Daha 23,1 min nəfərin Prezident təqaüdü artırılır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2018-ci
il tarixli fərman və sərəncamları ilə müvafiq kateqoriyalardan olan
daha 23,1 min nəfərə ödənilən Prezident təqaüdünün məbləği
artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral
2018-ci il tarixli fərman və sərəncamları Azərbaycanın Milli
Qəhrəmanı adı verilmiş şəxslərin, Böyük Vətən müharibəsində iştirak
etmiş bəzi kateqoriyalardan olan insanların, Əfqanıstanda sovet
qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak
olan hərbi qulluqçuların ailələrinin və ümumi səbəblərdən I qrup
əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də
tədbirlərin davam etdirilməsinə imkan verir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın
Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin
gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş
şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il
14 iyul tarixli 258 nömrəli fərmanında dəyişiklik edilməsi barədə”
20 fevral 2018-ci il tarixli Fərmanı Azərbaycanın Milli Qəhrəmanı
adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün aylıq məbləğinin 2018-ci il martın 1-dən
artırılaraq 1500 manat müəyyən edilməsini nəzərdə tutur. Fərmana
əsasən, müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin
sonunadək 360 min manat əlavə vəsait ayrılacaq.

Dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsində
iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 20
fevral 2018-ci il tarixli Sərəncamı 1941-1945-ci illər Böyük Vətən
müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində,
idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə”
medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif
edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün artırılması üçün dövlət
büdcəsindən ilin sonunadək 29,5 min manat əlavə vəsaitin ayrılması
təmin ediləcək.

“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək
zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada
olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar
səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət
alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
artırılması haqqında” 20 fevral 2018-ci il tarixli Sərəncamın şamil
olunacağı şəxslərin sayı isə 22,6 min nəfər təşkil edir. Onlara
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması üçün
dövlət büdcəsindən ilin sonunadək 1,5 milyon manat əlavə vəsait
ayrılacaq.

Azərbaycan Respublikası Prezidentinin “Əfqanıstanda sovet
qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak
olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi
qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün artırılması haqqında” 20 fevral 2018-ci il tarixli
Sərəncamı isə 61 nəfərə şamil olunacaq. Sərəncamla müvafiq artımın
edilməsi məqsədilə dövlət büdcəsindən ilin sonunadək 12,2 min manat
əlavə vəsaitin ayrılması təmin olunacaq.

Qeyd olunan Fərman və Sərəncamlar ümumilikdə 01 yanvar 2018-ci
il tarixə olan göstəricilər nəzərə alınmaqla 23082 nəfər şəxsə
şamil olunacaq və onlara Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün artırılması üçün dövlət büdcəsindən ilin sonunadək
ayrılacaq əlavə vəsait 1,9 milyon manat təşkil edəcək. Həmin
sənədlərin icrasının vaxtında və tam şəkildə təmin olunması
istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən məqsədyönlü işlər görüləcək.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp