Qalib İsveçrəyə göndəriləcək – Məktəblilər arasında müsabiqə



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərpoçt” MMC beynəlxalq epistolyar inşa müsabiqəsinə
start verib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyindən Publika.az-a verilən məlumata görə,

Ümumdünya Poçt İttifaqı (ÜPİ) təşkilata üzv ölkələrin poçt
administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında
epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirilir.
Azərbaycanda “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və Təhsil
Nazirliyi ilə birgə təşkil edilir.

Müsabiqəyə biri Ümumdünya Poçt İttifaqı tərəfindən olmaqla 3
mövzu təqdim edilir. Bu il keçiriləcək müsabiqə üçün artıq mövzular
müəyyən olunub.

Belə ki, “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir
məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?”,
“Azərbaycan ordusu: 100 illik inkişaf yolu”, “Azərbaycan Xalq
Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları üzrə inşa
müsabiqəsində respublika məktəbliləri öz bilik və bacarıqlarını
sınayacaqlar.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

1-ci yer – 3 nəfər – hər biri 150 manat (hər bir mövzu üzrə 1
nəfər)

2-ci yer – 6 nəfər – hər biri 100 manat (hər bir mövzu üzrə 2
nəfər)

3-cü yer – 9 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 3
nəfər)

Həvəsləndirici – 12 nəfər – hər biri 50 manat (hər bir mövzu
üzrə 4 nəfər)

Müsabiqəyə təqdim edilən inşa yazıları bu il aprelin 1-dən yerli
rayon Poçt filiallarına, şəhər Poçt filiallarıüzrə
isə “Azərpoçt” MMC-nin mərkəzi filialına – Bakı şəhəri, Üzeyir
Hacıbəyov küçəsi 36, AZ1000 indeks ünvana göndərilməlidir. ÜPİ-nin
təklif etdiyi mövzu üzrə qalib elan edilən inşa yazısı Azərbaycan
Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə,
Bern şəhərinə göndəriləcək.

Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq
inşaların həcmi 1000 sözdən artıq olmamalıdır. Müsabiqənin
şərtlərinə əsasən, ÜPİ-nin üzvü olan hər bir ölkədən yazılar 5 may
tarixindən gec olmayaraq təşkilatın Beynəlxalq Bürosuna
göndərilməlidir. Müsabiqə şərtlərinə görə, toplanan inşalar
YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur. Sonda 3
əsas qalib və 5 laureat müəyyən olunur.

Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi
hədiyyələrlə mükafatlandırılır. Qızıl medalın sahibi olan məktəbli
Beynəlxalq Büronun prizini almaq üçün İsveçrənin Bern şəhərinə
dəvət olunur. Gümüş və bürünc medalların sahiblərinin adları, ən
yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap
olunur. Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli
işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini
laureatların aid olduğu ölkələrə cəlb edir. Mükafatlandırma
mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir.

Xatırladaq ki, “Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp