“Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin
xüsusi xidmət orqanları təşkil edib”.

Bunu Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat
qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə
istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi
Nadir Mirzəyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə
XİN-də keçirilən mətbuat konfransında deyib.

N. Mirzəyevin sözlərinə görə, SSRİ Baş Prokurorluğunun istintaq
qrupuna daxil edilmiş Azərbaycan hüquq-mühafizə orqanlarının
əməkdaşlarının ifadələrindən görünür ki, iş üzrə əsas istintaq
hərəkətlərini SSRİ Baş Prokurorluğu, həmçinin Rusiya, Ukrayna və
Belarusun müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra
edib, aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə
gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin
xüsusi xidmət orqanları təşkil edib: “İstintaq qrupunun rəhbərləri
cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi
istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmayıb,
onların ifşa edilməsində maraqları olmayıb, buna görə də əsas
cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb
məhkəməyə göndərilməsini tələb edib, Azərbaycan milliyyətindən olan
müstəntiqləri əsas istintaq hərəkətlərinin icrasından kənarda
saxlamağa çalışıblar, onlar əsasən texniki işlərin aparılması ilə
məşğul olublar. İstintaqla müəyyən edildiyi kimi, Sumqayıt
şəhərinin keçmiş güc strukturlarının əməkdaşları faktiki olaraq
Sumqayıt hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən
kənarlaşdırılsalar da, özlərinin apardıqları təhlillərlə müəyyən
ediblər ki, şəhərdə özlərini «Qafandan qovulmuş azərbaycanlılar»
kimi təqdim edən 20-25 nəfərdən ibarət təxribat qrupu fəaliyyət
göstərir. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də
məlumat veriblər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun
istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən
onların yoxlanılması təşkil edilməyib və nəticəsiz qalıb. Həmçinin
müəyyən edilib ki, həmin vaxt şəhərdə gedən mitinqlərdə şəhər
sakinləri olmayan şəxslər çıxış edərək özlərini Ermənistandan
qaçqın düşmüş azərbaycanlılar kimi təqdim edib və erməniləri
şəhərdən qovmağa çağırıb, öz aralarında isə erməni dilində
danışıblar. Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaş
ərəfəsində Ermənistanın dövlət qeydiyyat nömrəsi altında bir neçə
avtomaşının olması, həmçinin Sumqayıt və Bakı şəhərində yerləşən
mehmanxanalarda çoxsaylı erməni millətindən olan adamın qaldığı,
iğtişaşdan sonra dərhal çıxıb getdikləri müəyyən edilib. Sumqayıt
şəhərində yaşayan ermənilər özlərinə məxsus evləri və əmlakı
təxribat məqsədilə özləri yandırmağa cəhd göstərərək bunun günahını
azərbaycanlılarının boynuna atmaq istəyiblər. İstintaqla baş vermiş
kütləvi iğtişaşların olacağı barədə Sumqayıt şəhərində yaşayan
ermənilərin bu hadisələrə qədər məlumatların olduğu da müəyyən
edilib”.

N. Mirzəyev həmçinin bildirib ki, kütləvi iğtişaş ərəfəsində
Sumqayıt şəhərinin müxtəlif yerlərində, binaların üzərində video
çəkiliş aparılması üçün hazırlanmış xüsusi avadanlıqlar
(videokameranın yerləşdirilməsi üçün ştativlər və s.)
yerləşdirilib, iğtişaş zamanı erməni milliyyətli sakinlərə məxsus
evlərin qarət edilməsi, qadının küçədə çılpaq vəziyyətdə hərəkəti
özünü erməni kimi təqdim edən şəxs tərəfindən sovet hərbçilərinin
razılığı ilə videogörüntüyə alınıb. Bu faktlar da Sumqayıt
şəhərində kütləvi iğtişaşın erməni millətçiləri və keçmiş SSRİ-nin
onları dəstəkləyən rəhbər dairələrinin təxribatçıları tərəfindən
əvvəlcədən hazırlanaraq həyata keçirildiyini və azərbaycanlıların
vəhşi obrazını yaratmaq niyyətini daşıdığını bir daha təsdiq edir”.
(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp