Gecə saat 5-də qızı blokda öpdü, sonra…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci
il təvəllüdlü Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi
başa çatıb.

Publika.az xəbər verir ki, Kamran Həsənzadə 29
iyun 2015-cı il tarixdə, gecə saat 04.25-də tanışları Sultan
Sultanlı və Ərəhman Məmmədov ilə yaşadığı Nərimanov rayonu, Heydər
Əliyev küçəsi, 54 saylı binanın həyətinə gəlib.

Blokda qızla görüş

Onlar binanın 2-ci girişinin qarşısında dayanaraq söhbət
ediblər. Bu zaman həmin girişin ikinci mərtəbəsində yaşayan Sevda
Xəlilovanın (ad və soyad şərti verilib – red.) mənzilinə Nazim
Ələkbərli tanışı Ayseli ötürüb.

Həmin zaman Nazim Ələkbərli blokda Ayseli qucaqlayaq öpüb. Sonra
oradan ayrılan Nazim Ələkbərli binanın həyətinə çıxaraq evlərinə
getmək istəyib.

Anan, bacın blokda nə gəzir?

Həmin vaxt Kamran Həsənzadə Nazim Ələkbərlinin yanına çağırıb və
ona etdiyi hərəkətə görə iradını bildirib. O, bu həyətdə yaşadığını
deyib.

Nazim Ələkbərliyə iradını bildirən Kamran Həsənzadə ona
gələcəkdə belə hərəkətlərə yol verməməsini tapşırıb. Ona deyib ki,
bu binada anası və bacısı yaşayır.

Nazim Ələkbərli isə Kamran Həsənzadənin iradına kobud cavab
verib. O, Kamrana “bu vaxt anan, bacın blokda nə gəzir?” – deyib.
Bu zaman onların mübahisəsi böyüyüb.

Qanla bitən dava

Həmin vaxt Nazim Ələkbərli tapança gətirəcəyi ilə Kamran
Həsənzadəni hədələyib, beysbol bitası ilə ona xəsarət yetirib.
Nazim Ələkbərlinin bu hərəkətindən əsəbiləşən Kamran Həsənzadə onu
qisas almaq məqsədilə öldürmək qərarına gəlib.

Kamran Həsənzadə özündə olan bıçaqla Nazim Ələkbərliyə çoxsaylı
bıçaq xəsarətləri yetirib. Orada olan şəxslərin müdaxiləsindən
sonra Kamran Həsənzadənin dostları Nazim Ələkbərlini 5 saylı
xəstəxanaya aparıb.

Qətl və iki maddəli cinayət işi

Həkimlər tərəfindən göstərilmiş müvafiq tibbi tədbirlərə
baxmayaraq Nazim Ələkbərli almış olduğu xəsarətlər nəticəsində baş
vermiş kəskin qanitirmədən ölüb.

İstintaq orqanı tərəfindən Kamran Həsənzadəyə qarşı Cinayət
Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və
228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən
soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim
ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı
olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan
edilib.

16 il cəza və narazılıq

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Həsənzadə 16
il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan
təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində olan
hökmün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini
istəyib.

Həmçinin zərərçəkmişin hüquqi varisi Nurəddin Ələkbərov
apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsə birinci
instansiya məhkəməsi tərəfindən yüngül cəza verildiyini qeyd
edib.

“Məhkum əməlindən peşman deyil”

Nurəddin Ələkbərov qeyd edib ki, məhkəmə məhkumun törətdiyi
əmələ düzgün qiymət verməyib: “Məhkum törətdiyi cinayətə görə özünü
təqsirli bilməyib, törətdiyi əməldən peşman olmayıb. Cinayəti
törətdiyi vaxtdan xeyli müddətdən artıq keçməsinə baxmayaraq,
məhkəmədə davranışı, əməlinə münasibəti ilə islah yolu tutmadığı
müəyyən edilib. Məhkəmə məhkumun şəxsiyyətini xarakterizə edən bu
mühüm xüsusatı nəzərə almayıb”.

“Kriminal cinayətlərə meyillidir”

Nurəddin Ələkbərov həmçinin göstərib ki, məhkəmə məhkumun
hadisəyə qədərki davranışına da qiymət verməyib: “İstintaq
materiallarından görünür ki, təqsirləndirilən şəxs ictimai faydalı
əməklə məşğul olmayıb, tüfeyli həyat keçirib. Soyuq silah olan və
cinayətin aləti olan bıçağı əldə edərək saxlaması da onun kriminal
cinayətlərə meyilli olduğuna dəlalət edir. Məhkəmə bu mühüm
xüsusatı da nəzərə almayıb”.

“Özünü dindar kimi təqdim edib”

Şikayətçinin qeyd etdiyinə görə, təqsirləndirilən şəxs özünü
dindar kimi təqdim etsə də, hadisə baş verən gün ramazan orucu
tutmasına baxmayaraq, islam qanunlarına zidd olaraq qadınlarla
yazışıb, görüşüb və hətta növbəti gün dənizə getmək barədə razılığa
gəlib: “Bu xüsusatdan təqsirləndirilən şəxsin islam dini qanunları
və adətləri altında öz ictimai təhlükəli şəxsiyyətini maskalamaq
üçün istifadə etdiyi görünür. Məhkəmə təqsirləndirilən şəxsin bu
davranışının ictimai rezonansını nəzərə almayıb”.

“Bizi sonsuz qoyub”

Şikayətdə mərhum Nazim Ələkbərlinin atasının və anasının yeganə
övladı olduğu da göstərilib: “Onu həyatdan mərhum etməklə
təqsirləndirilən şəxs biz – valideynləri sonsuz qoyub.
Təqsirləndirilən şəxs hətta ömürlük cəza belə alsaydı, qanunun
humanizmindən istifadə etməklə nə vaxtsa azadlığa qovuşa və ya
ömürlük cəza çəkmə yerində yaşamaqla valideynlərini varlığı ilə
xoşbəxt edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxsə
əsassız yüngül cəza verməklə məhkəmə biz valideynlərin itkisini
nəzərə almayıb”.

Şikayətçi təqsirləndirilən şəxsin barəsində ömürlük cəzanın
təyin edilməsini istəyib. Tərəflərin şikayətləri araşdırılması üçün
Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vaqif Mursaqulovun
sədrliyi ilə baş tutan prosesdə tərəflərin şikayətləri üzrə qərar
elan edilib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də
zərərçəkmiş tərəfin şikayəti təmin ediməyib.

Bu qərardan narazı qalan zərərçəkmiş tərəf kasasiya şikayəti
verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan
iclasda zərərçəkmiş tərəfin kasasiya şikayəti təmin edilməyib.

Qeyd: Ali Məhkəmədən Publika.az-a verilən məlumata görə,
təqsirləndirilən Kamran Həsənzadə də kasasiya şikayəti ilə
məhkəməyə müraciət edib. Bildirilib ki, onun şikayəti məhkəməyə
fevralın 12-də daxil olub. O, şikayətində barəsində olan hökmün
ləğv edilməsini, işinə ədalətli baxılmasını istəyib.

Kamran Həsənzadənin kasasiya şikayəti hakim Hafiz Nəsibovun
icraatına verilib. Yaxın günlərdə onun şikayəti üzrə məhkəmə
prosesi başlanacaq.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp