Bu gün üç MTN generalının taleyi həll olunur



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN)
Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev,
Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin
sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki
İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun
digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev,
Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət
işi üzrə bu gün prokuror ittiham nitqi ilə çıxış
edəcək.

Publika.az xəbər verir ki, təqsirləndirilən
şəxslərin işinə Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun
sədrlik etdiyi kollegiyada baxılır.

Fevralın 12-də prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəmişdi.
Bu gün saat 11.00-da başlanacaq prosesdə prokuror təqsirləndirilən
şəxslərə cəza istəyəcək.

İttihama görə, Sübahir Qurbanov, Teymur Quliyev, Natavan
Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli
Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev,
Eşqin Əliyev, Elşad Əzizov 2004-2015-ci illər ərzində mütəşəkkil
dəstə tərkibində çoxsaylı cinayətlər törədiblər.

Onlar gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş
texniki vasitələrdən istifadə edərək sahibkarlıq fəaliyyəti ilə
məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli
qulaqasıblar, onlardan hədə-qorxu yolu ilə külli miqdarda pul
alıblar.

Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara
məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları
müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı
şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və
kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan,
özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə,
tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma
hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş
şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449
min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693
min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını
quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5
milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi
almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin
icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini
vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən
edilib.

Məhkəmə qərarı ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə
21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o
cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min
manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində
zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ
dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər
qoyulub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz
azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2
(dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan
vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf
etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə),
181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli
miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1,
182.3.2 (hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək
məqsədi ilə törədildikdə), 228.4 (qanunsuz olaraq qaz silahını,
soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya
gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün
nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə
əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma),
311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu
tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313
(vəzifə saxtakarlığı), 320.1, 320.2 (rəsmi sənədləri saxtalaşdırma
və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və
341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla
hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya
hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda)
maddələri ilə ittiham elan edilib.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp