Pakistanlı general: “Xocalıda törədilmiş vəhşiliklərin oxşarını görməmişəm”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın Pakistandakı səfirliyi və Pakistan Xarici İşlər
Nazirliyinin İslmabad Strateji Tədqiqatlar İnstitutu tərəfindən
təşkil olunmuş, “Xocalı Soyqırımının” 26-cı ildönümünə və “31 Mart
– Azərbaycanlıların Soyqırımı Günü”nün 100-cü ildönümünə həsr
olunmuş “İnsanlığa qarşı cinayətlər-Etnik Təmizləmə və
Soyqırımları” mövzusunda seminar İslamabad şəhərində keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Pakistan Baş
Nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, ehtiyyatda
olan general-leytenat Nasir Xan Cancuanın ali qonaq qismində
iştirak etdiyi tədbirə İslamabad Strateji Tədqiqatlar İnstitutunun
direktoru, səfir Xalid Mahmud, Kayde Əzəm Universitetinin
beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal, Türkiyə,
Özbəkistan və Tacikistanın Pakistandakı səfirləri, yüksək rütbəli
diplomatlar, media mənsubları, tədqiqatçılar və ictimaiyyətin
nümayəndələri qatılıblar. Seminarda Soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükütla yad edilib, Xocalı Soyqırımına dair
sənədli film nümayiş etdirilmiş, seminarın keçirildiyi zalın
foyesində qətliamın nəticələrini əks etdirən foto-stend, eləcə də
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan
həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər
əyani materiallar sərgilənib, iştirakçılar arasında yayılıb və
paylanıb.

Seminarı giriş sözü ilə açan İnstitutun direktoru Xalid Mahmud
“Böyük Ermənistan” xəyalları ilə yaşayan erməni ekstremistlərinin
tarixən Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
yeritdiyini, 1918-ci ilin mart ayında Azərbaycanlılara qarşı
kütləvi qırğınlar törətdiyini, özünün Azərbaycana səfəri zamanı
Quba məzarlığında bu qəddarlığın şahidi olduğunu qeyd edib,
Ermənistan tərəfindən törədilən, tarixin ən dəhşətli hadisələrindən
olan Xocalı Soyqırımının artıq dünya tərəfindən qəbul edilərək
tanındığını vurğulanıb.

Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin
professoru Zafar Caspal bəşəriyyət əleyhinə cinayətlərə siyasi
mülahizələr səbəbindən zamanında ədalətli qiymət verilmədiyini,
ikili standardlar üzündən dünyanın aparıcı dövlətlərinin Ermənistan
tərəfindən törədilən soyqırımların, o cümlədən Xocalı Soyqırımına
ədalətli münasibət göstərilmədiyini diqqətə çatdırıb, Xocalıya
ədalətin bərqərar edilməsinə çağırıb.

Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycan
türklərinə qarşı Ermənistanın törətdiyi Xocalı Soyqırımının Türkiyə
xalqının zehnində və ürəyində olduğunu, Azərbaycanın ağrı-acısının
Türkiyənin ağrı-acısı olduğunu vurğulayaraq, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyini,
bununla bağlı BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasının
vacibliyini ifadə edib. Dünya güclərinin türk və müsəlmanlara qarşı
ayrıseçkiliyə yol verdiyini bildirən səfir Ermənistanın 1915-ci il
hadisələrinə dair iddialarının əsassız olduğunu, Ermənistanın
türklərə qarşı etnik təmizləmə siyasətindən əl çəkərək, sülhə
gəlməli olduğunu deyib.

Son 100 il ərzində böyük Ermənistan dövlətinin yaradılması
xülyaları ilə ermənilər tərəfindən azərbaycanlılara və ümumilikdə
türklərə qarşı törədilmiş terrorçuluq və etnik təmizləmə siyasəti
barədə məlumat verən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə
ermənilərin 1905-1907 və 1918-20-ci illərdə azərbaycanlılara qarşı
aşkar şəkildə genişmiqyaslı cinayətlər törətdiyini, yalnız
Azərbaycanda deyil, Türkiyə, İran və bir sıra digər ölkələrdə
qətliamlar həyata keçirdiyini vurğulayıb. 2010-2016-cı illərdə
İranda baş konsul işlədiyi vaxtlarda ermənilərin törətdiyi
qırğınların hələ də Təbriz, Urmiya, Xoy və Səlmas əhalisinin
yaddaşında qalmasının bilavasitə şahidi olduğunu ifadə edən səfir
ermənilərin sistemli şəkildə Azərbaycanlılara qarşı soyqırım
siyasətini reallaşdırmağa çalışdığını, 1992-ci ildə Xocalıda
azərbaycanlılara qarşı soyqırımı törətdiyini, Xocalını yerlə yeksan
etdiyini və qədim Azərbaycan tarixini əks etdirən abidələri,
muzeyləri və məscidləri tamamilə dağıtdığını qeyd edib. Ümummilli
lider Heydər Əliyevin “Xocalı Soyqırımı erməni şovinistləri və
millətçiləri tərəfindən son 200 ildə Azərbaycanlılara qarşı davamlı
aparılan soyqırım və etnik təmizləmə siyasətinin davamı və ən qanlı
səhifəsidir”-sözlərindən sitat gətirən səfir Xocalı Soyqırımını
tanıyan ölkələrin sayının ilbəil artdığını bildirərək, 2012-ci ildə
Pakistan Senatının xarici əlaqələr komitəsi və 2017-ci ildə
Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı
Soyqırımının tanınmasına və Ermənistanın Azərbaycan torpaqlarının
işğalını sərt şəkildə qınamasına görə Pakistan xalqına və dövlərinə
minnətdarlığını çatdırıb. Səfir beynəlxalq hüquqa uyğun olaraq və
BMT-nin qətnamələrinə əsaslanaraq, beynəlxalq ictimaiyyəti
təcavüzkarın qarşısının alınmasına və soyqırımı törədənlərə qarşı
praktiki addımlar atılmasına çağırıb.

Xüsusi qəddarlıqla törədilən Xocalı Soyqırımının tarixin ən
ağrılı olaylarından olduğunu və Pakistanın hər zaman Azərbaycanın
dərdinə şərik çıxdığını bildirən tədbirin ali qonağı, Pakistan Baş
Nazirinin milli təhlükəsizlik üzrə müşaviri, ehtiyyatda olan
general-leytenant Nasir Xan Cancua 1991-ci ildə müstəqilliyini
qazandıqdan sonra Azərbaycanla Pakistan arasında çox səmimi dostluq
və qardaşlıq münasibətlərinin yarandığını və bütün sahələr üzrə
inkişaf etdiyini diqqətə çatdırıb. Hərbçi general kimi müxtəlif
döyüşlərin şahidi olduğunu, amma Xocalıda silahsız, kimsəsiz
insanlara qarşı edilmiş vəhşiliklərin misli görünmədiyini deyən Baş
nazirin müşaviri Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsində daim Azərbaycanı dəstəklədiyini, 2012-ci ildə
Pakistan Senatının, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının
xarici işlər komitəsinin Xocalı Soyqırımını tanıyan və Ermənistan
qoşunlarının bütün Azərbaycan torpaqlarını tərk etməsini tələb edən
müvafiq qətnamələr qəbul etdiklərini bildirib. Ötən dövr ərzində
xüsusi tərəqiyyə və inkişafa nail olmuş Azərbaycanın hüzuru ilə
yanaşı acısının da Pakistanın acısı olduğunu, Kəşmir məsələsinin
həllində Pakistana verdiyi dəstəyə və Kəşmir üzrə İƏT Təmas
qrupunun üzvü kimi verdiyi töhfələrə görə Azərbaycana
təşəkkürlərini ifadə edən Baş nazirin müşaviri Azərbaycan-Pakistan
əlaqələrinin bütün sahələr üzrə daha da inkişaf edəcəyinə əmin
olduğunu bəyan edib.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və
iştirakçılar üçün təşkil olunan çay süfrəsi ilə yekunlaşıb. Seminar
həmçinin, Pakistanın aparıcı televiziyaları və qəzetləri tərəfindən
geniş işıqlandırılmış, Azərbaycanın Pakistandakı səfiri Əli
Əlizadənin müsahibələri televiziyalarda yayımlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp