Elçin və Aygünün ürəkdağlayan həyatı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu dəfəki qəhrəmanlarımız balaca olsalar da, həyatın ən
ağır sınaqlarını görmüş Elçin və Aygündür. Bu körpələr heç vaxt
isti ailə qayğısı görməyiblər. Saçlarına sığal çəkən, üzlərini
oxşayan olmayıb. Aygünün hələ 4, Elçinin isə 5 yaşı var. Onlar hələ
yeni-yeni sözlər deməyə başlayıblar. Öyrəşmişik ki, uşaq dil açanda
əksər vaxtlarda ya “ana” deyir, ya da “ata”. Bu balacalar isə bəlkə
özləri də qərar verə bilmirlər ki, nə desinlər, necə desinlər,
hardan başlasınlar. Onları sığınacağa gətirən qadın isə deyib ki,
Elçinin ilk sözləri “çörək” olub…

Publika.az “Təmiz Dünya” Qadınlara Yardım
İctimai Birliyinə sığınan 2 balaca gül balanın – Elçin və Aygünün
(adlar şərtidir – red.) dilə gətirə bilmədikləri faciəli həyat
hekayəsini təqdim edir:

“Uşaqlar bu günə qədər sağ qalıblarsa, kənd sakinləri
sağ olsunlar”

Sığınacaqda bu körpələr haqqında yazmaq istədiyimi dedim. Beləcə
başladıq söhbət etməyə. Əvvəlcə hər ikisinə çantamdakı peçenyedən
birini verdim, məncə dadını sevdilər. Danışmağa çəkinirdilər, bu
yaşda uşaqlar hələ təzə-təzə dil açır axı. Onlar isə dil açan
vaxtlarında küçələrdə camaata bir dilim çörək üçün əl açıblar.
Sığınacaqda onlara baxan xanım deyir ki, bura gətirildikləri günə
qədər heç kim onlara yaxın durmurmuş:

“Uşaqlar Sabirabaddan gətirilib. Körpə yaşlarından onları küçəyə
atıblar. Bilmirik, bəlkə də hardansa gətirib atıblar bura, bəlkə də
yaxınlıqda olub ailəsi. Uzun müddət onlar küçələrdə qalıblar.
Kənddə yay-qış demədən ağac diblərində bir-birini qucaqlayıb
yatırdılar. Uşaqlar bu günə qədər sağ qalıblarsa, kənd sakinləri
sağ olsunlar. Gücü çatandan hər kəs bir tikə çörək verirmiş. Bir
gün biri evdə istifadə edilməyən köhnə-para bir paltar
geyindirirmiş, bir gün biri. Arada yada düşəndə uşaqları
yuyundurublar da. Amma nə qədər olmsa da, yardımlar da bir yerə
qədər davam edib. İnsanları qınamaq olmur, hər kəsin öz qayğısı,
problemi var. Sonra bu uşaqlar unudulub. Küçələrdə nə yedikləri
bəlli olub, nə geydikləri. Küçədən keçən hər kəsin əlinə baxıblar
ki, bəlkə kimsə onlara çörək verə. 4 yaşı var oğlanın, günlərlə ac
qalıblar, sanki Allah dilə gətirib uşaqları. İlk sözləri “çörək”
olub. Ataları ümumiyyətlə imtina edib bu uşaqlardan. Deyilənə görə,
uşaqların ətrafında hərdən 2 arvad fırlanırmış, maraqlanırmış.
Başqa heç kim nə axtarıb, nə soruşub. Kəndlilərdən 2-3 nəfər
yığışıb uşaqları bizim sığınacağa gətiriblər. Bura gələndə
üst-başları elə vəziyyətdə idi ki, sözlərlə ifadə etmək çətindir.
Biz onları yuyundurduq, təmiz paltarlar geyindirdik, yemək verdik.
Uşaqlarda ilkin yemək yemək, təbii ehtiyacları qarşılamq üçün
vərdişlər də formalaşmamışdı. Süfrədə otura bilmirdilər. Yerdə
oturub əlləri ilə yemək yeyirdilər, kənara düşən kiçik çörək
qırıntısını belə götürüb ağızlarına qoyurdular. Yavaş-yavaş onlara
süfrədə oturmağı, normal yeməyi öyrətdik, digər uşaqlarla oynamağa
başladılar. Amma hələ də hiss olunur ki, sığınacaqdakı qadınlar
uşaqlarını əzizləyəndə bu iki balaca çəkilir bir tərəfə uzaqdan
onları izləyirlər.

Evlərinin harda olduğunu da təsvir edə bilmirdilər. Sonra
sığınacağa 2 qadın gəldi və uşaqların onların olduğunu dedilər.
Qadınlar uşaqların sənədlərini təqdim edəndə orada ata adının
fərqli olduğunu gördük. Bizə qəribə gəldi. Soruşanda isə dedilər
ki, guya xanımın yoldaşının 2 adı olub və sənədlərdən birində bir
adını, o birində də ikinci adını istifadə edib. Lakin məsələ o
qədər qarışıq idi ki, biz güvənib uşaqları onlara təhvil verə
bilməzdik. Onları niyə küçələrə atdıqlarını bizə izah etmələri isə
ayrı bir məsələ idi”.

Qadın danışdıqca uşaqların baxışları diqqətimi çəkirdi.
Gözlərini elə zilləyib baxırdılar ki, sanki canlarının necə
yandığını baxışları ilə insana çatdırmağa çalışırdılar. Balacalara
bir müddətlik sahib çıxacaqlarını, onları isti yemək, yataqla təmin
edəcəklərini deyən sığınacaq işçiləri onlarla mehriban davranaraq,
psixoloji durumlarını düzəltməyə çalışırdılar:

“Uşaqlar onları görmək üçün gələn qadınlardan qorxurdular.
Getmək istəmədiklərini deyirlər. Qadın isə iddia edir ki, uşaqlar
onlarındı. Əslində isə biz araşdırdıq və məlum oldu ki, uşaqlardan
biri ananındı, o biri isə qızının. İkisi də doğub, bir müddət
baxıb, sonra isə onları atıblar. Qızı qeyri-qanuni uşaq dünyaya
gətirdiyi üçün anası qızının da uşağını öz adına qeydiyyata
saldırıb. Hazırda isə heç birinin normal ailə münasibətləri yoxdur.
Nənəsi uşaqların uşaq evinə verilməsini istəyir. Qız isə yox.
Uşaqlara yazığımız gəlir, kimsəsiz, bu yaşda küçələrdə qalıblar.
Amma biz onları burda uzun müddət saxlaya bilmərik. Qadınlarla
danışıqlara getməyimizin səbəbi bu idi ki, bəlkə, fikirilərindən
daşınarlar, uşaqları özləri ilə götürərlər. Amma görünən o idi ki,
onlar uşaqlardan canlarını qurtarmaq istəyirlər. Hiss olunurdu ki,
qız öz uşağın götürmək istəyir, amma anası icazə vermir. Biz ona
dedik ki, evləndiyin adama uşağımdı demə, bacımdı de, yanında
saxla. Dedi, mümkün deyil. Biz də məcbur qaldıq, yazılı şəkildə
kağız aldıq onlardan. Vaxt qoyduq ki, yanvarın 28-nə qədər gəlib
uşaqları götürməsəniz, dövlət orqanlarına xəbər veriləcək ki,
onları uşaq evlərinə yerləşdirsinlər”.

Deyilən vaxt tamam olmuşdu. Qadınlar gəlməmişdilər. Ancaq hər
kəsin ürəyində hələ də onların gələcəyinə dair kiçik bir ümid var.
Bütün bunlar bir yana, uşaqların taleyinin necə olacağı isə hər
kəsi narahat edirdi:

“Hələ ki, uşaqların sənədlərini hazırlayırıq. Təəssüf ki,
valideynləri ilə danışıqlarımız lazımi nəticəni vermədi. Amma
inanırıq ki, dövlətimiz bu iki gül balaya daha yaxşı baxacaq. O
qadınlar bir dəfə uşaqları atıblar. İkinci dəfə eyni addımı
atmayacaqlarına heç kim zəmanət verə bilmir. Uşaqların özləri də
onlarla getmək istəməmişdilər”.

Söhbətimizi yekunlaşdırıb sığınacaqdan getməyə hazırlaşırdıq.
Əslində bu əhvalata psixoloji hazır deyildik. Dinlədikcə, ağlımda
sullar uçuşurdu. Çox ümid edirəm ki, sabah bu balacalar həyatın
künc-bucağında səfil həyat tərzi keçirməyəcəklər. Bizi qapıya qədər
ötürən balacalar bir-birinin əlini bir saniyə belə olsun,
buraxmırdılar. Sanki öz kiçik dünyalarında dərk edirdilər ki, ayrı
düşsələr, bir də heç kim və heç nə onların bir yerə gəlməsi üçün
çabalamayacaq.

Könül Cəfərli

FOTO: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp