Qubada itkin düşmüş alpinistlərlə bağlı SON MƏLUMAT



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin
axtarışları ilə bağlı son məlumat açıqlanıb.

Publika.az-a Əməliyyat Qərargahından verilən
məlumata görə, axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək
dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin
meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq
xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
əməkdaşları tərəfindən aparılır.

Məlumatda daha sonra qeyd edilir: “Son günlər hava şəraiti
kəskin pisləşmiş – temperatur aşağı düşmüş, qar yağmışdır. İntensiv
yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar
uçqunlarının yaranma ehtimalı artmışdır. Yaranmış şəraitdə
axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha
da çətinləşmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq,
axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin
təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.

Fövqəladə Hallar Nazirliyi bir daha təəssüf hissi ilə bildirir
ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə, əməliyyat
şəraitinin mürəkkəbliyinə və ən əsası yaranmış vəziyyətin
həssaslığına baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks
etdirməyən, xüsusi ilə də əməliyyatda iştirak edən dövlət
qurumlarının fəaliyyəti ilə bağlı doğru olmayan məlumatlar
yayır.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə,
ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə
bir daha müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş
verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş
məlumatlardan istifadə etməməyə, xilasetmə işlərinin aparıldığı
ərazi və yaranmış vəziyyətlə birbaşa tanışlığı olmayan şəxslərin
subyektiv fikirlərini yayarkən diqqətli olmağa çağırır və bu cür
məlumat yayanlara yaranmış həssas vəziyyətə anlayışla yanaşmağı
tövsiyyə edir”.

Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim
idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və
Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət
edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə
əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən
istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə,
habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi,
hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın
zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və
təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət
edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi
qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər
əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq,
ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət
işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə
dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat
tədbirləri həyata keçirlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp