I sinfə elektron sənəd qəbulu bu tarixdə başlanacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2018-2019-cu tədris ili üçün I sinfə elektron sənəd
qəbulunun aparılacağı tarixlər açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr
sektorundan verilən məlumata görə, Bakı şəhəri üzrə I sinfə qəbul
fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə
martın 12-də başlayacaq. Elektron sənəd qəbulu sentyabrın 15-dək
davam edəcək.

Yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul ərazi
prinsipi əsasında aparılır. Bu isə paytaxtın təxminən 15 faiz
məktəbini əhatə edir. Abşeron rayonu, Sumqayıt və Gəncə
şəhərlərində I sinfə qəbul prosesində ərazi prinsipi tətbiq
olunmur.

2018-2019-cu tədris ili üzrə Bakı şəhəri üzrə I sinfə 50 000-dən
çox uşağın qəbulu gözlənilir.

Qeyd edək ki, 2015-2016-cı tədris ilindən Bakı şəhərində dövlət
ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa
tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu
elektron sistem vasitəsilə həyata keçirilir. 2015-2016-cı tədris
ilində paytaxtdakı dövlət ümumi təhsil məktəbləri üzrə I sinfə 46
578 uşaq qəbul olunub. Onlardan 43 883 nəfəri ümumi təhsil
məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib.

2016-2017-ci tədris ili üzrə paytaxtda I sinfə 47 619 uşaq qəbul
olub. Onlardan 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659
nəfəri isə lisey və gimnaziyalara sənəd verib.

• 2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil
məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və
gimnaziyaların I sinfinə elektron sistem vasitəsilə qəbul prosesi
çərçivəsində 49 342 uşaq qeydiyyatdan keçib. Onların 46 694 nəfəri
ümumi təhsil məktəblərinə, 2 648 nəfəri isə lisey və gimnaziyalara
qəbul olub. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp