Gədəbəyli müəllim statistikanı alt-üst etdi: 28 qalibin 21-i onun şagirdidir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

27 yaşlı Tural Topçuyev doğulub-böyüdüyü Gədəbəy
rayonunda Coğrafiya müəllimi işləyir.

Deyir, Gədəbəy yeganə rayonlardandır ki, orada demək olar ki, bu
fənni tədris edən müəllim yoxdur. Çalışır ki, rayondakı bütün
məktəblilərə bu sahədə yardımçı olsun. Vəzifəsinin öhdəsindən
olduqca gözəl gəlir. Elə bu səbəbdəndir ki, rayonda keçirilən fənn
olimpiadalarda qalib gənclərin əksəriyyəti Tural müəllimin şagirdi
olur.

Tural Topçuyev Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya
fakültəsini bitirib. 2011-ci ildə universiteti fərqlənmə diplomu
qurtarıb və həmin il Gəncə Dövlət Universitetinin Azərbaycanın
Fiziki Coğrafiyası ixtisası üzrə magistr təhsili alıb. Magistr
təhsilini də fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Gədəbəy
rayon Qızılqaya kənd tam orta məktəbində kariyerasına başlayıb.
2017-2018-ci tədris ilindən Gədəbəy şəhər 1 saylı tam orta
məktəbində həm Coğrafiya həm də iqtisadiyyat təmayüllü siniflərdə
bu fənni tədris etməyə başlayıb. Hazırda disertantdır. Elmi işlə
məşğuldur.

Publika.az A24.Az-a istinadən gənc müəllimlə
müsahibəni təqdim edir:

– Rayon üzrə keçirilən fənn olimpiadasında qalib gələn
28 nəfərdən 21-i sizin şagirdiniz olub. Fənnlərinizi şagirdlərinizə
necə sevdirə bilmisiniz?

– Şagirdə fənnini sevdirmək üçün gərək özün sevəsən. Peşəmi
sevirəm, mütailə edirəm. Hər gün dərsi tədris etməyə getməmişdən
kitabları vərəqləyirəm. Bundan başqa, şagirdlərimi çox sevirəm. Elə
şagirdlərim də məni sevir. Təsadüfi deyil ki, məktəbimizdə mənə
“şagirdlərin sevimlisi” titulunu veriblər. Mənim Gədəbəy şəhər
məktəbinə gəlməyimə səbəbkar da şagirdlərim olub. Valideynlər
direktordan mənim məktəbə gəlməyimi israrla istəyiblər. Onların
istəyi ilə bu il şəhər məktəbinə getmişəm. Yəqin ki, dərs proqramı,
tədris qaydası şagirdlərə fənni sevdirir. Bir də nəticələrim
əsasdır. Repetitor işləməyə başlayandan şagirdlərim 100 % ali
məktəblərə qəbul olur. Keçən il Gədəbəydə rekord göstərici olmuşdu.
94 % qəbul vermişdik. Bu il də işin gedişi onu göstərir ki, həmin
rekord təzələnə bilər. Keçən il də olimpiadada birincilik məhz
coğrafiyanın idi, lakin bu səviyyədə deyildi.

– Sovet dövründə Gədəbəydə çox sayda alim yetişirdi.
Çünki təhsil yüksək səviyyədə idi. Amma keçid dövründə yaşanan bəzi
durumlara görə, bərbad nəticələr göstərməyə başladı. İndi vəziyyət
nə yerdədir? İnkişaf gedirmi?

– Keçin dövründə əhalinin sosial vəziyyətində problemlər
yarandı. Maddi sıxıntılar insanları təhsildən uzaqlaşdırdı.
Müstəqillik dövründə hər sahədə olduğu kimi təhsildə də inkişaf
getdi. Məncə, Gədəbəydə də təhsil əvvəlki vəziyyətinə qayıdır. Mən
qəbul olduğum ildəki statistikaya baxsaq, mənim dövrümdə cəmi 1-2
nəfər 600 balı keçmişdi ali təhsil müəssisələrinə qəbul
imtahanında. Amma keçən il elə mənim 12 şagirdim 600 balı keçib. II
qrupa aşağı balla qəbul olanların əksəriyyəti coğrafiyanın hesabına
keçmişdi. Keçən ilk II qrupa verib kəsilən şagirdimiz yox idi.
Məncə, bu Gədəbəy təhsilində bir inqilab oldu. Bu səbəbdən təhsil
şöbəsi nəzərə aldı ki, mən məhz coğrafiya təmayüllü siniflərə dərs
deyim.

– Sosial şəbəkələrdə izləyirik ki, bölgələrdə dərs deyən
müəllimlər müəyyən yeniliklər edirlər. Məsələn, biri dərsi tamaşa
şəklində təqdim edir, biri təbiət qoynunda təqdim edir və s.
Gədəbəy dağ rayonudur. Sizin fikrinizdə maraqlı nələr
var?

– Coğrafiyada vacib proses dərsdənkənar təcrübələrin təşkilidir.
Hər il təşkil edirəm. İndi daha möhtəşəm məşğələlər planlaşdırıram.
Bu il Azərbaycanın geologiyasına, relyefinə uyğun bir məşğələ
olacaq. Gədəbəy dağlıq rayondur. Orada yüksəklik landşaftı daha
yaxşı nəzərə çarpır. Gədəbəy rayonunda nəzərdə tutduğum bölgələr
var ki, şagirdlərimi ora aparmağı düşünürəm. Məktəb də elə yerdədir
ki, yüksəklikləri hər gün dərs otağından göstərmək mümkün olur. Elə
bu özü əyani vəsaitdir. Dərsim həm də uşaqlara ona görə maraqlıdır
ki, hər bölməyə uyğun motivasiya aparıram. Məsələn özümün
hazırladığım materiallar var ki, yeni avadanlıqlarla onu
şagirdlərimə təqdim edirəm. Bundan başqa, müəllimə inam və
psixoloji təsir var. Əksər hallarda bunu riyaziyyat müəllimləri
edir. Məsələn şagirdə desən ki, bu fənn çətindir, şagirdin beyninə
həkk olunur ki, bu fənni oxumaq mümkün deyil. Mən isə əksinə edirəm
və deyirəm ki, coğrafiya çox maraqlı elmdir, dünya görüşünün
açarıdır, bu fənni bilən insan nikbin olar, öyrənməmək olmaz ,çünki
gündəlik yaşadığımız həyatdır. Bu yöndə öz fənnimə inam, maraq
yaratmağa çalışıram.

– Məktəblilər var ki, dərsə neçə km uzaqdan gəlir. Elə
şagirdlər var ki, müəllimlər özləri təhsilə cəlb edir. Elə
birilərini tanıyırsınızmı oxumağa həvəsi olsun, lakin maddi
səbəblərdən təhsildən yayınsın? Yəni şəxsən təhsilə cəlb etdiyiniz,
oxuması üçün maddi və mənəvi dəstək göstərdiyiniz şagirdlər
var?

– Həmkarlarımızla təşkil etdiyimiz bir təhsil mərkəzi var. Ora
kurs kimi fəaliyyət göstərmir. Sadəcə savadlı müəllimlər biraraya
toplanıb. Şagirdlər var ki, maddi durumu yaxşı deyil məsələn bir
ailədən iki və ya üç, müharibə veteranı övladı və ya şəhid
ailəsindən uşaqlar gəlir. Onlar təhsil haqqından tam azaddır. Yeri
gələndə onlara maddi dəstək də veririk. Bu il 5-6 şagirdin kitab və
xəritələrini öz hesabıma təmin etdim. Keçən il də təhsilinə yardım
etdiyimiz şagirdlər var ki, başımızı ucaltdı. Onlara baxıb qürur
duyuruq. Kasıb ailələrin övladları vardı ki, 600-dən yuxarı bal
yığdı. Bundan başqa ödənişlərində güzəşt etdiyimiz çox şagirdlər
var. Uzaq yoldan gəlib, çox pul xərcləyən uşaqları da nəzərə
alırıq.

– Dərsdən əlavə uşaqlarla münasibətləriniz necədir? Dost
kimisiniz yoxsa standart müəllim kimi?

Müəllimlik tək savaddan, təhsil verməkdən ibarət deyil. Müəllim
sinif otağına girəndə müəllim kimi qəbul olunmalıdır. İlk baxışdan
necə görünürsə o cür də davam edir. Orada geyimə də, saç düzümünə
də, səliqəliliyə də nəzarət olunmalıdır. Bu təbii ki, sinif otağına
aid olan prosedurdur. Ən əsası şagirdə şəxsiyyət kimi
yanaşılmalıdır, şagird səhv edə bilər. Əsas odur onu səhv yoldan
çəkindirəsən. Oxumayan uşağı təhqir etmək olmaz, onun
psixologiyasına uyğun üsullar tətbiq etmək lazımdır. Dərs
prosesindən sonra sözsüz ki, bütün şagirdlərim mənim dostumdur.
Valideynləri məktəbə çağıranda məni göstərib deyirlər ki,
valideynim burdadır. Bu mənim üçün baş ucalığıdır. Yəni şagirdlə
elə münasibət qurmuşam ki, maddi sıxıntısı olanda bunu mənə deyə
bilir. Amma dərs prosesi başqa və daha ciddi anlayışdır. Mənə
dərsdə qorxu ilə deyil, hörmətlə yanaşırlar.

-Məktəbinizdə fənn kabinetiniz varmı? Fənninizi tam
tədris etmək üçün hər şərait yaradılıbmı?

Bizim məktəb çox köhnə məktəbdir. Sırf rəhbər hesabına qorunub
saxlanıb. Yeni avadanlıqlar yoxdur. Lakin işləyən kadra dəstək
göstərilir. Mənə coğrafiya otağını qurmaq üçün şərait yaradılıb.
Müasir lövhəni özüm gətirmişəm. Mən gedənə qədər orada təbaşir
lövhə idi. İndi daha yeni avadanlıqlar təşkil etmək niyyətindəyəm.
Bundan başqa, özüm yeni xəritələr də tərtib etmişəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp