Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Bakıda dəyəri bir neçə milyon manat olan mənzil
və villalar mövcuddur.

Publika.az xəbər verir ki, bunu Trend-ə Əmlak
Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, bahalı mənzillər əsasən şəhərin
mərkəzində premium binalarda yerləşən, böyük sahəyə malik, dəniz
mənzərəsi olan mənzillər. Bu mənzillərin qiyməti 3 milyon manata
qədərdir.

Villalara gəlincə isə ekspert bildirib ki, bu gün Bakı şəhəri və
ətraf ərazilərdə 10 milyon manata satışa çıxarılan villalar
var.

R.Osmanlının sözlərinə görə, ötən illərlə müqayisədə villaların
qiyməti xeyli ucuzlaşıb:

“Xüsusilə enerji taariflərinin diferensiallaşmasından sonra
saxlanma xərcləri artdığına görə satışa çıxarılan villaların sayı
xeyli dərəcədə artdı və bu da təbii ki, qiymətin ucuzlaşmasına
gətirib çıxardı. Amma elə villalar da var ki, onlar bu gün
girovdadır və ev sahibi banka uduzmamaq üçün villanı satıb banka
olan borcunu bağlamaq və yerdə qalan vəsaiti digər problemlərinin
həllinə sərf etmək istəyir. Belə hallar da var və bu addımlar
villaların qiymətinə təsir göstərir. Son bir il ərzində villaların
qiyməti 15 faizə qədər azalıb, iki il əvvəlki qiymətlərlə
müqayisədə isə bu rəqəm 20 faizdən çoxdur”.

R.Osmanlının sözlərinə görə, müşahidələr göstərir ki, Bakıda
villaların alqı-satqısı çox aşağı səviyyədədir: “Ümumiyyətlə,
dəyəri 500 min manatdan yuxarı olan və likvidlik göstəriciləri
aşağı olan əmlak kateqoriyalarına tələb xeyli dərəcədə aşağı düşüb.
Artıq insanlar bu əmlaklara investisiya qoymağı düşünmürlər.
Xüsusilə nəzərə alsaq ki, son illər əmlakın vergiyə cəlb olunması
kimi qərarlar verildi, yəni böyük məbləğdə villa alqı-satqısı olan
zaman onun vergisi də böyük olur, eyni zamanda böyük villanın
saxlanma xərcləri də kifayət qədər yüksəkdir və əksər hallarda
həmin əmlakdan gəlir götürmək imkanları məhduddur. Bütün bu
səbəblərə görə, belə villalara olan maraq xeyli azalıb. Yəni
villanı alıb boş yerə saxlamaq və orada böyük vəsaiti yatırtmaq bu
gün üçün heç kimə sərf etmir. Ona görə də bazarda böyük və bahalı
əmlaklara maraq xeyli dərəcədə aşağı düşdü”.

Ekspert vurğulayıb ki, hazırda daha çox tələbat qiyməti təqribən
200-500 min manat və icarə dəyəri 1000-3000 manat arasında dəyişən
qeyri-yaşayış və xidmət obyektlərinədir: “Bundan başqa şəhər
mərkəzlərində yerləşən, xüsusilə yeni tikililərdəki mənzillərin son
illərdə likvidliyi artıb. Bu da xarici vətəndaşların ölkəmizə
marağının çoxalması ilə bağlıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp