“İki “y” hərfi ilə bağlı yeni qaydanın tətbiqi xeyli vəsait tələb edəcək”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda Ana Dili
Gününə həsr edilən tədbir keçirildi.

Publika.az xəbər verir ki, tədbirdə İnstitutun direktoru,
akademik Möhsün Nağısoylu, Dövlət Dil Komisiiyasının üzvü, millət
vəkili, akadmeik Nizami Cəfərov, Filologiya elmləri doktoru,
professor Buludxan Xəlilov, filologiya üzrə fəlsəfə doktoru, dosent
Təranə Şükürlü, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli,
filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov çıxış etdilər.

Çıxışlar əsanasında Azərbaycan dilinin zənginliyindən, etnik
köklərindən, alınma sözlərin dilin normalarına uyğunlaşdırılması
prosesindən, eləcə də Orfoqrafiya lüğətinə ediləcək
dəyişikliklərdən bəhs olundu.

M.Nağısoylu bildirdi ki, Dilçilik İnstitunun tərkibində
yaradılan Orfoqrafiya ilə bağlı İşçi Qrupu hazırda təkliflər
üzərində işləyir:

“Yeni təkliflərin mart ayına qədər tam hazırlanması
planlaşdırılır. İşlər bitən kimi təkliflər Orfoqrafiya
Komissiyasına təqdim olunacaq. Komissiya baxdıqdan sonra isə hazır
variant Nazirlər Kabinetinə göndəriləcək. Lüğətin çap olunması isə
Nazirlər Kabinetinin qərarından asılıdır. Ancaq yeni lüğətin
təxminən bu ilin ortalarına kimi çapdan çıxması gözlənilir”.

N.Cəfərov isə söylədi ki, Azərbaycan dili iltisaqi
cəhətdən güclü dildir. Buna görə də, region dillərinin Azərbaycan
dilinə təsiri olmur:

“Fars dilinin bizim dilimizə təsiri güclü olub. Çünki mükəmməl
dildir. Ərəb dilinin təsiri olub, çünki dinimizin dilidir. Və
nəhayət Avropa dillərinin. Mən deyərdim ki, rus dilinin bizim
dilimizə təsiri xüsusilə məişət üslubunda olub. Sadəcə biz Avropa
mənşəli sözləri öz dilimizə rus dilindən tərcümə olunmuş şəkildə
qəbul etdiyimiz üçün, bu gün rusdilli aksentdən Avropa aksentinə
keçə bilmirik. Bu problem bütün dillərdə var”.

N.Cəfərovun fikrincə, yeni orfoqrafiya layihəsində elə qaydalar
var ki, onların dəyişdirilməsi qəbul ediləsə, büdcədən ciddi
məbləğdə vəsait ayrılmalıdır:

“Ana dilini gözəlləşdirmək üçün gözəl şeirlər yazmaq yox,
sözləri düz yazmaq lazımdır. Orfoqrafiya lüğətinə dəyişiklik sadə
proses deyil. Burada ediləcək dəyişikliklər nəticəsində demək olar
ki, bir çox rəsmi sənədlərdə də dəyişiklik olacaq. Elə qaydalar var
ki, onların dəyişdirilməsi qəbul olunsa, büdcədən çoxlu pul
ayrılmalıdır. Məsələn, iki “y” hərfi ilə yazılan sözlərin bir “y”
ilə yazılması qaydalara əlavə edilərsə, bir neçə nazirliyin rəsmi
adı da dəyişdirilməlidir. Bunlar arasında Ədliyyə, Maliyyə
nazirlikləri, eyni zamanda bir çox başqa qurumlar var. Məncə, bu
çox böyük məsələyə çevrilə bilər”.

B.Xəlilov isə söylədi ki, Azərbaycan dilinə daxil olan
alınma sözlər səs strukturuna uyğunlaşdırılmalıdır:

“Orfoqrafiya lüğətinə daxil olan yeni sözlər eyni zamanda,
dilimizin normalarına uyğunlaşdırılmalıdır. Azərbaycan xalqı bütün
dünya dillərinin öyrənilməsinə maraqlı olduğu üçün tarix boyu
dilimizə çoxsaylı sözlər daxil olub və bu proses davam edir.
Düşünürəm ki, dəyişikliklərdən sonra Orfoqrafiya lüğətində qarışıq
qalan bütün məsələlər öz həllini tapacaq”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp