixtisasca mühasib olub. Bununla yanaşı, çox gözəl rəsmlər yaradıb.
Amma heç vaxt əsərlərini satmayıb. Yalnız ölümündən 200 il sonra
əsərləri evinin zirzəmisindən tapılıb. Bu əsərlər öz möhtəşəmliyi
ilə bu gün də hər kəsi heyran qoyur. Lakin öz fikrimi insanların
beyninə güclə yeritməyə haqqım da yoxdur. Axı bir tərəfdən də bizim
çörəyimiz bu işdən çıxır. Ümumiyyətlə, rəssam əsərlərini yaradanda
zövq alır. Kimsə bunu maddi baxımdan da dəyərləndirirsə, bu ikiqat
zövqdür. Bizi daha çox işləməyə sövq edir.

– Bəs əsərlərinizi hədiyyə edirsiniz?

– Siz konsertə, yaxud teatra gedəndə bilet almaq üçün pulunuzdan
keçirsiniz axı. Rəssamlıq da sənətkarın bacarığının nümayişidir.
Onu havayı əldə etmək nə dərəcədə düzgündür?! Mən bunu doğru hesab
etmirəm. Rəssamların da üzərinə böyük məsuliyyət düşür. Onlar öz
tamaşaçılarının zövqünü sağlam incəsənətlə cilalamağı
bacarmalıdırlar. Bunun üçün də özləri kifayət qədər təhsilli
olmalıdırlar. Mən özüm hər gün məhsuldar çalışmağa səy göstərirəm.
Başqa cür inkişaf etmək mümkün deyil. Təbiətdən zövq alıram. Bu
zövqü də əsərlərimə köçürtməyə çalışıram.

– Əsmər xanım, Fransaya gedişiniz necə
oldu?

– Təsadüfi deyil. Bildiyiniz kimi atamın anası fransız olub.
Babamsa Bakının keçmiş qubernatorunun övladı, həmçinin müsavatçı
olub. Dövlətin göstərişi ilə Fransanın Tuluz şəhərində energetika
ixtisası üzrə təhsil alıb. Burada İrma adlı fransız qızla tanış
olub. Parisdə evlənib, bir müddət burada yaşayıblar. Babam daim
Bakı ilə əlaqə saxlayırmış. Bir gün vətənində hakimiyyətin
dəyişdiyini eşidir. Vəziyyətin get-gedə pisləşməsinə rəğmən,
xanımını da götürüb, Azərbaycana dönür. Atam da Bakıda doğulur.
37-ci ildə babamı həbs edib, Sibirə sürgünə göndərirlər. Nənəm İrma
əri sürgünə göndəriləndən sonra çox əziyyətlərə qatlaşır. İrma çox
bacarıqlı qadın olub. Məndə olan məlumata görə, gözəl dərzilik
bacarığı vardmış və zövqlü geyimlər tikərmiş. Bu yolla uşaqlarını
böyüdüb. Atamın Alla adlı polşalı dayəsi də olub. 1941-ci ildə
İkinci Dünya Müharibəsi başlayanda nənəmi Qazaxıstana sürgünə
göndərirlər. Anna atama və onun qardaşına analıq edir. Son
günlərinədək nənəm İrmaya Azərbaycana dönmək qadağan edilir. Odur
ki, sürgündən sonra Özbəkistanın Səmərqənd şəhərinə köçüb və uzun
müddət orada yaşayıb. Nənəm əsl fransız qadını olub. Çox gözəl
libaslar tikdiyi üçün varlı müştəriləri çox imiş. Atam da tez-tez
anasını ziyarətə gedərmiş.

– Bəs babanızın taleyi necə olub?

– Babam Fərman bəy Sibirə sürgünə göndəriləndən sonra heç kim
ondan xəbər tutmayıb. Nə məktub, nə bir quru xəbər, ümumiyyətlə heç
nə… Doğmaları uzun müddət öldüyünü düşünüblər. Amma Stalinin
ölümündən sonra əfv fərmanı çıxır. Babam da aministiyaya düşüb,
vətəninə dönür. Mingəçevirdə məskunlaşır. Şəhərin Su Elektrik
Stansiyasının inşasında yaxından iştirak edir və bir daha Bakıya
qayıtmaq istəmir. Görürsünüzmü, hər şey necə gözəl, romantik
başlayıb, kədərli sonluqla bitir. Atama kiçik yaşlarından vətən
xainin oğlu damğası vurulur və o, Stalin hakimiyyətinin ən çirkin
üzünü görür. Bu qaranlıq illərin yeganə təsəllisi atamın dayəsi
Anna olub. Anna əvvəllər Fətəli Xan Xoyskinin övladlarının da
dayəsi olub. Babamgilin ailəsinə də onu Xoyski özü tövsiyə edib.
Atam dayəsini çox sevib, və “Ana” adlı portretində onu dərin
məhəbbətlə təsvir edib. Dəfələrlə Avropada baş tutan sərgilərində
bu portreti də nümayiş etdirib. Mən də artıq uzun müddətdir
Fransada yaşayıram və hər iki ölkənin vətəndaşıyam. Bu çox
qürurverici məqamdır. Çünki iki ölkə arasında mədəni körpü rolunu
oynamaq möhtəşəm hissdir.

– Atanız da yaradıcılığı boyu bu missiyanı layiqincə
daşıyıb.

– Sizə çox şərəfli bir hadisə danışacam. Bir dəfə atamın
Moskvada sərgisi keçirilirmiş. Sərgiyə möhtərəm qonaq kimi
Fransanın o vaxtkı mədəniyyət naziri, yazıçı və incəsənət xadimi
Andre Malro da dəvət olunur. Atamın “Azərbaycan musiqiçiləri” əsəri
qarşısında ayaq saylayıb, müəllif haqda maraqlanır. Təşkilatçilar
ona Toğrul Nərimanbəyov haqda geniş məlumat verib, anasının da
fransız olduğunu bildirirlər. Malro heyrətə gəlir və təcili Bakıya
yola düşür. Bu dövlətimiz tərəfindən çox böyük sevinclə qarşılanır.
Sizə 1968-ci ildən danışıram. Mən onda artıq böyük qız idim.
Yadımdadır, bir neçə günə atamın emalatxanasını səliqəyə saldılar,
mebellə, xalçalarla təmin etdilər. Fransız nazir atamın
emalatxanasına gəlib, şəxsən onunla tanış oldu. Sonra isə ünvanına
çox gözəl resenziya yazdı. Belə bir ifadə işlətdi ki, Toğrul
Nərimanbəyov yaradıcılığı Şərq və Qərb mədəniyyətləri arasında
körpü rolunu oynayır. Avropanın bir neçə ölkəsində atamın
əsərlərindən ibarət kataloqlar çap olunmağa başlandı. Bu bütövlükdə
Azərbaycan rəsm sənəti üçün çox böyük nailiyyət idi. İndi fransalı
sənət dostlarıma deyəndə ki, Malro Bakıda atamın emalatxanasında
olub, insanlar heyrətə düşür, inana bilmirlər. Çünki o həqiqətən
fransız mədəniyyətinin əfsanəsi sayılır.

– Atanızın Parisdə dəfn edilməsilə bağlı nə deyə
bilərsiniz?

– Ümumiyyətlə, atamın ölümü məni çox sarsıtdı. Amma tez-tez
məzarına gedib, qəlbimdəkiləri bölüşə bilirəm. Bununla təsəlli
tapıram. Digər tərəfdənsə, axı o tək mənim atam deyildi,
Azərbaycanın övladı, böyük sənətkarı idi. Hər bir ölkənin də mənəvi
dəyərləri olan bu insanlar mütləq vətən torpağında dəfn
olunmalıdırlar. Lakin taleyimiz bəzən istəklərimizlə üst-üstə
düşmür. Bu həmçinin yenidən qayıtmaq istəmədiyim qalmaqallı
hadisədir. Ümid edirəm ki, Toğrul Nərimanbəyov nə vaxtsa,
Azərbaycan torpağında, doğmalarının yanında dəfn ediləcək.

– Əsmər xanım, azərbaycanlı rəssamlarımızın Fransada
tanınması üçün siz də əlinizdən gələni əsirgəmirsiniz.

– Bilirsiniz Leyla, mənim Fransadakı fəaliyyətim çoxşaxəlidir.
Atamın adını daşıyan assosiasiya yaratmışam. Bu assosiasiya
müxtəlif sərgilər, mədəni tədbirlər keçirir. Əlimizdən gəldiyi
qədər gənc rəssamlara dəstək olmağa çalışırıq. Öz qalereyam var. Bu
qalereyadakı əsərlər ildə iki dəfə Parisdə, bir dəfə isə Kann
şəhərində nümayiş olunur. “Asmar Art” adını verdiyim qalereyamda
azərbaycanlı, gürcü və digər xalqlardan olan rəssamların əsərlərini
toplayırıq. Özüm də hazırda Milanda sərgi təklifi almışam. Ancaq
mən eqoist insan deyiləm. Digər rəssamların da əməyini
dəyərləndirməyə çalışacam. Bugünədək Parisin də məşhur
qalereyalarında kifayət qədər çox sərgim təşkil olunub.

– Bəs hansı ölkənin mətbəxini daha çox
sevirsiniz?

– Mən ölkəmi çox sevirəm. Azərbaycan mənim damarımda axan
qanımdır. Amma Fransaya da etinasız deyiləm. Bu ölkə də mənimdir
axı. Duyğuların sintezi yaradıcı insanın fantaziyasını daha da
zənginləşdirir. Hər bir xalqın mətbəxini dadıram, hörmətlə
yanaşıram. Amma öz plovumuzun, fisincanımızın yerini heç nə vermir.
Doğrudur, Azərbaycandan uzaqda bu təamların həsrətini çox çəkirik,
amma fransız mətbəxinin də özünəxas zənginliyi var. Bilirsiniz,
vətənimin göyərtiləri üçün çox darıxıram. Hərdən rəfiqəm mənə
Bakıdan göyərti gətirir. İnanırsınız, bu hədiyyə mənim üçün 100
qızılgül buketindən daha dəyərlidir (gülür). Mən demirəm ki,
Parisdə göyərti yoxdur. Var… Amma o gözəl ətir, dad yoxdur
axı.

– Sizcə, insan dəyişə bilərmi?

– Biz hər birimiz öz xarakterimizin, taleyimizin hökmdarıyıq.
Təbii ki, istəsək, öz üzərimizdə işləsək, dəyişə bilərik.

– Parisi bir neçə cümlə ilə təsvir edin.

– Parisi Heminqueydən tutmuş, latın amerikalı yazıçılaradək,
bütün dünya müdrikləri mədh ediblər. Bu şəhərdə insan özünü
həqiqətən xoşbəxt hiss edir. Hər gün eyni küçələri yeni
emosiyalarla gəzirsən. Bəzən Parisə ilk dəfə gələnlər deyirlər ki,
elə bil bu şəhərdə nə vaxtsa olmuşuq.

– Bəs Bakı haqda qısaca nə deyə bilərsiniz?

– Baki isə mənim doğma körpəmdir. O daim mənimlədir. Atam, anam
bütün yaradıcılıqlarını bu gözəl məmləkətə həsr ediblər. Mən də
onların yolunu davam etdirməyə çalışıram. Əzizlərimin, doğmalarımın
çoxu Bakıdadırlar.

– Əziz Əsmər xanım, sizinlə ünsiyyətdə olmaq çox
gözəldir. Təşəkkür edirəm.

– Buyurun, əzizim.

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp