XİN-dən ABŞ-ın xüsusi xidmət orqanlarının HESABATINA CAVAB
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev ABŞ-ın xüsusi xidmət orqanlarının Dünya üzrə
təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan
münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət
bildirib.
H.Hacıyev Publika.az-a bildirib ki,
Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını
davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid
olaraq qalmaqda davam edir.
O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini hərbi işğal
altında saxlaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərini
davam etdirməsi və ərazilərin ilhaq edilməsinə (anneksiya) cəhd
göstərməsi şəraitində sülhdən danışması açıq riyakarlıq,
məsuliyyətsizlik və qeyri-ciddi yanaşmadır:
“ATƏT Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları
səviyyəsində dəfələrlə bildiriblər ki, mövcud status-kvo
qəbuledilməzdir və qeyri-dayanıqlıdır. İşğala əsaslanan
status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunlarının
Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz
çıxarılması təmin olunmalı və nəticə etibarilə, münaqişənin siyasi
həlli üçün hərbi risk amili aradan qaldırılmalıdır”.