Azərbaycanda maaş alacaq din xadimlərinin sayı açıqlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Ölkə üzrə Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi
1000-dən artıq din xadimi maaş alacaq”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində
yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, din xadimlərinin maaşlarında fərq olacaq:
“Bölgü imam, naibi-imam və mütəvəllilər (vəqfi idarə edən şəxs)
arasında aparılacaq. Həmin din xadimlərinin işləri dəyərləndikdən
sonra onlara müavinət veriləcək”.

Təkliflərin sənəd şəklində hazırlanaraq Maliyyə Nazirliyinə
təqdim olunduğunu deyən M.İsmayılov qeyd edib ki, din xadimlərinin
maaşları kart vasitəsilə veriləcək: “Sənədlər iki həftəyə yaxındır
ki, Nazirliyə göndərilib. Güman edirəm ki, yaxın günlərdə yekun
qərar məlum olacaq”.

Fondun icraçı direktoru vurğulayıb ki, maaş alan din
xadimlərinin işlərinə nəzarət ediləcək: “Təbii ki, işə gəlməyən din
xadimlərinin maaşı kəsiləcək. Məqsəd məscidlərin nəzarətsiz
qalmamasıdır”.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham
Əliyevin keçən ilin oktyabr ayının 10-da imzaladığı fərmanla ölkədə
mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin
qorunmasını və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin
gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp