Son 12 il ərzində ödənilməmiş borclar silinəcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərbaycan Prezidenti İlham Əliyevin “Ölkəmizin
inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə
uyğun olaraq həyata keçirlən ardıcıl tədbirlər özəl sektorun milli
iqtisadiyyatda rolunun artmasına səbəb olub. Bu sahibkarlığın
sosial sığorta sistemində iştirak səviyyəsinin də yüksəlməsinə
imkan verib. Dövlət başçısının sahibkarlığın inkişafına, bu sahədə
dövlət dəstəyinin daha da artırılmasına yönələn növbəti addımı və
təşəbbüsü kimi hazırlanan yeni “Məcburi dövlət sosial sığorta
haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi də
sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı
olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşıyır.
Həmçinin hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki
şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına
xidmət edir”.

Bu sözləri Publika.az-a Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Elman Babayev deyib.

Onun sözlərinə görə, “2014-2020-ci illərdə Azərbaycan
Respublikasında pensiya təminatı sisteminin islahatı
Konsepsiyası”na uyğun olaraq, aparılan islahat tədbirləri pensiya
sisteminin maliyyə dayanıqlığının təmin edilməsində və
vətəndaşların gələcək pensiya təminatının formalaşmasında
sığortaedənlər və sığortaolunanlar tərəfindən ödənilən məcburi
dövlət sosial sığorta haqlarının əhəmiyyətini artırıb:

“Belə olan şəraitdə ölkədə sahibkarlıq mühitini inkişaf
etdirmədən və onlar üçün əlverişli şərait yaratmadan sosial müdafiə
sisteminin əhatəliyinin artırılmasına və sosial sığorta
ödənişlərinin tam toplanmasına nail olmaq mümkün deyil. Xüsusilə də
son illərdə qloballaşan dünyada baş verən ciddi iqtisadi və siyasi
hadisələrin fonunda yaranan maliyyə böhranını və onun mənfi
təsirlərini maksimum zəiflətmək, qeyri-neft sektorunun inkişafına
sahibkarlıq subyektlərinin stimullaşdırılması və əlverişli biznes
mühitinin formalaşdırılması vasitəsi ilə dəstək vermək, beləliklə
də, ölkədə sosial sığorta sisteminin maliyyə dayanıqlığını təmin
etmək üçün məcburi dövlət sosial sığorta borclarının
tənzimlənməsinə ehtiyac var. “Məcburi dövlət sosial sığorta haqları
üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi də əlverişli
sığorta mühitinin yaradılmasına, fərdi uçot sistemində nəzərə
alınmayan, məhkəmə qərarlarının olmasına baxmayaraq hazırkı
tarixədək əsasən obyektiv səbəblərdən ödənilməyən məcburi dövlət
sosial sığorta haqları üzrə borcların tənzimlənməsinə xidmət edir.
Layihədə sığortaedənlərin Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondunun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə
yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi
dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsi
nəzərdə tutulub. Həmin borcları təhlil etdikdə ötən 12 il ərzində
borcu olan sığortaedənlərin heç də hamısının borclarını ödəməyə
cəhd göstərmədiyi və ya belə bir imkana malik olmadıqları aydın
olur. Bu sahədə görülmüş tədbirlər nəticəsində məhkəmə qərarları
vasitəsilə də gözlənilən məqsədə kifayət qədər nail olunmayıb”.

Şöbə müdiri qeyd edib ki, hesabat məlumatlarına görə, sığorta
edənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar
2006-cı il tarixə olan 199,6 milyon manat borclarından yalnız 50
faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək
ödənilib:

“Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində ödənilməmiş
məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2
milyon manat təşkil edir. Qanunun layihəsinin digər müddəası
sığortaedənlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot
sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış
və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət
sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş
maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının tam
məbləğdə silinməsini nəzərdə tutur. Hesabat məlumatlarına görə
sığortaedənlərin 01.01.2018-ci il tarixə 81,8 milyon manat
ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının
pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış
penya) üzrə borcları mövcuddur ki, bunun da 67,4 faizi və ya 55,1
milyon manat 01.01.2015-ci il tarixə yaranı. Qanun layihəsində
məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə
tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə
2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək
yaranmış borcların da tənzimlənməsi əksini tapır. Hesabat
məlumatlarına görə sığortaedənlərin 2015-ci ilin 1 yanvar
tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borclarının
məbləği 26,7 milyon manat təşkil edir”.

E.Babayev son olaraq əlavə edib ki,”Məcburi dövlət sosial
sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun layihəsi
ilə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan
məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası
qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları
(hesablanmış penya) üzrə borclarının 155,3 milyon manat hissəsinin
silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə
tutulur:

“Onu da qeyd edək ki, pensiya təminatında sığortaolunanlara
fərdi hesabların 01.01.2006-cı il tarixdən açıldığını, ödənilən
məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin
tarixdən fərdi uçotunun aparıldığını və vətəndaşların pensiya
hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında bu
tarixdən müəyyənləşdirildiyini nəzərə alaraq, məcburi dövlət sosial
sığorta haqlarının əsas məbləğinin silinməsi vətəndaşların pensiya
hüquqlarına mənfi təsir etməyəcək. Nəticə etibarilə, “Məcburi
dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında”
Qanunun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət
sosial sığortası üzrə borcları tənzimlənəcək. Bu isə məcburi dövlət
sosial sığorta haqları üzrə borcu olan sığortaedənlərin maliyyə
yükünün azalmasına, həmin sosial sığorta haqları üzrə cari
borcların ödənişinin vaxtında və tam məbləğdə həyata keçirilməsinə
imkan verəcək, belə borcları gələcəkdə yaratmamağa sövq edəcəkdir.
Eyni zamanda, bu tədbir bütövlükdə əmək pensiyalarının əsas maliyyə
mənbəyi olan məcburi dövlət sosial sığorta haqları üzrə
daxilolmaların artırılmasına və əmək pensiyalarının vaxtında və tam
məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaq”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp