Akademik Ziyad Səmədzadə: “Çində gördüklərim məni heyrətə saldı”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Publika.az Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ilə
müsahibəni təqdim edir:

– Ziyad müəllim, ümumiyyətlə, son illər Azərbaycanda
aqrar sektorun dayanıqlı və davamlı inkişafı üçün bir çox layihələr
həyata keçirilir. Kənd əməkçilərinə dəstək məqsədilə iqtisadi
mexanizmlərdən istifadə edilir. Bununla belə, hələ də həllini
gözləyən problemlər var. Sizcə, bu nə ilə əlaqəlidir?

– Azərbaycan dövlətinin kənd təsərrüfatına dəstəyi çox düzgün
iqtisadi siyasətin nəticəsidir. Bu siyasət Azərbaycan kəndinin
sosial-iqtisadi inkişafını daha sürətli etmək, dövlətin iqtisadi
qüdrətinin artırılmasında onun rolunun bundan sonra da artmasını
təmin etmək məqsədi daşıyır. Ulu öndər Heydər Əliyev Azərbaycanda
çox unikal bir aqrar siyasət yeritmişdi. SSRİ dağıldıqdan sonra
ölkədə ağır iqtisadi böhran hökm sürürdü, ərzaq məhsullarının
istehsalı, kəndlinin torpağa bağlılığı xeyli dərəcədə azalmışdı. Bu
da təbii ki, insanlara mənfi təsir göstərirdi. Ona görə də,
kəndlini torpağa bağlayacaq güclü və düzgün islahatların aparılması
yeganə çıxış yolu idi. Məhz buna görə aparılan islahatlar sayəsində
tarixdə ilk dəfə olaraq əhaliyə pulsuz torpaq paylanıldı. Aqrar
sektorda görülən işlər son dərəcə sürətləndirildi və kəndlərdə
həyat səviyyəsinin yüksəldilməsi üçün ciddi addımlar atıldı. Bu
tədbirlərdən biri də kənd təsərrüfatına ayrılan subsidiyalardı. Biz
dünya ölkələrini təhlil edirik, bütün sahələrdə müqayisələr
aparırıq. Əminliklə bunu deyə bilərik ki, bu gün ölkəmizdə aparılan
aqrar islahatlar dövrün ən məsuliyyətli və uğurlu istiqamətlərindən
biridir. Mən Çin iqtisadiyyatı ilə yaxından tanış olmuşam. Müasir
dövrdə urbanizasiya məsələləri hər yerdə qalmaqdadır. Hələ 70-ci
illərdə yazdığım kitablarda mən bu məsələləri geniş şərh etmişəm.
Ölkələr iqtisadi cəhətdən inkişaf etdikcə, urbanizasiya məsələləri
də sürətlənir. Çin kimi nəhəng ölkədə də, ən kiçik ölkələrdə də
məskunlaşma, kənddən şəhərə axın problemləri yaranır. Azərbaycan
əhalisinin 7% Abşeronun payına düşür. Çünki burada əlverişli
imkanlar var. Son illərdə görülən işlər bütün bunları sübut edir.
Regionların inkişafına dair proqram əsasında aqrar sektorun bütün
sahələrində canlanma var. Amma əvvəlki illərlə müqayisədə artıq
kəndlərdən şəhərlərə axın edən əhalinin sayında da ciddi fərq var.
İştirak etdiyim bütün tədbirlərdə hər zaman ilk olaraq vurğuladığım
bir fikir var, bizim əsas məqsədimiz, kəndlərdə qaynar həyatı bərpa
etməkdir. 70-ci illərdə Azərbaycan kəndlərində kifayət qədər böyük
uğurlar əldə olunub. Artıq dövlət başçımız tərəfindən ölkədə
ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını prioritet istiqamət
kimi müəyyənləşdirib. Məsələn, pambıqçılıq. Son illərdə
pambıqçılığın inkişafında əldə olunan nailiyyətlər kifayət qədər
sevindiricidir. Bu sahədə məhsuldarlığın daha da artırılması üçün
gələcək hədəflər də müəyyənləşdirilib. Pambıq becərən kəndlilərin
maddi maraqlarının artırılması istiqamətində də motivasiya
xarakterli dəstəklər verilir, əlavə tədbirlər görülür.
İxtisaslaşmaya diqqət artırılır, yanacaqlarla, gübrələrlə əlaqədar
olaraq verilən subsidiyalar, heç şübhəsiz ki, kəndlinin
əməksevərliyini artırır və ona maddi stimul verir. Digər ənənəvi
sahələrimizdən biri tərəvəzçilikdir. Bu istiqamətdə də çoxsaylı
tədbirlər görülüb, istixanalar tikilib. Bu istixanalarda becərilən
məhsullarımız artıq dünya bazarına çıxır. Cənab prezidentimiz
regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan
konfransda çıxışı zamanı da bu barədə kifayət qədər geniş məlumat
verib. Bu sahələrə çayçılıq, tütünçülük və s. əlavə etmək olar. Mən
gənc yaşlarımda taxıl sahələrini, pambıq tarlalarını, çay, üzüm
bağlarını gəzmişəm və Azərbaycanda bu sahənin ilkin mərhələləri
haqqında arxiv sənədləri əsasında geniş yazılar yazmışam. Lakin
təəssüf ki, müstəqilliyimizin ilk illərində bir çox müəssisələr,
zavodlar dağıdılırdı, minlərlə avadanlıqlar maşın və mexanizimləri
xaricə satılırdı. Bunun da nəticəsində əhalinin əksər hissəsi
yoxsullaşdı, işsiz qaldı. Həmin illərdə iqtisadiyyatdan başı
çıxmayan, qeyri-peşəkar şəxslərin səriştəsizliyi ucbatından kənd
təsərrüfatında ağır vəziyyət yaranmışdı. Ulu Öndərin hakimiyyətə
qayıdışı, sistemli tədbirlər görməsi nəticəsində istehsalın
sabitləşməsi, yeni iqtisadi sistemin yaradılması təmin edildi.
Ölkənin iqtisadi inkişaf strategiyasının məqsəd və vəzifələri
müəyyənləşdirildi. Cəmiyyətdə, insanlarda gələcək barədə düşünməyə
inam yarandı. Hazırda rəhbər sahələrdə daha peşəkar mütəxəssislər
çalışır. Mövcud problemlər bir-bir aradan qaldırılır. Yarana
biləcək hər hansı problemləri aradan qaldırmaq üçün isə öncədən
tədbirlər görülür. Bu gün ölkədə çoxsaylı quşçuluq fabrikləri,
böyük hektarlara malik olan taxıl plantasiyaları var. Həmçinin
kəndlilərin işini asanlaşdırmaq məqsədilə zəruri texnika və suvarma
sistemlərindən səmərəli istifadə edilir. Qeyri-neft sektorunun
üstün inkişafı, regional, sosial, məşğulluq, təhsillə bağlı
proqramların həyata keçirilməsi və mühüm işlərdə dövlət-özəl sektor
əməkdaşlığı və s. onu göstərir ki, dövlət kənd təsərrüfatı
sahələrinin inkişafına maddi, mənəvi dəstək verir”.

– “Vergilər, şəffadlıq, inkişaf” konfransında çıxışınız
zamanı belə bir fikir səsləndirdiniz ki, Azərbaycanda əhalinin
35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni
vergidən azad etmişik. İstərdim bu fikrinizi bir az izah
edəsiniz.

– Mən çox təəssüf edirəm ki, bizim peşəkar jurnalistlərimizlə
yanaşı, hələ də peşəkarlıqdan uzaq, səriştəsiz, elementar iqtisadi
terminləri bilməyən qələm sahibləri özlərini “jurnalist”
adlandırırlar. Hiss olunur ki, onlar problemin nə olduğunu dərk
etmədən, səsləndirilən fikirlərin hansı istiqamətdə olduğunu
bilmədən fikirləri təhrif edirlər. Son 15 ildə yazdığım əsərlərdə,
kitablarda, iştirak etdiyim çoxsaylı beynəlxalq konfranslarda
birmənalı şəkildə bəyan etmişəm ki, Azərbaycan dünyada nadir
ölkələrdən sayılır ki, artıq 21 ildir düşünülmüş, çox səmərəli
iqtisadi siyasət aparır. Azərbaycan dövlətinin apardığı iqtisadi
siyasətin tərkib hissələrindən biri də məhz aqrar sektorda aparılan
işlərdir. Siz bilirsiz ki, Azərbaycan dövləti kənd əməkçilərini
torpaq vergisi istisna olmaqla digər bütün vergilərdən azad edib.
Bu, kifayət qədər böyük və ciddi məsələ olub, dövlətin aqrar
sektora dəstəyinin bariz nümunələrindən biridir. Bu layihəni isə
Milli Məclisdə ilk dəfə mən təqdim etmişəm. Ona görə də, bu
istiqamətdə söylədiyim fikirlərin təhrif edilməsi məndə çox böyük
məyusluq doğurur. Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm
rol oynayan aqrar sektorun inkişafı ilə bağlı görülən tədbirlərə bu
qədər məsuliyyətsiz yanaşmaq düzgün deyil. Azərbaycanda fermerlərə
dövlət tərəfindən subsidiyalar və güzəştli kreditlər verilir,
irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar
da kənd təsərrüfatının sürətli inkişafını təmin etməyə və
Azərbaycanın ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlib.
Bu tədbirlərdən biri də uzun illər tətbiq edilən və bundan sonra da
tətbiq ediləcək kənd təsərrüfatının vergilərdən (torpaq vergisi
istisna olmaqla) azad edilməsidir. Mən bu fikirləri ilk dəfə
səsləndirmirəm, amma çox təəssüf olsun ki, fikirlərimi bilərəkdən
təhrif ediblər. Həmin şəxslərə deyirəm ki, siz düz yolda
deyilsiniz, insanları çaşdırmağa çalışmayın, dövlətimizin aqrar
siyasəti, vətən torpağımızın çiçəklənməsi üçün gördüyümüz işlər
ildən-ilə daha böyük uğurlarla nəticələnəcəkdir.

– Ziyad müəllim, cari ilin büdcəsi, onun əsas
parametrləri, daxili investisiyaların artımı, onlardan istifadə
priorotetləri barədə nə deyə bilərisiniz?

– Artıq bir neçə ildir ki, qlobal risklərdən, onun ölkənin milli
iqtisadiyyatına göstərəcəyi təsirdən, eləcə də bunlara qarşı
öncədən görüləcək tədbirlər haqqında geniş müzakirələr aparırıq.
Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət bir çox qlobal
risklərin təsirlərini xeyli azaldıb. Buna ən gözəl sübut bir sıra
dünya ölkələrinin qlobal böhranla mübarizə apardığı bir zamanda
ölkəmizin sürətli inkişaf mərhələrinə keçməsidir. 2018-ci ildə
davamlı inkişaf, sosial tərəqqi meyillərini gücləndirməyə əsas
yaradan dövlət büdcəsi formalaşdırılıb. Birinci növbədə, dövlət
büdcəsinin gəlirləri ötən ilə nisbətən 20 faiz, 2016-cı illə
müqayisədə isə 15 faiz çoxdur. Bunlar olduqca yaxşı nəticədir. Bu
siyasət davamlı, həm də uzunmüddətli keyfiyyətli inkişaf
məqsədlərinə xidmət edəcək. Ölkədə müxtəlif fiskal risklər daim
nəzərə alınır və müvafiq maliyyə ehtiyatları toplanır. Əsaslı
xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu
(investisiya) xərcləri 62,5 faiz təşkil edəcək ki, bu da bir sıra
strateji layihələrin vaxtında icrası üçün çox vacib nüanslardan
biridir. Ümumilikdə gələn il əsas kapitala investisiya qoyuluşları
15,9 milyard manat, xarici investisiyaların 7,7 milyard manat,
daxili investisiyaların 8,2 milyard manat olacağı
proqnozlaşdırılır. Qeyri-neft sektoruna isə 9,5 milyard manat
investisiya yatırılacağı gözlənilir. Dövlət davamlı iqtisadi
inkişafa nail olmaq üçün qanunvericilik bazasını da təkmilləşdirir.
Xüsusən də büdcədən regionların sosial-iqtisadi inkişafına
yönəldilən vəsaitlərin artırılmasına diqqət ayrılır. Ümumiyyətlə,
son illərdə respublikada regionların inkişafı ilə əlaqədar görülən
işlərin miqyası kifayət qədər genişdir. Artıq təsərrüfatların,
şirkətlərin istehsal etdikləri məhsulların daxili tələbatla yanaşı,
ixraca da yönəldilməsinin şahidi oluruq, yeni assosiasiyalar
yaranır.

– Neftin qiyməti ilə bağlı bir sıra beynəlxalq
təşkilatlar pessimist proqnozlar verir. Xüsusilə ABŞ-ın Rusiaya
qarşı yeni sanksiyalar dalğası fonunda bu proqnozlar nə qədər
həqiqəti əks etdirir?

– Bu gün dünyada qlobal risklər artdıqca, bu tendensiyalar da
davam edəcək. Neftin qiymətinin ucuzlaşması qeyri-neft sektorunun
inkişafını sürətləndirdi, təkan verdi. Yeni biznes reallıqlarını
ortaya qoydu. Bu gün neft qiymətləri ilə bağlı beynəlxalq
təşkilatlar müxtəlf proqnozlar verə bilər, lakin əmin olun ki, hələ
uzun müddət neft dünya iqtisadiyyatında öz liderliyini qoruyub
saxlayacaq.

Xarici borclanma prosesinə də qeyri-professionallıqla yanaşanlar
var. Onu da qeyd edim ki, dövlət başçısının tapşırığı ilə hazırda
dövlətin borclanma strategiyası hazırlanır, xaricdən cəlb edilən
vəsaitlərdən məqsədəuyğun formada istifadə edilməsi ön plana
çəkilir, nəzarət sisteminin təkmilləşməsi istiqamətində tədbirlər
görülür.

Azərbaycan enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibi
olaraq mövqeyini qoruyub saxlayacaq. Ən əsası yeni müqavilədən
sonra Azərbaycana gələcək gəlirlər ölkəmizin inkişafına böyük
töhfələr verəcək. Bəzən deyirlər “Lənətlənmiş neft dollarları”,
“Holland sindromu” Azərbaycan iqtisadiyyatına zərbə vurdu və s. Bu
fikirləri yalnız qeyri-peşəkar şəxslər, ölkənin tarixi inkişaf
xüsusiyyətlərini, reallığı obyektiv qiymətləndirməyənlər
söyləyirlər. Neft olmasaydı, müstəqilliyimiz, dövlətimizin dünyanı
heyran edən uğurları olmayacaqdı. Ona görə də bu məsələlərə
barmaqarası yanaşmaq olmaz. Bu yaxınlarda dövlətimiz Azərbaycanda 2
milyard ton neftin çıxarılmasını böyük bayrma kimi qeyd etdi. SSRİ
dağılana qədər Azərbaycanın 10 min ton nefti sərbəst satmağa imkanı
yox idi. Bu gün ölkəmiz müstəqildir, öz sərvətlərinin sahibidir və
ona görə də milli maraqlarımıza cavab verən siyasət yürüdülür.
Dövlət büdcəsinin formalaşdırılmasında 1 barrel neftin qiymətinin
nə qədər olması həmişə maraq doğurur, geniş müzakirələrə səbəb
olur. Hökumət 2018-ci ilin dövlət büdcəsində 1 barrel neftin
qiymətinin 45 dollar olmasını məqbul sayıb. Hesab edirik ki, bu
rəqəm gözlənilməyən risklərin nəzərə alındığı göstəricidir.
Əlbəttə, bu rəqəmi artırmaq və ya azaltmaq olar. İlk növbədə rəqəm
artırılarsa, hökumət daha çox risklərə məruz qalar. İkinci halda
isə iqtisadi, sosial inkişafdan geri qalıb, mühüm layihələrin
reallaşdırılmasında ciddi çətinliklər yaşayardıq. Bir daha qeyd
edim, hökumət belə hesab edir ki, 2018-ci il üçün neftin barrelinin
45 dollar müəyyən edilməsi qarşıya qoyulan hədəflərə nail olmağa
rahat imkan verəcək.

– Ziyad müəllim, hazırda dünyanı narahat edən
problemlərdən biri də maliyyə böhranıdır. Yaxın gələcəkdə manatın
yenidən sürətlə bahalaşması və ya ucuzlaşması gözləniləndirmi?
Devalvasiya ehtimalı nə qədər realdır?

– Ümumiyyətlə, devalvasiyanın bir sıra qaçılmaz səbəbləri oldu.
Neftin dünya bazarında qiymətinin sürətlə aşağı düşməsi bizim büdcə
gəlirlərimizi azaltdı və bir sıra ciddi çətinliklərin yaranmasına
səbəb oldu. Ancaq bu gün manatın sabitliyinin qorunması
istiqamətində bir sıra addımlar atılır. Milli valyutanın
dönərliyinin qorunub saxlanılması hər bir ölkənin iqtisadi inkişafı
və təhlükəsizliyi üçün vacib olan əsas amillərdən biridir. Ona görə
də, dövlət başçısının bilavasitə təşəbbüsü ilə bu istiqamətdə çox
böyük işlər görülür ki, bu da öz uğurlu nəticəsini verir. Bu
yaxınlarda Mərkəzi Bankın bu mövzu ilə əlaqədar açıqlamasını müsbət
qiymətləndirirəm. Eyni zamanda, Vergilər Nazirliyi tərəfindən
keçirilən konfransda da çıxışımda qeyd etdim ki, biz çalışmalıyıq
ki, ölkə daxilində pul qıtlığı olmasın, iqtisadiyyat canlansın. Biz
həmişə inflyasiyanın, iqtisadi inkişafın dinamikasını, dövriyyədə
olan pul kütləsinin ÜDM-ə nisbətinin sistemli təhlilini
aparmalıyıq. Manatın yenidən devalvasiyası həqiqətlərə yaxın deyil.
Hazırda milli valyutamızın dəyəri stabil olaraq qalıb. Təbii ki,
onun dəyərini hər hansı bir sıçrayışla yüksəltmək də mümkün deyil.
Lakin hər halda devalvasiya olub, ondan sonra stabilliyin qorunması
və təkrar bu problemin yaşanmaması üçün biz idxal-ixrac strukturunu
təkmilləşdirməli, tədiyyə balansında müsbət meyilləri nəinki
qoruyub saxlamalı, həm də onları gücləndirməliyik. Sahibkarların
maliyyə resurslarına çıxışını yaxşılaşdırmalıyıq, onlara
regionlarda qeyri-neft sektorunda gördükləri işlərin
canlandırılması üçün dəstək verməliyik.

– Dünyada 3500-dən çox azad iqtisadi zona var ki,
bunlardan yalnız 150-si aktiv şəkildə istifadə edilir. Mən sizin
2001 və 2009-cu illərdə nəşr olunan “Dünya iqtisadiyyatı: Çin
iqtisadi möcüzəsi”, “Çin qlobal dünya iqtisadiyyatında”
kitablarınızla tanışam. Siz bu kitablarda Çinin iqtisadi
yüksəlişində azad iqtisadi zonalar barədə fikirlərinizi
açıqlamısınız. Azərbaycanda da Ələt azad iqtisadi zonası yaradılır.
Bu, bizim ölkənin daxili iqtisadiyyatına nə kimi töhfə
verəcək?

– 90-cı illərin əvvəllərində və sonralar bir neçə dəfə Çində
səfərdə oldum. Orada fəaliyyət göstərən bir neçə azad iqtisadi
zonalarla tanış olmuşam. İnanın ki, mən heyrətə gəldim. Şanxay
şəhərinin kiçik bir bölgəsində Rusiyanın ixrac potensialı qədər
məhsul istehsal olunurdu. Biz qabaqcıl dünya təcrübəsindən istifadə
etməliyik. Ona görə də Azərbaycan dövlətinin başçısının Ələt
iqtisadi zonasının yaradılması barədə sərəncamı tarixi bir aktdır.
Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, zonanın fəaliyyət
başlaması Azərbaycan xalqı, ölkə iqtisadiyyatı üçün çox böyük
inkişaf amilidir. Ona görə ki, Azərbaycan bilavasitə qədim İpək
Yolunun üzərində yerləşir. Qədim İpək Yolunun sistemli inkişafı
üçün çoxsaylı işlər görülür. Azərbaycanda “Bakı-Tbilsi-Qars” dəmir
yolu istifadəyə verildi. Bunun sayəsində iki qitə – Asiya və Avropa
birləşdi. Bu yolun daha da təkmilləşdirilməsi üçün nə qədər böyük
işlər görülür. Amma xarici investorlar da onu düşünür ki, ölkədə
sərmayəni elə bir işə qoysun ki, oradan müəyyən etdiyi miqdarda
mənfəət götürə bilsin. Marksın bir sözü var: “Kapital o yerə axır
ki, orada mənfəət var”. Mənfəət götürmək üçün isə əlverişli mühit,
əlverişli qanunvericilik bazası olmalı, vergilərdən azad olmalı və
investor üçün hər bir şərait yaradılmalıdır. Ələt azad iqtisadi
zonası barədə cənab prezidentin sərəncamı və müvafiq komissiyanın
yaradılması, bu komissiyaya rəhbərliyin Valeh Ələsgərov kimi yüksək
səviyyəli, professional mütəxəssisə həvalə olunması artıq öz müsbət
nəticəsini verir. Yaxın vaxtlarda Milli Məclis qanun qəbul etmişdi.
Güman edirəm ki, Ələt iqtisadi zonası haqqında qanun qəbul
ediləcəkdir.

“Əhalisinin sayı Azərbaycan və Gürcüstan əhalisinin birlikdə
sayından xeyli çox olan Şanxay şəhərinin 522 km-lik Pudonq adlanan
ərazisində 1,5 milyon əhali yaşayır. Orada 1997-ci ildə ixrac
olunan məhsulun miqdarı 3,7 milyard dollara çatmışdı. Buraya 60-dan
çox ölkə kapital qoymuşdu. Hazırda dünyada məşhur transmilli
şirkətlərdən 85-i Pudonqun 138 müəssisəsinə investisiya qoymuşdu”.
Ziyad Səmədzadənin 2001-ci ildə nəşr edilən “Çin qlobal dünya
iqtisadiyyatında” kitabından çıxarış.

Könül Cəfərli

Foto: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp