“Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

1997-ci ilin bu günü – fevralın 21-də böyük alim
akademik Ziya Bünyadov qətlə yetirilib. Akademikin qətlində
günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami
Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb
müsahibə almışıq.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki,
həbsxanadadır. O, 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə
tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə
saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov
da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu
gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl
törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

Əvvəli burada

***

Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan
oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda
yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı
yoxdur. Üstəlik, sayıqlığı 1 saniyə belə əldən vermək olmaz…

Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış
çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir.
Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli
qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın
əynindəki nimdaş gödəkcənin qolları arasından qandal
parıldayır…

Bu odur – ömürlük məhbus Nizami Adil oğlu Nağıyev. Yaşadığı
binanın blokunda akademik Ziya Bünyadova bıçaqla xəsarət yetirən
Bakı sakini, Azərbaycan vətəndaşı. Onunla həbsxanada görüşən “Yeni
Müsavat”ın müxbirinə hər şeyi anladır…

“Qalib 7-ci şöbənin əməkdaşı idi”

– Həmin vaxt artıq imkanlarınız da
böyümüşdü?

– O vaxt artıq özümə “06″ almışdım, həyətimdəki tövlədə Qala
cinsindən olan 100 baş qoyun vardı, parnikdə xiyar-pomidor əkirdim.
Yəni özümün iş-gücüm də vardı. Adam tutmuşdum qoyunları otlağa
aparırdı. Mənim problemim yox idi. Bu tərəfdən də ticarətdən də pul
gəlirdi. Məndən başqa Tariyeldə də ”06″, Cavanşirdə “09″ vardı.

– İş materiallarında var ki, izləmə zamanı qara rəngli
“Qaz-24″-dən istifadə edilib. Həmin maşın kimin idi?

– Qalib həmin maşını haradan gətirmişdi, bilmirəm.

– Qalib Babayev sizə nə vaxt qoşulmuşdu?

– Biz Həccdən qayıdandan sonra Qalibi Cavanşir gətirib bizə
qoşmuşdu.

ziya 1.jpg (321 KB)

Nizami Nağıyev atası Adil Nağıyevlə

– Qətlin üstü açılandan sonra xəbər vardı ki, Qalib
hüquq-mühafizə orqanlarının işçisi olub. Bu doğru xəbər
idi?

– Qalib 7-ci şöbənin əməkdaşı idi. Bunu mən Xətaidə işləyəndə
bilmişdim. Tutulandan sonra istintaqda bildim ki, onu polisə
Tariyel KQB-də işləyən bir mayorun əli ilə düzəldib. Bu işlər çox
məxfi aparılırdı. Mənim onlardan, onların məndən xəbərləri
olmurdu.

“Bu gün FETO-çular var, biz də təxminən elə bir dəstə
idik”

– Dəstədə neçə nəfər idiz?

– 5 nəfər idik. Tariyel, Cavanşir, Qalib, Mahir və mən. Hər şey
çox məxfi idi. Planlar vardı ki, gələcəkdə dəstəni böyüdək.
Hərəmizin xətti ilə 2-3 nəfər cəlb edəcəkdik. Tutulandan sonra
məhkəmədə bildim ki, Cavanşir Lənkərandan Xanları, Maarif Əliyevi
cəlb eləyib. Tariyel bizim hamımızı kənar saxlayırdı. Ağlımıza belə
gəlməzdi ki, biz kimisə öldürəcəyik.

– O günlərdə nə düşünürdüz?

– Fikirləşirdik ki, bizi vəzifələrə getmək üçün hazırlayırlar,
böyüyüb vəzifələrdə oturacağıq. Həmin vaxt artıq bilirdim ki, Qalib
polisdədir. O, forma geyinmirdi. Mülki geyimdə gəzirdi. İşə çıxanda
ona vəsiqəni verirdilər. İşdən çıxanda vəsiqəni təhvil verirdi. 1-2
dəfə yanıma anbara pul üçün gəlmişdi. Ona dedim ki, vergidən
gəlib-gedənlər var. O da mənə vəsiqəsini açıb göstərmişdi,
bilmişdim ki, 7-ci şöbənin əməkdaşıdır, həm də oxuyurdu. Deyirdi
ki, bizə “naloq” nə edəcək, vəsiqəni gözünə soxaram. O vaxtlar
proqram üzrə inkişaf edəcəyimiz düşünürdük, parlamentə düşəcəyimizi
fikirləşirdik. Bu gün FETO-çular var, biz də təxminən elə bir dəstə
idik. Silahı da özümüzü müdafiə etmək üçün əldə etdiyimizi
düşünürdük. Tariyelin planları belə idi.

“Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri
aşağılayıb”

– Tariyel Ramazanov həmin günlərdə Milli Elmlər
Akademiyasındakı işinə gedib gəlirdi?

– Yox. Ticarətə başlayandan sonra işdən çıxmışdı. Sırf ticarətlə
məşğul idi. 1997-ci ilin yanvarında Nəsrullah gəldi. O da uzun vaxt
idi ki, yox idi. Bəlkə Tariyellə əlaqəsi vardı, bunu biz bilmirdik.
“20 Yanvar” metrosunun yanında ev tutmuşduq, orada yığışdıq.
Cavanşir, Qalib, Mahir, Tariyel və mən o evə getdik. Nəsrullah ilə
Tariyel orada idi. Söhbətdən belə başa düşdük ki, Nəsrullah
Tariyelə danışıb, o da bizə onun fikirlərini çatdırır. Tariyel dedi
ki, bir Aydın adlı şəxs var, yoldaşı da yəhudidir. Aydın alimdir,
bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb.

– Aranızdan bir sual edən oldu ki, nə kitabdır, adı
nədir, kitabda konkret olaraq nə yazılıb?

– Yox, kim idi sual verən? Tariyelə özümüz kimi inanırdıq.
Əsgərlikdə necə ki, komandir nə dedi müzakirəsiz icra edilir, sonra
söhbət olur, bizdə də həmin nizam-intizam vardı. Dedi ki, Aydının
yoldaşı yəhudidir, özü İslam dininin düşmənidir. Azərbaycanda İslam
dininə qarşı pis hərəkətlər edir, qabağını alır, çox pis hərəkətlər
edir, “KQB” agentidir. Fikirləşirdim ki, yəqin Tariyel adamı
elə-belə tanımır, yəqin dədəsi də evdə nəsə danışıb. Tariyel
Moskvada universitet qurtarmışdı. Deyirdi Aydın sionistdir,
Massonun yekəsidir, bunu mütləq cəzalandırmalıyıq. Bu söhbət oldu,
dağılışdıq. Başqa söhbət olmadı. Yanvar ayının axırında bir daha
toplaşdıq, bu dəfə plan cızıldı.

“Dedi ki, bıçaqla Aydını vuracaqsan”

ziya 2.jpg (212 KB)

– Nəsrullah harada yaşayırdı, harada
işləyirdi?

– Bilmirdik. O, haradansa peyda olurdu və elə də itirdi.

– İş yerinizə gəlirdi?

– 1 dəfə anbara gəldi baxdı, getdi. Özlərini çox ehtiyatlı
aparırdılar. O vaxt belə şeylərə elə də əhəmiyyət vermirdik. Nə
deyirdilər, “urra” deyib hücum edirdik.

– Həmin gün plan nədən ibarət oldu?

– Plana görə, Qalib Aydını güdməli idi. Onun marşrutlarını
öyrənməli idi. Tariyel ona məlumatlar verməli idi. Cavanşirə
tapşırıldı ki, 2 oğurluq pasport tapır. Həmin pasportlarla telefon,
peycerlər alır, bir də fin bıçağı tapır. Mahirə də tapşırdılar ki,
1-2 kurtka, krassovka, papaq, əlcək alıb təşkil edir. Mənə də dedi
ki, bıçaqla Aydını vuracaqsan. Həmin gün mənə dedilər ki, get otur
evində, şəhərə tərəf gəlmə. Səni çağırsaq gələrsən. Mən də çıxıb
getdim Ramanaya.

“Tariyel maşını ilə məni Ziya Bünyadovun yaşadığı
binaya apardı”

– Evdə soruşan olmurdu ki, günlərlə harada
olursan?

Həbsxana ile ilgili görsel sonucu

– Bilirdilər ki, alverlə məşğulam. Evə serviz, dəst qazanlar
daşıyıb aparırdım. Bacı-qardaşa, qohum-əqrəbaya pay verirdim.
Tonlarla un vurub gətirmişdik, atam Xırdalanda “Aqroprom”un sədri
ilə danışmışdı. 20 ton un vermişdik. Hamı bilirdi ki, ticarətlə
məşğuluq. Günlərin birində çağırdılar ki, Rusiyaya getməlisən, adam
tap, oradan taxta-şalban vuracaqsan. Özümə bir yol yoldaşı
tapmağımı da tapşırdılar. Aydın adlı Ramana kəndində yaşayan bir
oğlanı tanıyırdım. Uzun illər Moskvada yaşamışdı. Dedim onunla
danışaram. Belə də elədim. Aydın razılaşdı, dedi ki, gedək
Çelyabinskdən taxta-şalban vuraq, adam tanıyıram. Tariyel də öz
qonşularından Tahir adlı bir oğlanı bizə qoşdu. O da buxalteriya
işlərini görməli idi… Qətldən sonra başa düşdüm ki, bütün bunlar
mənim Rusiyada olmağımla bağlı fikir formalaşdırmağa yönələn
addımlar olub. Tariyel dedi ki, Rusiyadan 20 gündən tez qayıtma.
Anbardan müxtəlif məhsullardan nümunələr də götürüb getdik
Rusiyaya. Orada müxtəlif şirkətlərə İran məhsulları olan tomat,
turşular, makaron, vermeşel, şokalad nümunələri göstərib belə
məhsullar satdığımızı deyib müştəri axtarırdıq. Çelyabinskdə
taxta-şalban məsələsini detallı danışdıq, Tolyattidə bank tapdıq,
şəmkirlilər işlədirdi. Taxta-şalbanın pulunu ora köçürəcəkdik. Elə
bilirdim ki, taxta-şalbanı daşıyıb aparacağıq. Gələndən sonra
Tariyelə dedim ki, hər şey hazırdır, pulu köçürək, taxta-şalban
gələcək. Dedi ki, işinlə məşğul ol, bizə lazım idi ki, sən 20 gün
burada olmayasan. Nəsrullah da gəldi çıxdı. O da Tariyelin sözünü
dedi. Aydın da məni kənddə harada görürdü, deyirdi ki, nə oldu,
taxta-şalban üçün nə vaxt gedirik? Deyirdim ki, hələ pul yoxdur.
1997-ci il fevralın əvvəli idi, hadisədən 7-8 gün əvvəl olardı.
Tariyel maşını ilə məni Ziya Bünyadovun yaşadığı binaya apardı.
Orada binanın giriş çıxışı, maşını harada saxlayacağını dedi.

ziya bünyadov ile ilgili görsel sonucu

“Ziya Bünyadovun yaşadığı binanın qabağına
çatdıq”

– Ora başqa kim getmişdi?

-Cavanşir, Tariyel, Nəsrullah və mən getmişdik. Cavanşir
maşından düşməmişdi. Şəhidlər Xiyabanı istiqamətindən piyada gəlib
binaların qabağından keçib Ziya Bünyadovun yaşadığı binanın
qabağına çatdıq. Bloku göstərdilər. Çıxanda hansı istiqamətə
qaçacağımı, maşının harada dayanıb gözləyəcəyini göstərdilər.
İndiyə qədər yadımdadır, orada binanın yanında “ploşadka” vardı,
dedi maşın orada dayanacaq. Bundan sonra dedilər ki, get evə,
çağıracağıq. Bir gün çağırdılar. Dedilər ki, gedirik. Qalib,
Cavanşir, Tariyel və mən getdik. Mahir bu işlərdən kənar idi. Cavan
idi deyə onu kənar saxlayırdıq. Ona kurtka, ayaqqabı, papaq, əlcək
aldırmışdıq. Qaliblə mən bir maşında, Tariyellə Cavanşir bir
maşında getdik. Tariyelin “06″da biz getdik, ”09″la da onlar
gəldilər.

– Silahlı idiz?

– Cavanşir bıçaq almışdı. Bıçağı Tariyel Nəsrullaha göstərdi.
Nəsrullah bıçağa əlini vurmadı. Tariyel ona dedi ki, qorxursan
əlinin izi düşər? Bizim ən böyük səhvimiz orada başladı. Bunu orada
qovmalı idik. Qovmadıq. Yəni sən qorxundan əlini bıçağa vurmursan,
bizi də gör hara göndərirsən?

– Başqa söz deyən olmadı ona?

– Yox, Tariyel dedi. O, bir barmağının ucunu bıçağın tiyəsinə, o
birini də bıçağın tutacağına dirəyib qaldırdı, baxdı, stolun üstünə
atdı. Bıçağın ümumi görünüşünə, formasına baxdı. Əldəqayırma iri
bıçaq idi. Peycerlər, telefonlar da hazır idi. Peycerlər əvvəldən
var idi, onlarla əlaqə saxlayırdıq. Məsələn, yazırdı ki, gəlin
şəhərə. Və ya gəlin bağa. Yəni aldığımız konspirativ evə. Yazırdı
ki, bu gün Aydınla məşğul olacağıq.

(ardı var)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp