XİN Sarkisyanın təbrikini şərh edib: “Melkonyandan…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan prezidentinin qondarma rejimə ünvanladığı
təbrikdə erməni terror təşkilatı ASALA üzvü və onlarla günahsız
insanların terror yolu ilə qətlində iştirak etmiş beynəlxalq
terrorçu Monte Melkonyandan fəxarətlə iqtibas gətirməsi Ermənistan
hakimiyyətinin və 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq
Qarabağ regionunda başlamış aqressiv separatçı hərəkatın əsl
mahiyyətini sübut edir.

Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində
yaradılmış qondarma rejimə ünvanladığı təbriki şərh edərək
bildirib.

H.Hacıyevin sözlərinə görə, terrorçu Monte Melkonyanla birlikdə
səhra komandiri kimi fəaliyyətə başlayan və bu təfəkkürdən hələ də
ayrılmayan Ermənistan rəhbərliyi Azərbaycana qarşı terror, hərbi
işğal, qanlı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq
əleyhinə cinayət əməllərinin nəticələrini nailiyyət kimi təqdim
edir:

“Özü-özünü və erməni xalqını aldatmaq əvəzinə, Ermənistanın
hərbi diktatura rejimi Azərbaycanın Dağlıq Qarabağ regionunda
başlayan aqressiv erməni separatizmi və Azərbaycan ərazilərinin
hərbi işğalının Ermənistanın bugünkü strateji uğursuzluğunu
şərtləndirdiyini etiraf etməlidir. Belə ki,

– Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müvəqqəti və
taktiki işğalı Ermənistanın geosiyasi və geoiqtisadi təcridini və
strateji məğlubiyyətini şərtləndirərək, onu regional layihələrdən
kənarda qoyub və bu ölkənin siyasi, hərbi, iqtisadi, sosial və
demoqrafik resurslarını tükətməkdədir. Həmçinin suveren dövlət
kimi, Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub;

– Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində
ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Bu mövqe
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam
Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, NATO,
Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların bəyanatları,
qətnamə və qərarları, habelə ikitərəfli əsasda digər dövlətlərin
bəyanatlarında və ikili sənədlərində təsbit olunub;

– Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalını siyasi
müstəviyə daşımaq və hətta işğala öz müqəddəratını təyin etmək donu
geyindirərək legitimləşdirmək cəhdləri iflasa uğrayıb. Beynəlxalq
ictimaiyyət Ermənistanın gücdən istifadə edərək Azərbaycan
ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımayıb və
heç zaman da tanımayacaq;

– ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq
ictimaiyyət işğala əsaslanan mövcud status-kvonu qəbuledilməz və
qeyri-davamlı hesab edir və onun dəyişdirilməsini tələb edir.
Status-kvonun dəyişdirilməsi, ilk növbədə, işğal faktının aradan
qaldırılmasını nəzərdə tutur;

– Münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları
bütün beynəlxalq ictimaiyyətə məlumdur. Bu, beynəlxalq hüququn
norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri, Helsinki Yekun
Aktına əsaslanaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal
olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və
suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi
köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz
doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində
Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının birgə yaşayışını
nəzərdə tutur;

– Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal və etnik
təmizləmə siyasəti, həmçinin Ermənistanda və işğal edilmiş
ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı dövlət səviyyəsində
törətdiyi terror, hərbi və bəşəriyyət əleyhinə cinayət əməllərinin
ifşası nəticəsində erməni yalanları üzə çıxarılıb və Ermənistanın
bir dövlət olaraq beynəlxalq səviyyədə mənəvi dayaqları və imici
əsaslı şəkildə sarsılıb. Beynəlxalq ictimai rəydə Ermənistanın
işğalçılıq siyasəti və erməni yalanları barədə aydın fikir
formalaşdırılıb”.

H.Hacıyev qeyd edib ki, Ermənistan rəhbərliyi bu reallığı nə
qədər tez dərk edərsə və Azərbaycan ərazilərinin işğalına son
qoyarsa, bir o qədər də tez regionda davamlı sülh və sabitlik
bərqərar olar və Ermənistan əhalisi regional əməkdaşlıq
imkanlarından faydalana bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp