Azərbaycanda korluq ən çox hansı bölgələrdə yayılıb?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Respublika ərazisində on üç yaşadək uşaqlarda miopiya,
böyüklər arasında isə miopiya ilə yanaşı, qlaukoma, katarakta,
korluq, zəifgörmə geniş yayılıb.

Publika.az xəbər verir ki, bu sözləri akademik
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmar
Qasımov “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının
əsasıdır” mövzusuna həsr olunmuş birgə elmi sessiyada çıxışı zamanı
söyləyib.

Onun sözlərinə görə, əhali arasında oftalmopatalogiyanın pay
bölgüsünə əsasən, 10 yaşadək uşaqlarda 35 faiz nəticə ilə
refraktion patologiya, 18 yaşdan yuxarı sakinlərdə isə 22 faizlə
katarakta xəstəliyi üstünlük təşkil edir. Zəifgörmə və korluq
Şamaxı, Kürdəmir, Lerik və Qax rayonlarında yaşayan sakinlər
arasında geniş yayılıb.

“Əlilliyə səbəb olan qlaukoma əhali arasında geniş
yayılmaqdadır. Görmə orqanının bu xəstəliyinin respublika üzrə
yayılması 14,5-18,7 faiz təşkil edir. Hazırda ölkəmizdə 22 min 256
nəfər qlaukomaya məruz qalmış xəstə var. Mərkəzdə qeydiyyatda
olanların sayı 15 min 265 nəfərdir. Bölgələrdə isə bu rəqəm 914-ə
bərabərdir. Xəstəliyin terminal mərhələsinin olduğu xəstələr
birinci, ikinci, üçüncü qrup əlil hesab edilirlər. Onların hər
hansı bir iş fəaliyyəti ilə məşğul olması mümkünsüzdür. Dövlət
tərəfindən onlara pensiya ayrılır. Qlaukomalı xəstələr üçün yüksək
səviyyəli dispanzerizasiyanın və müalicənin tətbiqi olduqca
vacibdir. Bu xəstəliyin ən geniş yayılmış növü 67 faizlə birincili,
yəni açıqbucaqlı qlaukomadır”, – deyə direktor qeyd edib.

E.Qasımov kataraktanın da əhali arasında geniş vüsət aldığını
bildirib: “Katarakta xəstəliyinə Cəlilabad rayonunda daha çox rast
gəlinir. Göz zədələrinin intensiv göstəricisi isə Bakı, Salyan,
Ağdaşda aşkarlanıb. Bununla əlaqədar mərkəzə təcili tibbi yardımla
gələnlərin 70 faizi gənc nəslin nümayəndələridir. Onlar müalicə və
əməliyyatdan sonra öz iş fəaliyyətlərini davam etdirə bilirlər.
Görmə orqanı zədələrinə böyüklərdə 59, uşaqlarda 72 faiz rast
gəlinir ki, bunun da əksəriyyətini çox ağır dəlib keçən
yaralanmalar təşkil edir. Əgər, həmin şəxslər vaxtında düzgün
müalicə almazlarsa, bu, əlilliklə nəticələnir”.

Akademiyanın müxbir üzvü deyib ki, ötən il mərkəzə 33 min 639
nəfər müraciət edib. Onlardan 13 mini birincili, 21 minə yaxını isə
ikincili xəstələrdən ibarət olub. Professor vaxtından əvvəl
doğulmuş körpələrdə prematorial retinopatiya müayinəsinin
aparılmasının çox önəmli olduğunu vurğulayıb. Bir neçə tibb
ocaqları ilə bağlanmış müqaviləyə əsasən 402 uşaq müalicə olunub,
147-si isə ikincili müalicə alıblar.

Mərkəzin direktoru səyyar klinikaların fəaliyyətinə toxunaraq
deyib ki, belə klinikalarda 36 min 645 nəfərə baxış keçirilib, 6
minə yaxın cərrahi əməliyyat icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp