Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dilində



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bişkekdəki “Turar” nəşriyyatında Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun
“Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap
olunub.

Kitabı qırğız dilinə Bekten Dıykanbay tərcümə edib. Dünyanın
müxtəlif dillərində nəşr edilmiş kitabda son iki əsrdə
azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü
şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və
təcavüzkarlıq siyasəti təhlil olunur. Nəşrdə XX əsrin 80-ci
illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana
qarşı əsassız ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən
1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və
soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. Xüsusilə XX
əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı
bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır
cinayətlərdən biri kimi səciyyələndirilir.

Müəllif 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri
tərəfindən Xocalı şəhərinin işğalı zamanı həyata keçirilən
cinayətləri, xüsusilə dinc əhaliyə qarşı törədilən vandalizm
aktlarını xarici mənbələrə əsasən geniş təhlil edir. Xocalı
soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymətin
verilməsi istiqamətində görülən işlər, eləcə də Xocalı faciəsinin
beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş
tədqiq olunur. Kitabda Xocalı soyqırımının tanınması ilə bağlı
qəbul edilən sənədlər müxtəlif dillərdə verilib. Kitab xarici
siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, geniş oxucu
auditoriyası üçün nəzərdə tutulub.

“Tarixdə görünməmiş müsibət” adlı “Ön söz”də Azərbaycanın
Qırğızıstandakı səfiri Hidayət Orucov qeyd edir ki, uzun müddət
ictimai-siyasi fəaliyyətlə məşğul olan elmlər doktoru, professor
Əli Həsənov siyasət, geosiyasət və beynəlxalq münasibətlərə həsr
olunan müxtəlif əsərlərin müəllifidir. Bu kitab Dağlıq Qarabağ
münaqişənin ən qanlı soyqırımlarından birinə həsr olunub. Xocalı
soyqırımı XX əsrin digər dəhşətli faciələri – Xatın, Xirosima,
Naqasaki və Sonqmi kimi faciələrlə bir sırada dayanır.

“Ön söz”də deyilir ki, ermənilərin Azərbaycanın tarixi
ərazilərinə qarşı iddiaları hələ 1918-1920-ci illərdən başlayıb,
İrəvan xanlığı və Zəngəzurda yaşayan azərbaycanlılara qarşı
soyqırımları törədilib. Ermənilərin Azərbaycana qarşı ərazi
iddialarının yeni mərhələsi 1988-ci ilin fevral ayından başlayıb.
Onlar Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin Ermənistana
birləşdirilməsi ilə bağlı qeyri-qanuni tələblərlə çıxış edib, bu
tələblər Ermənistan SSRİ-nin rəhbərliyi tərəfindən açıq-aşkar
dəstəklənib. 1988-1989-cu illərdə azərbaycanlılara qarşı törədilən
deportasiya nəticəsində 214 nəfər soydaşımız öldürülüb.

Bildirilir ki, 1992-1993-cü illərdə Dağlıq Qarabağ və ona
bitişik olan yeddi rayon, yəni Azərbaycan ərazisinin 20 faizi işğal
olunub. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və
məcburi köçkün vəziyyətinə düşüb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası cinayətkarları
məsuliyyətə cəlb etmək üçün dünyanın bütün qüvvələrini səfərbər
edir. Qeyd olunur ki, hadisələrdən 26 il keçməsinə baxmayaraq,
Xocalıda soyqırımı törədənlər hələ də məsuliyyətə cəlb
olunmayıblar. Bu cür cəzasızlıq regionda sülhün əldə edilməsi və
ədalətin bərpası üçün ciddi maneədir. Hazırda da Ermənistanın hərbi
qüvvələri atəşkəs rejimini hər gün pozaraq, Azərbaycanın dinc
əhalisini və mülki obyektləri atəşə tutur, bu da insanların ölümünə
səbəb olur.

Kitab müəllifinin əsas məqsədi soyqırımın dəhşətlərini dünya
ictimaiyyətinə çatdırmaq və bütün bəşəriyyəti zorakılığa qarşı
mübarizədə birləşdirərək, cinayət törədənlərin məsuliyyətə cəlb
edilməsidir.

Nəşrin fotoalbom hissəsinə Xocalı soyqırımının dəhşətlərini əks
etdirən fotoşəkillər, Ermənistan tərəfindən işğal edilmiş
ərazilərimizin xəritələri daxil edilib. (azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp