Rus TV-lərində dünyanı mat qoyan azərbaycanlı – İnsanı “sms”lə də hipnoz edir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Son günlər bütün Rusiya ondan danışır. Ölkənin birinci
kanalında hər həftə efirə gedən “Ulduzlar hipnoz altında” (Звезды
под гипнозом ) verilişinə gələn bütün məşhurları öz təsirinə salıb,
onlara hər istədiyini etdirir. Verilişin digər aparıcı Maksim
Qalkinsə onun bacarığı qarşısında heyrətini gizlətmir. Hətta bir
həftə öncə Rusiyanın ən reytinqli “Veçerniy Urqant” (Вечерний
Ургант) şousunun qonağı olub, insanları öz sehrinə salmağı bacardı.
Həmsöhbətim əslən azərbaycanlı ekstrasens, hipnoloq-mentalist İsa
Bağırovdur.

İsa aparıcısı olduğu şounun qaydalarına görə, nadir
hallarda müsahibə verir. Lakin sağ olsun ki, sözümüzü yerə
salmayıb, bizim üçün istisnaya razılaşdı.

Картинки по запросу ИСА БАГИРОВ ЗВЕЗДЫ ПОД ГИПНОЗОМ

– İsa, etiraf edirəm, sizin şouya baxıb, şoka düşdüm.
İnsanları təsir altına salıb, hər istədiyini etdirmək bu qədərmi
asandır?

– Öncə, gəlin, sizə hipnoz haqda məlumat verim. Çoxları düşünür
ki, hipnoz yuxudur. Lakin belə deyil. Bu yuxu ilə gerçəklik
arasında olan bir məqamdır. Həmin məqamda insan beynindəki etiraz,
tənqid kimi hisslər neytral olur. Odur ki, qarşınızdakı hər
istədiyinizi edə bilir. Məsələn, mən sizə bu məqamda desəm ki,
sənin adın yoxdur, buna inanacaqsınız. Yaxud, çox kədərli bir filmə
baxdığınıza inandırsam, şübhəsiz, oturub hıçqırıqla ağlayacaqsınız.
Hipnoloq bir neçə saniyə ərzində insanı hipnoz halına çatdırmağı
bacarmalıdır.

– Maraqlısı odur ki, ölkənin ən məşhur ulduzları sizin
şouda iştirak etməyə can atırlar. Sonra isə öz qeyri-iradi
hərəkətlərinə baxıb, əylənirlər. Bəs tamaşaçılar bu möcüzəni necə
qəbul edir?

– Bilirsiniz, keçmiş Sovet ölkələrində, o cümlədən Rusiya və
Azərbaycanda hipnotika elmi ciddi qəbul edilmir və daim tənqidə
məruz qalır. Çünki bu ölkələr hələ ki, Avropa qədər inkişaf
etməyib. Məsələn, Fransada hipnoloq həkim, müəllim kimi adi peşə
sayılır. Bizdə isə vəziyyət bir az qəlizdir. Rusiyada da mənə qarşı
bir neçə tamaşaçı ordusu yaranıb. Bəziləri etdiklərimə çox ciddi
yanaşır, digərləri dələduzluqda ittiham edir. Lakin bu reaksiyalara
tam normal yanaşıram.

– İsa, deyirlər, hipnoz terapiyadır və bir çox
xəstəlikləri müalicə etmək gücünə malikdir.

– Bir sıra xəstəliklərin kökündə psixoloji sarsıntı dayanır və
bu sirr deyil. Bu baxımdan təbii ki, hipnoz altında insanların
psixoloji gərginliklərini, fobiyalarını aradan götürmək mümkündür.
Onları narahat edən, yaşamağa mane olan blokları qırmaq üçün hipnoz
əvəzsiz terapiyadır. Şəxsən mən insanları cəmi bir seansda bütün
emosional və psixoloji gərginlikdən xilas edirəm. Məsələn,
bəzilərinin təyyarədə uçmağa, digərlərinin adi həşəratlara qarşı
fobiyası olur. Bütün bu qorxular hipnoz halında aradan
qaldırılır.

– Bəs hipnoz halında unudulmuş keçmiş xatirələri
xatırlamaq mümkündür? Yaxud, gizli istedadımızı üzə çıxarda
bilərik?

– Hipnozda mümkün olmayan heç nə yoxdur. Bəzən 60-70 yaşlı insan
körpəliyini xatırlaya bilər. Bəzən də qarşımızdakını iki il əvvələ
qaytara bilərik. Hətta hipnozdan sonra rəssamlıq, yaxud hansısa
alətdə ifa etmək bacarığı özünü biruzə verə bilər. Bu dəfələrlə
rastlaşdığım bir şeydir.

Похожее изображение

– İsa, bioqrafiyanızı oxuyanda bir az təəccübləndim,
birinci peşəniz beynəlxalq hüquqdur. Bəs bu sahələr arasında nə
kimi bənzərlik var?

– Ümumiyyətlə, bəşəriyyətin özülünü nə təşkil edir? İnsanların
qarşılıqlı münasibəti. İstənilən sahədə əsas faktor qarşındakı
insanla ünsiyyət, onu özünə ram edib, andırmaq bacarığıdır. Bu
baxımdan nəinki hüquq və psixologiya, bütün sahələr bir-biri ilə
sıx əlaqədədir. Həmçinin bildiyiniz kimi mentalistəm. Mentologiya
insanların fikirlərini oxumaq bacarığıdır. Bu özəlliklərə sahib
olan insan istənilən sahədə uğur qazana bilər.

– Madam ki, mentalizm sahəsinə toxundunuz, gəlin bu
haqda da danışaq.

– Mentalizmin tarixi qədim Yunanıstana və Romaya gedib çıxır.
Tarix boy sehirbazlar, falçılar, peyğəmbərlər insanları öz
qeyri-adı bacarıqları ilə heyrətləndiriblər. Lakin bu sahə XIX
əsrdən etibarən incəsənətin bir növü kimi daha geniş yayılmağa
başladı. Çünki bu dövrdə insan mənəviyyatı daha geniş araşdırılmağa
başlandı. Mentalizm qarşınızdakı insanla şifahi ünsiyyət qurmadan
onun fikrindən keçənləri oxumaq bacarığıdır. Çox vaxt insanlara nə
düşündüklərini dəqiqliyi ilə deyəndə şoka düşürlər. Çünki
metalistlər, belə deyək, başqa dünyanın insanlarıdır. Onlar adi
insanlar üçün qaranlıq olan məqamları aydın görürlər.

– Maraqlıdır mən mentalist ola bilərəm?

– Bütün insanların şüuru eyni quruluşa malikdir. Bəzilərinin bu
sahəyə doğuşdan bacarıqları olur. Öz üzərinizdə kifayət qədər
çalışıb, gərəkli metodikanı mənimsəyə bilsəniz, təbii ki,
mümkündür. Axı insan istəsə, hər şeyin öhdəsindən gələ bilər.

Картинки по запросу ИСА БАГИРОВ ЗВЕЗДЫ ПОД ГИПНОЗОМ

– İsa, nəzərə alsaq ki, sizinlə heç vaxt görüşməmişik,
məni hipnoz edə bilərsiniz?

– Ümumiyyətlə, hipnoza qarşılıq verməyən insan yoxdur. Hər kəsi
müxəlif üsullarla bu məqama çatdırmaq mümkündür. Sadəcə ola bisin
ki, 10 üsulun yalnız ikisi sizin şüurunuza daha tez təsir etsin.
Bir də var, çox tez ram olan insanlar. Onları nəinki telefon
danışığı ilə sadə bir ismarışla da hipnoz etmək mümkündür.

– Yaxşı ki, bu mövzuya da toxunduq. Hər gün dünya
sakinləri fərdi, yaxud kütləvi şəkildə müxtəlif hipnotik təsirə
məruz qalırlar. Bəs siz bir mütəxəssis olaraq, bu duruma düşə
bilərsinizmi?

– Həyatımızın demək olar ki, əksər anlarında hipnotik təsirə
məruz qalırıq. İstər küçədə bizdən pul istəyən qaraçılar olsun,
istər çox məşhur brendlərin reklamları, istərsə də marketoloqların
şüurumuza təsir edən mühazirələri. Bundan qaçmaq mümkün deyil. Özü
də bu yenilik deyil, qədim dövrlərdən mövcuddur. Sadəcə insan
peşəkar olanda, beynindəki bəzi fazaları bloklamağı bacarır ki,
qarşısındakına ram olmasın.

– Bakıda doğulub, böyümüsünüz. Həmçinin Rusiyanın məşhur
ekstrasensi Qalina Bağırovanın oğlusunuz. Ananızı özünüzə ustad
sayırsınız?

– 1983-cü ildə Bakıda anadan olmuşam. Öncə də qeyd etdiyimiz
kimi, birinci təhsilim beynəlxaq hüquq sahəsi üzrədir. İkinci ali
təhsilimi isə Bakı Slvayan Universitetində psixologiya üzrə
almışam. 2000-ci ildən Rusiyada yaşayıram, əsasən İsraildə
çalışıram. İnsanları qorxularından, psixoloji sarsıntıdan qurtarmaq
üçün hipnoz terapiyaları keçirirəm. Bu günədək bir çox televiziya
şoularının iştirakçısı olmuşam. Anam Qalina Bağırova TNT kanalında
yayımlanan “Ekstrasesnlərin döyüşü”( Битва экстрасенсов) mistik
layihəsinin səkkizinci mövsümünün qalibidir. Onun anasının da
qeyri-adi bacarığı olub. Lakin mən Qalina xanıma sadəcə anam kimi
yanaşıram.

– Barmağınızdakı kəllə sümüyü təsvir edilmiş üzüyün
bilmədiyimiz müəmmalı yönləri varmı?

– Kəllə sümüyü əbədiyyətin, ölməzliyin rəmzidir. Başqa möcüzə
axtarmayın.

– Heç bəyəndiyiniz xanımları özünüzə aşiq etmək üçün
fantastik bacarığınızı işə salmısınız?

– Heç vaxt.

– Sonda mənə maraqlı nə deyə bilərsiniz?

– Bilirsiniz, hipnoz o qədər dərin anlayışdır ki, bu proses
zamanı beynimizdə gedən biokimyəvi reaksiyaların açmasını elm izah
edə bilmir. Lakin əsas nəticədir. Nəticəyə baxanda isə görürük ki,
insan hipnoz altında ən ağılagəlməz hərəkətləri icra edir. Hətta ən
dəhşətli fobiya olan insanlardan, cəmiyyətdən qaçıb, özünə qapanma
xarakteristikası verdiyimiz psixoloji pozğunluq hipnozla müalicə
olunur. Nə qədər fantastik görünsə də, hipnoz bütöv elmdir.

– İsa, tezliklə sizi Bakıda gözləyirəm. Əmin olun,
hipnoz edəcəyiniz ilk insan mən olmaq istəyəcəm.

– Yaxın gələcəkdə Bakıda görüşmək ümidi ilə. Sağ olun.

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp