DGK sədrinin müavini Pustovitovu qəbul etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin
Bağırov ölkəmizdə səfərdə olan Mərkəzi Asiya Regional İnformasiya
Əlaqələndirmə Mərkəzinin direktoru Pustovitov Qriqoriy Borisoviçlə
görüşüb.

Bu barədə Publika.az-a DGK-dan məlumat
verilib.

Ş.Bağırov Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə
Mərkəzi (CARICC) ilə Azərbaycan Gömrük Xidməti arasında
uzunmüddətli səmərəli əlaqələr qurulduğunu diqqətə çatdırıb.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının transmilli qanunsuz dövriyyəsi ilə əlaqədar
mübarizənin əlaqələndirilməsi, səlahiyyətli milli orqanlar arasında
məlumat mübadilə sisteminin aparılması və müasir tələblərə uyğun
təşkilinin əhəmiyyətini qeyd edən DGK sədrinin müavini yeni
psixoaktiv maddələrin qanunsuz dövriyyəsinin qanunvericilik
səviyyəsində tənzimlənməsinin unifikasiyası və narkotiklərlə
mübarizənin digər sahələrində qarşılıqlı işgüzar münasibətlərin
ümumi işə faydasını vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Mərkəzi Asiya
Regional İnformasiya Əlqaələndirmə Mərkəzinin direktoru Qriqoriy
Pustovitov CARICC ilə Azərbaycan Gömrük Xidməti arasında bütün
sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib
və təmsil etdiyi qurumun transmilli qanunsuz narkotiklərin
dövriyyəsi ilə mübarizə sahəsində gömrük əməkdaşlarının
potensialının gücləndirilməsi istiqamətində bundan sonra da öz
dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb. Mərkəzin direktoru
CARICC çərçivəsində həyata keçirilən işlər, yeni üzvlər barədə
məlumat verib.

Komitə sədrinin müavini CARICC sıralarına yeni üzvlərin
qoşulmasını təşkilatın coğrafiyasının genişlənməsi ilə yanaşı,
regional səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə
baxımından əməliyyat potensialının gücləndirilməsinə də mühüm töhfə
verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp