Bakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Hərdən düşünürəm ki, xoşbəxtlik sadəcə insanlara,
canlılara məxsus bir hiss deyil. Məncə, cansız əşyalar – mənzillər,
otaqlar, divarlar da da xoşbəxt ola bilərlər. Bu xoşbəxt
mənzillərdən biri də Bakı şəhər, Səbail rayonu Tərlan Əliyarbəyəv
küçəsi 6 ünvanında yerləşir.

Unudulmaz şair Səməd Vurğunun ömrünün son iki ilini (1954-1956)
keçirdiyi bu ev əzəməti ilə birgə, xoşbəxtliyini də nümayiş
etdirir. 1974-cü ildə təşkil edilən bu ev-muzeyin 1975-ci il
oktyabrın 6-da təntənəli açılışı olub. Bu Azərbaycanda yazıçı və
bəstakarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk
memorial muzeydir.

Mənzilə daxil olan kimi onun aurasına qapılırsan. Sanki divarlar
da məğrur şəkildə hansı şəxsiyyətləri gördüklərini sənə bildirməyə
çalışırlar.

Gözlərin sırasız şəkildə əşyaları seyr etməyə başlayır. Səməd
Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun otağın fərqli
künclərində duran kiçik büstlərinin baxışları sanki eyni nöqtədə
kəsişərək söhbətləşirlər.

Muzeyin direktoru, mərhum şairimiz Vaqif Səmədoğlunun ömür-gün
yoldaşı Nüşabə xanım bizi çox xoş qarşıladı. O, muzeyə direktor
təyin olduqdan sonra burada etdiyi yeniliklərdən danışdı. Şübhəsiz
ki, bu muzeyi daha da dəyərli və gözəl edən də elə Nüşabə xanımın
muzeydə Yusif Səmədoğlu və Vaqif Səmədoğlu guşələrini yaratmasıdır.
O, muzeyə direktor təyin olduğu il (2015) bu təşəbbüsünü
reallaşdıraraq, sadəcə bir ailə üçün yox, həm də ədəbiyyat üçün
böyük bir addım atıb. Axı bu üç dahini sadəcə qan bağları, eyni
mənzildə yaşamaqları yox, həm də ədəbiyyat kimi müqəddəs bir məfhum
da birləşdirir.

Nüşabə xanım “Səməd Vurğunun şeirlərini daha çox sevirsiniz,
yoxsa Vaqif Səmədoğlunun” sualına belə cavab verdi.

– Səməd Vurğunun şeirlərini məktəb vaxtından öyrənirdik. O,
həqiqətən də ədəbiyyatımızda əvəzolunmaz şairlərdəndir. Düzü, o
vaxtlar ədəbiyyatı çox sevsəm də, poeziya ilə o qədər də
maraqlanmırdım. Poeziyanı mənə sevdirən isə Vaqif Səmədoğlu
oldu.

Elə doğrudan da müqayisə edilməməli olan bu iki şairin
poeziyamızda xüsusi yeri var. Yazıçı Yusif Səmədoğlu isə bu iki
şairdə də olan ilahi verginin nəsrimizdəki təcəssümüdür.

Səməd Vurğunun yazı masasındakı telefonunu görən kimi Vaqif
Səmədoğlunun qardaşı Yusifə ithaf etdiyi, atasının ölümünə həsr
olunmuş “Qantel” şeirini xatırlatdım.

Bi­lir­siz qan­tel nə­dir?
Çu­qun­dan tö­kül­müş,
U­zun­bel sək­ki­zə bən­zər
ə­zə­lə bər­ki­dən.
Mən bir də­fə
dün­ya­nın ən ağır
qan­te­li­ni qal­dır­dım:
te­le­fon ça­ğır­dı mə­ni,
gö­tür­düm dəs­tə­yi,
səs gəl­di:
-Özü­nü ələ al,
öl­dü…
Qüv­vəm çat­ma­dı,
düş­dü əlim­dən
dün­ya­nın ən ağır qan­te­li…

Səməd Vurğunun yazı masasının şüşəsi altında qalan çəkilməmiş
siqaretləri isə insanı kədərə boğurdu.

Masadakı son əlyazması, yazdığı son şeir, son bənd də elə şairin
ölümündən sonra necə qiymətləndiriləcəyindən xəbər verirdi.

Baxt məni bu yerə qonaq göndərdi,

Gedirəm, yamandır ayrılıq dərdi.

Demə Səməd Vurğun gəldi gedərdi,

Unutmaz bu oba, bu mahal məni.

Vaqif Səmədoğlu və Yusif Səmədoğlu üçün ayrılmış guşə də
möhtəşəmliyini açıq şəkildə nümayiş etdirirdi. Hər iki yazıçının
yazı masaları, çap maşınları, sonuncu siqaret qutuları və
siqaretləri.

Vaqif Səmədoğlunun əsaları, fotoaparatları, pianosu. Yusif
Səmədoğlunun skripkası, qol saatları, qəlyanları və bütün digər
aksesuarlar sahiblərini həm məmnunluq hissi ilə xatırlayır, həm də
bizə xatırladırdılar.

Səməd Vurğunun öldüyü vaxt həyat yoldaşı Xavər xanım tərəfindən
dayandırılan saat isə bu şairin və övladlarının yaradıcılığının
zamanla çərçivələnmədiyini nümayiş etdirirdi.

Ulucay Akif

Foto: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp