Prezident vəkilliyin inkişafı ilə bağlı SƏRƏNCAM İMZALADI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Prezidenti İlham Əliyev vəkilliyin inkişafı
ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalyıb.

Sərəncamda deyilir:

Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun
həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı
müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və
nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Hüquqi
dövlətdə bu təsisatın rolunu nəzərə alaraq, ölkəmizdə məhkəmə-hüquq
sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində
görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək
məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay
müddətində:

1.1. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət
Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin
edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin
olunması üçün tədbirlər görsün;

1.2. Azərbaycan Respublikasının regionlarında apellyasiya
məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi
məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və
Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların
müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlər
görsün;

1.3. vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti
olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası
Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən
edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etsin;

1.4. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər
görsün, o cümlədən Kollegiyanın istifadəsində olan binaların
təmiri, zəruri kompüter avadanlığının və digər avadanlığın, habelə
nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırsın.

2. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə
edilsin ki:

2.1. ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil
etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni
üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait
yaratsın;

2.2. göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim
yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının
artırılması ilə bağlı zəruri tədbirlər görsün;

2.3. vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət
mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o
cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi
yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və
nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin
etsin;

2.4. Azərbaycan Respublikasının şəhər və rayonlarında
vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin
etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin
stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirsin;

2.5. hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz
hüquqi xidmətlər göstərilməsini təşkil etsin;

2.6. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin
daha da genişləndirilməsi ilə bağlı tədbirlər görsün;

2.7. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və
vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada
göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid
elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron
məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində
tədbirlər görsün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp