Yol polisləri kanala düşən maşından qadını və uşağını xilas etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yol Patrul xidmətinin əməkdaşları kanala düşən
avtomobildən qadını və azyaşlı uşağı xilas ediblər.

Daxili İşlər Nazirliyindən Publika.aza verilən
məlumata görə, hadisə fevralın 18-də saat 19 radələrində Bakı-Qazax
yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində baş verib.

Yol Patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları
Natiq Hüseynov və Ruslan Həsənov leysan xarakterli yağışlı havada
qarşıdan gələn “Mercedes” markalı avtomobilin idarəetməni itirərək
yoldan çıxaraq qamışlığa tərəf getdiyini və gözdən itdiyini
görüblər. Tez həmin istiqamətə yollanan yol polisi əməkdaşları
həmin maşının su kanalına aşdığını aşkar ediblər.

Suya qərq olmuş və salonu tamamilə su ilə dolmuş maşının
qapısını güclə açaraq oradan qadını və azyaşlı uşağı xilas edə
biliblər. Uşaq boğulmuş vəziyyətdə olduğundan onu bu vəziyyətdən
xilas edərək, çətinliklə həyata qaytarıblar. Təəssüf ki, bütün
cəhdlərə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Qadın və uşağı yolun kənarına çıxaran yol polisi əməkdaşları
əyinlərindəki paltarlarla onları bükərək yoldan keçən maşınla
təcili Ağdaş rayon Mərkəzi Xəstəxanasına yola salıblar.

Dövlət Yol Polisi İdarəsinin 8-ci taqımının komandiri, polis
mayoru Etibar İbrahimov bildirib ki, yol polisi əməkdaşları
hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən
xəbər tutanda çox gecikərdik və onları xilas etmək mümkün
olmazdı.

Avtomobil Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri
tərəfindən avtokran vasitəsi ilə kanaldan çıxarılıb. Orada sıxılmış
vəziyyətdə qalmış sürücü – Oruc Hümmətzadənin cəsədi xilasedicilər
tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp