Leyla Əliyeva “Badam ağacı çiçəkləyəndə” tamaşasının təqdimatında



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 22-də Akademik Milli Dram Teatrında Xocalı
faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə”
tamaşasının premyerası olub.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman
məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Heydər Əliyev
Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq
kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, xarici ölkələrin
Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər
təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tamaşadan əvvəl Xocalı soyqırımı, həmçinin Azərbaycanın
Ermənistan tərəfindən işğal olunmuş torpaqları barədə məlumat
verilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalının dinc əhalisinə qarşı Ermənistan silahlı birləşmələri
soyqırımı törədiblər. Bu qanlı qırğında 613 nəfər, o cümlədən 106
qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilib, 1275 nəfər girov
götürülüb, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə
zamanı Xocalının 487 sakini, o cümlədən yetkinlik yaşına çatmamış
76 uşaq əlil olub, 26 uşaq hər iki valideynini itirib.

Sonra tamaşaya baxış olub.

“Badam ağacı çiçəkləyəndə” tamaşası Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Xocalıya
ədalət!” kampaniyası çərçivəsində hazırlanıb. Tamaşa Xocalıdan
didərgin düşmüş sakinlərin xatirələri üzərində qurulub. Qayğısız
həyat yaşayan xocalılar bir gecədə vəhşicəsinə qətlə yetirilirlər,
erməni silahlıları tərəfindən əsl soyqırımına məruz qalırlar.

Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində Gənc Tamaşaçılar
Teatrının yaradıcı heyəti tərəfindən ərsəyə gətirilib. “Badam ağacı
çiçəkləyəndə” tamaşasında Gənc Tamaşaçılar Teatrının aktyor heyəti
ilə yanaşı, kütləvi səhnələrdə Azərbaycan Dövlət İqtisad
Universitetinin tələbələri də yer alıblar.

Tamaşanın “Badam ağacı çiçəkləyəndə” adlandırılması heç də
təsadüfi deyil. Çünki badam ağacı çiçəkləməyə başlayan ilk ağacdır.
“Xocalıya ədalət!” kampaniyasının loqosunda əks olunmuş badam
çiçəyi Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış
məskənlərindən olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə ermənilər tərəfindən törədilmiş soyqırımına münasibətdə
ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar
olunmamasına ümidi əks etdirir.

Rejissor Gülnar Hacıyevanın quruluş verdiyi tamaşada əsas
obrazları aktyorlar Kərəm Hadızadə, Zemfira Əbdülsəməd, Mirzağa
Mirzəyev, Elnur Kərimov, Asya Atakişiyeva, Güşvər Şərifova,
Mehriban Hüseynova, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev və Manaf
Dadaşov canlandırıblar.

Tamaşa başa çatandan sonra Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva aktyorlarla görüşüb qısa söhbət
edib.

Sonda xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp