Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik
Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı
qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, İran nümayəndə
heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın,
Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü
uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək
əklillər və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib.
Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin
dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-mayor
Ə.Hatəmi “Şərəf kitabı”nı imzalayıb.
Müdafiə nazirləri əvvəlcə təkbətək sonra isə geniş tərkibdə
görüşüblər.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov general-mayor
Ə.Hatəmini Müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə
təbrik edib və bu vəzifədə ilk xarici rəsmi səfərini məhz
Azərbaycana etməsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək
göstəricisi kimi dəyərləndirib.

Nazir Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın
yaradılmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər
Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi
vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik
Z.Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll
olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini
iranlı həmkarının diqqətinə çatdırıb.
Nazir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması
üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

İki dövlət arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban
dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox
istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş
potensialın olduğunu vurğulayan general-mayor Ə.Hatəmi ölkəsinin
Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı
ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

O, qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın
müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə
istənilən yardımı göstərməyə hazırdır.

Görüşdə Azərbaycan və İran orduları arasında hərbi,
hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf
perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili
və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi
aparılıb.
Sonda hər iki nazir görüşün nəticələrinə dair mətbuata açıqlama
verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp