Maşallah Əhmədovun məhkəməsində QƏRAR VERİLDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən futbolçu
Maşallah Əhmədov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından
zərərçəkmiş tərəfindən verilən kassasiya şikayətinə
baxılıb.

APA-nın xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya
şikayəti və ya kassasiya protesti isə təmin edilmədən
saxlanılıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs Yusif Əzizov M. Əhmədov
barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya
şikayəti verib. O, M. Əhmədovun ona vurduğu külli miqdarda zərəri
tam ödəmədiyi halda apellyasiya instansiya məhkəməsi tərəfindən
əsassız olaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq
olunmaqla, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, 8
il müddətinə azadlıqdan məhrum edilmə cəzasının 2 ilə endirilməsinə
etiraz edib.

Zərərçəkmiş bildirib ki, ibtidai istintaq mərhələsində M.
Əhmədov vurulan ziyandan 11 min manat, Apellyasiya Məhkəməsi vaxtı
isə 32 min manat ödəyib. Y. Əzizov 300 min manat məbləğində mülki
iddia qaldırdığını deyib.

Xatırladaq ki, dələduzluqda təqsirləndirilərək həbs edilən
veteran futbolçu Maşallah Əhmədov ötən il oktyabrın 7-də sərbəst
buraxılıb.

M. Əhmədov cəzasının 3/4 hissəsini çəkdiyi üçün vaxtından əvvəl
cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

İttihama görə, M. Əhmədov tikinti materiallarının alveri üçün və
işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min
manat alaraq mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il
müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə
cəzanı 2 ilə endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp